Ermənilərin Qarabağda ilk "miatsum" (Ermənistana "birləşmə") mitinqi: Üçüncü deportasiyanın birinci addımı
1828-ci 11 fevralda Azərbaycan xalqını və ərazilərini 2 hissəyə bölən məlum “ Türkmənçay müqaviləsi “ imzalandı. Bəli Ölkə iki imperatorluq arasında bölüşdürüldü: Azərbaycanın şimalı (Şimali Azərbaycan) Rusiyaya, cənubu (Cənubi Azərbaycan) isə Azərbaycan-türk əsilli Qacarlar sülaləsinin idarə etdiyi İran şahlığına qatıldı. Şərqə doğru daha da irəliləmək istəyən Rusiya Cənubi Qafqazda yaşayan xristian əhalisinə arxalanır, müsəlman əhalinin zorla xristianlaşdırılması və kütləvi surətdə Rusiyadan xristian əhalinin Qafqaza köçürülməsi siyasətini həyata keçirirdi.
Xristian əhali adı ilə işğal olunmuş Qarabağın dağlıq bölgələrinə, həmçinin keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə ermənilər köçürüldü. Qərbi Azərbaycanda – keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti” yaradıldı. Bununla, Azərbaycan ərazisində gələcək erməni dövlətinin əsası qoyuldu. Bununla da ermənilərin azərbaycanlılara qarşı yeni ərazi iddiaları üçün şərait yaradılmış oldu. Aradan keçən 200 ilə yaxın bir müddətdə yersiz-yurdsuz ermənilər Azərbaycan torpaqlarının “qanuni” şəkildə özəlləşdirməyi bacardılar və yeni- yeni ərazilər tutmaq iştahasında oldular. Torpağın sahibləri olan azərbaycanlılar Rusiyanın havadarlığı sayəsində ermənilər tərəfindən tarixdə 3 dəfə yurdlarından deportasiya edilib, qətlə yetirilib, işğəncələrə məruz qalıb. 1918-1920, 1948-1953, 1988-1993 illər Azərbaycan tarixinə qara hərflərlə yazılmış deportasiya tarixidir.
Adalet.az xəbər verir ki, bu gün - 12 fevral (1988-ci il) Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) ermənilərin ilk separatçılıq çıxışları başlamasından 34 il keçir. DQMV-nin mərkəzi Stepanakert (Xankəndi) şəhərində vilayət partiya komitəsinin binası qarşısında "miatsum" (Ermənistana "birləşmə") şüarı altında mitinq keçirilib və sonuncu deportasiya tarixinə Qarabağda başlamağın ilk təməli atılıb. Beləki, 1987-ci ilin sonlarından Yerevanda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbləri ilə kütləvi aksiyalar həyata keçirildi. 1987-ci ilin noyabr ayında Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, erməni akademik Abel Aqanbekyan Fransanın “Humanite” qəzetinə verdiyi müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi baxımdan düzgünlüyünü sübut etməyə çalışdı. Bu müsahibə separatizm meyillərinin aşkar büruzə verilməsi üçün siqnal rolunu oynadı.
Həmin ərəfədə artıq DQMV ərazisində separatçı “Krunk” təşkilatı yaradılmışdı və onun üzvləri 1988-ci il yanvar ayının əvvəllərində yardım üçün Moskvaya getmişdilər. Beləliklə, separatçılıq dalğasının başlaması üçün ideoloji-təbliğat işi böyük vüsət alırdı. Artıq 1988-ci ilin yanvar ayınadək Qarabağ münaqişəsinin yeni mərhələsinin startı üçün bütün hazırlıq yekunlaşmışdı. Heydər Əliyevin ittifaq rəhbərliyindən uzaqlaşdırılması ilə mərkəzdə ermənilərin xeyrinə dəyişən balans problemin həllində Moskvanın birbaşa olaraq ermənipərəst mövqe tutacağını şərtləndirmişdi. 12 fevraldan Xankəndidə Ermənistandan xalq deputatları qismində vilayətə gələn emissarların təşkilatçılığı ilə mitinqlər başladı. İlk dəfə olaraq bu mitinqlərdə “saqqallılar” adlanan xüsusi hərbi dəstənin üzvləri də göründü. Rəsmi Bakının isə tərəddüd göstərməsi vəziyyətin daha da gərginləşməsinə şərait yaradırdı.
Elə bu ərəfədə İrəvandan “miatsum” - birləşmək iddiasını hüquqiləşdirmək barədə təlimat gəldi və təşəbbüs vilayətin qanunverici orqanının əlinə keçdi. Fevralın 20-də çağırılan vilayətin Xalq Deputatları Sovetinin fövqəladə iclasında gündəliyə yalnız bir məsələ - DQMV-nin Ermənistana birləşdirilməsi ilə bağlı təklifin müzakirəsi çıxarıldı. Kvorum olmadan keçirilən iclasda Ermənistan SSR Ali Sovetinin deputatları, əsasən isə vilayət yazıçılar ittifaqının sədri V.Akopyanın təzyiqi ilə DQMV-nin Azərbaycan SSR-in tabeliyindən çıxaraq Ermənistan SSR-in tərkibinə daxil olması barədə qərar qəbul edildi. Bu, Azərbaycanın ərazi bütövlüyünə təhlükə və SSRİ Konstitusiyasına zidd olmaqla, həm də ittifaq miqyasında separatizm meyillərinin aydın təcəssümü idi. Qarabağda məhz bu tarixdən sonra sovet rejimin ərköyün erməni balaları tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilən açıq vəhşiliklərin başlanğıcı qoyuldu.
Əntiqə Rəşid