adalet.az header logo
  • Bakı -°C
27 Yanvar 2026 12:32
148
ƏDƏBİYYAT
A- A+

Əsl müəllim haqqında oçerk

Keçmiş sovet dönəminin maraqlı ənənələri vardı. Kimisə cəmiyyətə qəhrəman kimi tanıtmaq, sevdirmək lazım gəlirdisə haqqında mütləq oçerk yazılırdı, radio, tele-oçerklər hazırlanırdı. Oçerklərin qəhrəmanları hər sahədən ola bilirdi-kolxozçu, fəhlə, müəllim, həkim. Əsas hədəf o idi ki, bu qəhrəmanların simasında sovet ideologiyası təbliğ olunsun, müsbət cəhətləri əksini tapsin, çəkim gücü  böyük olsun, geniş kütlə tərəfindən qəbul olunsun. Bu oçerklər içərisində uğurlusu da olurdu, boğazdan yuxarı, “xala xətrin qalmasın” yazılanları da. Sovet rejimi tarixə qovuşandan, yazılı mətbuat öz yerini hiss olunmadan sosial şəbəkələrə güzəştə gedəndən sonra bir aparıcı publisistik janr kimi oçerk də əvvəlki önəmli rolunu itirdi və yavaş-yavaş sıradan çıxmaqdadır. Düzü, sonuncu dəfə nə vaxt, hansı mətbu orqanda, hansı mövzuda oçerk oxuduğumu xatırlamıram, yadıma düşmür.

 ...Deyəsən, çox uzaqdan başladım. Keçək mətləbə. Bu gün yaxından tanıdığım, şagirdi, tələbəsi olmasam da, müəllimlik bacarığına, tələbələrin ona bəslənilən sevgisinə qibtə etdiyim bir müəllim həmkarım haqqında söz açmaq, yazılı portretini cızmaq  istəyirəm.  “Əsl müəllim haqqında oçerk”imin qəhrəmanı cənub bölgəsində böyükdən kiçiyə hamının yaxşı tanıdığı gözəl ziyalı, pedaqoq, Lənkəran Dövlət Universitetinin İnformasiya-kommunikasiya və kitabxana mərkəzinin direktoru, baş müəllim Ənvər Şahqubadbəylidir. Və Ənvər müəllim o ziyalılardandır ki, nə tərifə, nə təbliğə qətiyyən ehtiyacı yoxdur. Bu yazımda oxucu problemi yaşamayacağıma da öncədən əminəm. Çünki qəhrəmanımın adı yazını oxutduracaq gücdədir.

Qeyd edim ki,  Ənvər Şahqubadbəyli Lənkəran Dövlət Universiteti fəaliyyətə başladığı ilk illərdən həyatını bu ali təhsil ocağı ilə bağlayıb.  Bu gün  Ənvər müəllimin nə doğum, nə yubiley günü olmasa da, onun haqqında məhz indi yazmaq, hay-küylü təbrik ifadələrinin əvəsində sadə, mənalı həyat yolundan  sakitcə söz açmaq, bu işıqlı insanı yaxından tanımayanlara da tanıtmaq hissi keçdi ürəyimdən. İşıq sözünü təsadüfən işlətmədim. Ənvər ərəb mənşəli söz olub, “çox nurlu”, “ən işıqlı”, “çox parlaq” və ya “işıq saçan” mənalarını verir. Və sözün bütün mənalarında Ənvər müəllimin yaşamı, fəaliyyəti  adı ilə üst-üstə düşür.

Ənvər Şahqubadbəylinin çalışdığı universitetdə tələbələri tərəfindən necə böyük sevgi ilə sevildiyinə Lənkəran Dövlət Universitetində çalışan hər bir müəllim, işçi, tələbə şahiddir. Əslinə qalanda bu sevgi Ənvər Şahqubadbəylinin tələbələrə ötürdüyü hisslərdir, qayğıdır, diqqətdir, geri, özünə qayıdır. İsaak Nyutonun məşhur qanununda olduğu kimi-təsir əks təsirlə bərabərləşir. 

