adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Oktyabr 2023 16:33
10969
MÜSAHİBƏ

"Ermənilərin zəngilanlılara hazırladığı  "Xocalı" planı  bu 3 şəxsin sayəsində pozuldu" - MÜSAHİBƏ

Düz 30 il əvvəlin bu günü gözəlliyi və təbii sərvətləri ilə zəngin olan Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu.
Adalet. az
xəbər verir ki, 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon olub.
Bu günkü həmsöhbətim Zəngilan şəhər I saylı orta məktəbin direktor müavini olmuş Ramiz Davud oğlu Həsənovdur.  Ömrünün 70-ci ilinə qovuşan Ramiz müəllimlə  həmin günləri xatırlayırıq.

-  Ramiz müəllim,  Zəngilan bu 30 ildə çoxmu yadınıza düşürdü, çoxmu xatırlayırdınız zəngilanlılarsız Zəngilanı?

-"Yadına düşür?" deyəndə mənə haqsızlıq eləmiş olursunuz...Zəngilan heç yadımdan çıxdımı ki, yadıma da düşsün...?(kədərlə gülür) Soruşginan ki, ay Ramiz müəllim, neçə dəfə Zəngilanı unuda bilmisiniz, mən də deyim ki, heç neçə dəfə...! Heç yuxumdan da çıxmırdı... 3 gün əvvəl - 5 gün əvvəl gedib gəzdiyim cənnət Şəkinin, gözəl  Qubanın görməli, gəzməli  yerlərinin birinin də adı yadımda qalmaz,  amma Zəngilanın ən xırda çınqılını,  daşını da utunmamışam. Ora getsəm gözüyumulu gedib taparam... Hamısı gözümün qabağındadır. 

 

-  Eviniz hardaydı?

- Biz Zəngilan şəhəri Nizami 58 ünvanında yaşamışıq. Mən 1nömrəlidə (məktəbi nəzərdə tutur) direktor müavini idim. Həyat yoldaşım Səlbi xanım isə Qıraq Muşlan kənd orta məktəbində dərs hissə müdiri işləyirdi. Zəngilanlılar bilir, evimiz mədəniyyət evinin yanında yerləşirdi. Bu səbəbdən də rayonda nə qədər tədbirlər, el şənlikləri olardısa, biz ailəlikcə orda olardıq. Belə tədbirlərdə həmişə aktiv olardıq. Elə 1988-89 cu illərdə Qafandan, Mehridən, ümumiyyətlə, Zəngəzurdan erməni işğəncələrindən qaçan azərbaycanlıları da şəhərimizdə yerləşdirmək, onların problemlərinə dəstək olmaq üçün fəal iştirak etmişik. Əsas işimiz isə gənc nəslin təlim-tərbiyyəsində vətənpərvərlik hissini inkişaf etdirmək, xalqı sevdirmək, onun problemlərini, dərdini öz şəxsi dərdi bilməyi öyrətmək olub.

- Amma müharibə çox amansızdı, adam tək öz vəzifəsi ilə məşğul olmaqla qalmır... Daha çox "nəsə" etməyə çalışır....


-Elədir... Mühaibə elə bir prosesdir ki,  heç bir peşəyə təsirsiz ötüşmür. Hadisələr münaqişə fazasından müharibə fazasına keçəndən sonra da çalışmışam el-obam üçün işlər görüm, dəstək olum, əlimdən gələni əsirgəməyim. Bilirsiniz, Horadizdən Zəngilana bir yol vardı, o da çox təhlükəli idi . Bu səbəbdən də ordunun təminatı zəif idi. Təşkilatçılığımla,  məktəbdəki müəllimlərin köməkliyi ilə orduya isti geyimlər, yemək, bəzi vacib ərzaqlar alıb aparırdıq. Tez- tez döyüşən oğulları ziyarət edirdik, xəstəxanalarda yaralılara hər cür dəstək olurduq.Məktəbdəki iimizin də öhdəsindən gəlirdik, vətən qarşısındakı borcumuzu da yerinə yetirməyə çalışırdıq. Ordumuzun qəhrəmanlığı, döyüş əzmi bizi də fədakar olmağa məcbur edirdi. Zəngilanın müdafiəsi vaxtı ilə Əfqanıstanda kəşfiyyatçı olan, peşəkar hərbçi kimi yetişən polkovnik Firudin Şabanov idi .

