adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Avqust 2022 11:09
574
MƏMLƏKƏT

Erməni niyə bizdən cəsarətli olmalıdır ki?

Bizim informasiya resurslarımızda oxudum ki, İşxan Verdyan adlı bir erməni blogeri Azərbaycan Prezidenti İlham Əliyevə video müraciət edib. Bloger prezidentimizə Xankəndidə yaşamaq niyyətində olduğu üçün ona vətəndaşlıq verilməsini xahişi edib. “Mən Ermənistanın gələcəyini Skandinaviya modeli ilə yaradılmış bir ölkə kimi görürəm və bu arzumdan əl çəkməyə hazır deyiləm. Nədənsə, buna görə bəziləri məni satqın hesab edir, amma nə baş verirsə-versin, xalqımla tam səmimi olmaq istəyirəm. Həmişə demişəm ki, Ermənistana getməyən və Qarabağda qalmayan ermənilər Azərbaycan vətəndaşlığını alıb Azərbaycan cəmiyyətinin bir hissəsinə çevrilməli olacaqlar. Və fikrimi dəyişmirəm… Göstərmək istəyirəm ki, ermənilər Qarabağda təhlükəsiz və hətta gözəl şəkildə yaşaya bilərlər. Bunu nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edirəm: Hörmətli cənab Prezident, Sizdən xahiş edirəm ki, mənə Azərbaycan vətəndaşlığı və Xankəndidə yaşayıb işləməyə icazə verəsiniz”, – deyə İşxan Verdyan bildirib.

Verdyan erməni xalqına müraciətində isə bunları deyib: “Hörmətli xalqım, Ermənistan vətəndaşları! Mən həmişə demişəm ki, Qarabağ Azərbaycandır, bunu beynəlxalq hüquqla əsaslandırmışam. Ermənilərin heç biri mənim bu fikrimi heç vaxt təkzib etməyiblər, heç kim mənimlə bu mövzuda debata girməyib, heç kim qanuni olaraq mənim haqsız olduğumu sübut edə bilməyib”.

Bu müraciətin altında nə oyunlar var deyə bilmərəm. Amma birmənalı olaraq bilirəm ki, hansısa bir oyun var. Ona görə də bu məsələyə toxunmağım oyunla bağlı deyil. Məni bir başqa məsələ düşündürür. Axı niyə bir erməni   bizim prezidentə belə bir  müraciəti edir, amma bizim Xankəndindən qovulmuş vətəndaşlarımız sülhməramlıların rəhbərliyinə belə bir müraciətdə bulunmurlar? Niyə onlar bizdən öncə belə bir təklifi etməlidirlər? Olmazmı ki, Xankəndindən didərgin düşmüş vətəndaşlarımız məramının adı SÜLH olan sülhməramlıların rəhbərliyinə müraciət edə və bildirələr ki, bizə şərait yaradın və təhlükəsizliyimizi təmin edin, biz də gedək şəhərimiz Xankəndində öz ev-eşiyimizdə yaşayaq? Başa düşürəm orada yaşamaq hazırkı dönəmdə təhlükəlidir. Bəs İşxan üçün təhlükəli deyilmi? Demək ki, o burada bir siyasi oyun oynayır. Yaxşı, bunlar oyun oynayırsa, biz niyə oynamayaq? Erməni niyə bizdən cəsarətli olmalıdır ki? Məncə xankəndlilər bu haqda gec də olsa fikirləşməlidirlər.  

O cümlədən. 122 saylı Xankəndi seçki dairəsindən seçilmiş  deputatları Tural Gəncəliyev də !..

Nicat Novruzoğlu