27 Oktyabr 2023 10:47
800
ƏDƏBİYYAT

“Ermənilər mehmanxanaya basqın edib Hüseyn Cavidi...”- Mişkinaz xanımın xatirələri

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında həyat yoldaşı Mişkinaz xanımın xatirələrini silsilə şəkildə oxuculara təqdim etməyə start verib. İlk yazımızı təqdim edirik.

Mişkinaz xanım danışır: 

“Mən Cavidin bacısı Ümmi Səlimə xanımla rəfiqə idim. Həm də qonşu idik. Cavidin bacısı həmişə öz ürəyində deyirmiş ki, Hüseyn gələydi, Mişkinazı ona alaydım. 

O zaman Cavid Bakıda müəllimlik edirmiş. Cavid elə bu vaxt kitablarından bir neçəsini çapa veribmiş. Fikrində tutubmuş ki, kitablar çapdan çıxar, ev-eşik düzəldib sonra da evlənərəm. Sən saydığın qoy dursun, gör fələk nə sayır. Cavid bu fikirdəykən Bakını od-alov içində görür. Mətbəəni yandırırlar...

1918-ci ilin martında olurmuş Təbriz mehmanxanasında. İndiki Sabir bağından bir az aşağı tərəfdə beş-on başıboş erməninin sərəncamı ilə günahsız insanları vəhşicəsinə qırırmışlar. Bu vaxt mehmanxananı mühasirəyə alırlar. 70 nəfərdən ibarət olan sakinlərini əsir edirlər. Əsirləri (O zaman Maylov teatrı idi) indiki opera və balet teatrına aparırlar. 

Cavid özü belə nəql edirdi:

- Ermənilər içəri girəndə mən dəftərlərimi, paltomu və bir düzüm bublikim vardı, onu da götürdüm. Ordakılardan biri:

- Sağ qalmağa ümidin varmı?-dedi.

- Çıxmayan cana ümid çoxdu-dedim.

Yolun hər ayrıcında bizi aparanlar kənara çəkilirdilər və bizi atəşə tuturdular. Bizi aparanlardan biri hər dəfə məni də özü ilə bərabər kənara çəkirdi. Birisi isə qabağa itələyirdi. Elə bu vaxt məni qabağa itələyən adama güllə dəydi. O birisi isə deyirdi: “Gərək bu işi başlayanlar öləydilər”. 

70 nəfərdən 10 nəfər qaldıq, hamısını yolda qırdılar. Heç kəsin yadına yemək düşmürdü. Gətirdiyim bublikləri Seyid Hüseynə verib, “elə et ki, bir-neçə günə çatsın”-dedim. 

Bir həftədən sonra bizi azad etdilər. 

Çıdım. Ev yox, pul yox. Nə edim? Saatımı verdim bir nəfərə dedim ki, “əgər pulunu qaytarsam, verərsən, qaytara bilməsəm, saat sənənin olsun. O pul ilə birtəhər Naxçıvana gəlib çıxdım”.

... Bacısı illər uzunu ürəyində gizli saxladığı arzusunu Cavidə bildirir.     Nə qədər tərifləyir, nə qədər yalvarırsa razı sala bilmir ki, bilmir. Cavid şərt kəsir: -Gərək özüm görəm, görməsəm “hə” deyə bilmərəm. Böyük qardaşının arvadı deyir: “-Mişkinazı çağırım gəlsin bizə, deyim, tikiş maşınıma baxsın. Sən də onu orda görərsən”. Müsahibim olmadığı üçün onlara yaxın get-gəlim yoxdu. Bir gün qardaşı arvadı bizə gəldi. 

Anama:

- Maşınım yaxşı tikmir, olarmı Mişkinaz bizə gedib maşına baxsın?

Getdim. Böyük bir evdi.  Yarı hissəsindən o yana iki dənə böyük sandıq qoyub üstünə yük yığmışdılar. Cavid də oturub yükün arxasında. Məni də üzü yükə tərəf oturtdular. Demə işıq arxa tərəfdən düşdüyü üçün məni yaxşı görə bilmir, ona görə də razılıq vermir. Bir neçə gün götür-qoy edirlər. Axırda qərara gəlirlər ki, məni bu dəfə də bacısıgilə çağırsınlar. 

... İçəri girəndə gördüm ki, samovar qoyub dairəvi oturub çay içirlər. Məni təyin olunmuş yerdə oturtdular. Sən demə Cavid də o biri evdə qapının arxasından baxırmış. Razılıq verir... 1918-ci ildə evləndik...”

Ardı var...

“Hüseyn Cavid haqqında xatirələr” kitabı.
Hazırladı: Vasif Əlihüseyn