 

1993-cü il aprelin 9-dan 10 –na keçən gecə komandir Şabanovun rəhbərliyi altında əks-hücum nəticəsində Qafanın 7 kəndi ermənilərdən təmizləndi. Qafanda demək olar ki, erməni qalmamışdı. Hamısı qaçıb gizlənmişdi. Elə sevinirdik... Firudin Şabanov bu taktikası ilə Zəngilanı qorumaqla yanaşı ətraf rayonların müdafiəsinin gücləndirilməsində də öz köməyini əsirgəmirdi. Təəssüf ki, ermənipərəst beynəlxalq təşkilatların israrı, Azərbaycan ordusuna soxulmuş erməni agentlərinin israrı ilə qoşunlarımız həmin kəndlərdən geri çəkildi. Bundan sonra Ətraf rayonlarında, eləcə də   Zəngilanın da  işğalı labüdləşdi.

- Şabanov haqqında hər kəs xoş sözlər deyir. Hətta ehtiyatda olan mayor Surxay Məmmədovun onun haqqında dediyi fikirlər komandiri sevənlərin ürəyindən xəbər verib:“Çox vətənpərvər insan, dərin bilikli zabit idi. 1992-ci ildə torpaqlarımızın işğaldan azad olun­ma­sı əməliyyatlarında birbaşa iştirak edib. Daim üstün cəhətləri ilə fərqlənirdi. Goranboy əməliyyatında onun xidmətləri danıl­maz­dır. Qəfil həmlə planları xüsusi əhəmiyyət daşıyırdı. Onun üstün hərbi təfəkkür bəhrələri nəticəsində o vaxtlar Ağcakənd rayonu ermənilərdən təmizləndi”.


- Hə rayon  camaatı ona çox inanırdı. F. Şabanov o qədər qorxmaz, tədbirli, peşəkar hərbçi idi ki, hətta ermənilər onu qiymətləndirir, ona “Ştirlis” adı ilə çağırırdılar. ( "Baharın on yeddi anı"  filminin qəhrəmanı Otto fon Ştirlis nəzərdə tutulur- red-Ə.R. ) Allah komandir Şabanova da , şəhidlərimizə də rəhmət eləsin. Heyf, 2020-ci ildə vəfat etdi və Zəngilanın azad günlərinə şahidlik edə bilmədi.


- Ramiz müəllim, bəzi yerlərdə yazırlar ki, 29 oktyabr Zəngilanın işğal günüdür. Amma bayaq söhbətimiz zamanı dediniz ki, 30 oktyabrda oranı ən son hərbi hissələr tərk edib...


- Avqust ayında Cəbrayıl və Füzuli rayonları işğal olunduqdan sonra Zəngilan mühasirəyə düşdü.  Zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşublar. 23 oktyabrda Horadiz yolu tamamilə bağlandı. Həmin vaxt Qarabağda bütün rayonlar ermənilər tərəfindən işğal olduğu üçün rayonumuz mühasirə çıxa bilməsi üçün quru yol olmadı. Tam mühasirə şəraitində rayon raket atəşləri ilə darmadağın edilirdi. Əhali arasında qırğınlar baş verirdi, şəhidlərimizin , itkin düşənlərimizin sayı artırdı. 25 oktyabrda Azərbaycan hakimiyyətinin başçısı ulu öndər Heydər Əliyevlə İran İslam Respublikasının prezidenti Rəfsəncani arasında müzakirələr başladı. Razılaşmaya əsasən Naxçıvandan Araza axan qolun birinin səmti dəyişdirildi və Zəngilan keçən hissədə suyun miqdarı azaldıldı.Əgər Ulu Öndər Heydər Əliyev razılıq əldə etməsəydi, Arazın suyunun azaldılması ilə bağlı göstəriş verilməsəydi, İrana keçə bilməzdik və ikinci Xocalı faciəsi yaşanacaqdı. Biz də məhz qadınların, uşaqların əsir düşməsindən qorxurduq. Şükür ki, bu olmadı...27 oktyabrdan etibarən əhali Arazı kütləvi şəkildə keçməyə başladı.
Bu zaman Zəngilan icra hakimiyyətinin başçısı İlham Hüseynov və komandir F. Şabanovun fəaliyyət sayəsində ermənilərin 2-ci Xocalı planı həyata keçmədi. 30 oktyabrda isə  ordumuz oranı tərk etdi...

 



-27 il sonra – 2020-ci ilin oktyabr ayının 20-də Zəngilan işğaldan azad edildi.


- O xəbəri eşidəndə körpə uşaq kimi hönkürüb ağlamışam. Dahi Heydər Əliyev məktəbinin peşəkar davamçısı İlham Əliyev oktyabrın 20-si Zəngilan şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsini elan edəndə, elə bildim yenidən dünyaya gəldim. Müzəffər Ali Baş Komandanın xalqa müraciətində Zəngilan şəhərinin və rayonun  kəndlərinin - Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı adını eşitdikcə, həm ağlayırdım, həm də sevincimdən qışqırırdım: ”Ay Allah şükür sənin cəlalına, mən Zəngilanı görmədən bu dünyanı tərk etməyəcəyəm, elimə-obama qovuşacağam” deyirdim, ağlayırdım. Muşlan kəndinin işğaldan azad olduğu gün bir dəstə çiçək alıb, həyat yoldaşım Səlbi xanımın məzarı üstünə getdim.... Onu təbrik etdim...Dedim gözlərin aydın olsun, Səlbi xanım, Muşlan azaddır, şagirdlərin doğma yurduna dönəcək... Amma sənsiz...

 
- Ramiz müəllim, çox təəsüf edirəm ki, Səlbi xanımbu sevinci sizinlə bölərək yaşamadı. Amma əminəm, Səlbi müəllimənin ruhu çoxdan Muşlan kəndinin səmasında, məktəbin ətrafında şad-xürrəm süzür! Allah rəhmət eləsin, Allah bütün şəhidlərimizin də məkanını cənnət eləsin. Sizə də doğma yurdlarınızda ürəyinizcə olan günlər keçirməyi arzulayırıq.Gözünüz aydın olsun!


P.S. , 1993-cü il oktyabrın 28-dən 29-na keçən gecə işğalçı ermənilər Zəngilan rayonunu zəbt edib. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşublar. Oktyabrın 25-dən etibarən 4 gün ərzində Zəngilan rayonunun əhalisi vuruşaraq 235 nəfər şəhid və itkin verib. Amma erməni tankları dörd tərəfdən rayona hücuma keçiblər və zəngilanlılar silahlı birləşmələrin qarşısını ala bilməyiblər.
Ermənilərin Zəngilanda ikinci Xocalı faciəsini törətmək istəyi alınmayıb. Sakinlər cəld tərpənərək özlərini Araz çayına atmaqla İran ərazisinə keçiblər və bununla da gözlənilən növbəti soyqırımından xilas olublar.


Ərazisi 707 kvadrat kilometr olan Zəngilan rayonu işğal olunanda əhalisi 35,6 min nəfər olub. Hazırda Zəngilanın 44413 nəfər əhalisi var.
Zəngilan rayonu eyni adlı şəhərdən, Mincivan qəsəbəsindən və 83 kənddən ibarətdir. Rayonda 14 tibbi müəssisəsi, 11 uşaq bağçası, 62 ümumtəhsil məktəbi, 23 klub, 8 mədəniyyət evi, 3003 min cild kitab saxlanılan 70 kitabxana olub. Zəngilanın iqtisadiyyatının əsasını kənd təsərrüfatı-üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib.
İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağıdılıb. Naxçıvan istiqamətində Bakı-Naxçıvan-İrəvan dəmiryol xəttinin Mehridən keçən 41 kilometrlik ərazisi blokadaya alınıb.

 Söhbətləşdi Əntiqə Rəşid