Ə. Şahqubadbəylinin həyat yolunu, pedaqoji fəaliyyətini incələyəndə əmin oldum ki, şagirdlərin, tələbələrin  məhəbbətini qazanmaq üçün fəxri adların, elmi  tutulların önəmi yoxdur. Tələbələrin  sevgisinə, ya da əksinə-nifrətinə bunlar çox cüzi təsir göstərir. Tələbə-müəllim münasibəti çox mürəkkəb hissdir. Çox müəllimlər tanıyıram ki, mütaliəsi də var, elmi adı da, illərin təcrübəsi də. Amma tələbənin ürəyinə keçən yolu hələ də tapa bilməyib. Etiraf edim ki, o yolu tapmaq çox çətindir. Müəllim ailəsində doğulduğuma, müəllim işlədiyimə  görə yəqinliklə deyirəm  bunu.

Oçerkimin qəhrəmanı  haqqında qısa tanıtım edim. LDU-nun  İnformasiya-kommunikasiya və kitabxana mərkəzinin direktoru,baş müəllim Ənvər Şahqubadbəyli N.Q.Çernışevski adına Saratov Dövlət Universitetini (Rusiya Federasiyası) Tətbiqi riyaziyyat ixtisası üzrə bitirib. 1990/1993-cü illərdə dövlət təyinatına əsasən SSRİ Müdafiyə Nazirliyinin “Znamya Truda” elmi-istehsalat birliyində mühəndis-proqramçı vəzifəsində çalışıb. 1993-cü ildə Lənkəran Dövlət Universitetində və Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutunun Lənkəran filialında  İnformatika müəllimi kimi fəaliyyət göstərib. 1994-cü ildən Lənkəran Dövlət Universitetində  işləyir. Hazırda LDU İnformasiya-Kommunikasiya və Kitabxana Mərkəzinin direktoru, Riyaziyyat və informatika kafedrasının baş müəllimidir. Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2022-ci il tarixli sərəncamına əsasən Lənkəran Dövlət Universitetinin 30 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə “Tərəqqi medalı” ilə təltif edilib, universitet tərəfindən dəfələrlə fəxri-fərmanlara, təşəkkürnamələrə layiq görülüb. 

Ənvər müəllimin digər həmkarlarından fərqli, mən deyərdim ki, üstün cəhəti onun həyatın mənəvi tərəflərini maddiyə güzəştə getməməsidir. Ə.Şahqubadbəyli  LDU-da informatika fənnini elə dönəmdə  tədrisə başlayıb ki, həmin vaxtlarda banklar, özəl şirkətlər və s. yüksək maaşa bu  ixtisasda olan kadrları regionda çıraqla axtarırdılar. Xarici dil bilgiləri yüksək olan Ənvər müəllimə  paytaxtdan və bölgədən yüksək maaşlı işlərlə bağlı çoxlu təkliflər gəlsə də, müəllimlk peşəsini daha üstün tutub, bu işini heç bir qazanca dəyişməyib, dəyişə bilməyib. Bilirsiniz niyə? Çünki mənim tanıdığım Ənvər müəllim üçün ən böyük xoşbəxtlik sevdiyi işlə məşğul olmasıdır. O, istəımədiyi işdə yüksək əmək haqqı təklif etsələr  belə işləməyi özünə cəza hesab edir. Elə bu səbəbdən onu həkim görmək istəyən həkim atasının arzusunu  gerçəkləşdirməyib. Peşə seçimində qəlbinin səsinə qulaq asıb. Uduzmayıb da. Universitet tələbələrinin sevgisi,  diqqəti Ənvər müəllim üçün maddiyatdan çox-çox irəlidir. Universiteti müxtəlif illərdə bitirən, hazırda təhsil alan  bir tələbəsi deyə bilməz ki, müəllimin ondan hansısa bir təmənnası olub. Olmayıb. Ənvər müəllim əlini rüşvət çirkabına heç vaxt bulaşdırmayıb. Şəxsiyyətini həmişə ucalıqda saxlamağı bacarıb, bacarır.

Ziyalılıq nuru Əinvər müəllimin simasından aydın görünür. Gözlərindən sanki işıq süzülür.  Simasında, xarakterində elə bir cəhət var ki, onu tələbələrə doğmalaşdırır. Tələbələr ən yaxınları kimi ən mübhəm sirlərini belə onunla bölüşür, məsləhət alır, dostluq edirlər. Bizdə tələbə ilə dost olmağı bacaran çoxmu pedaqoqumuz var? Yox, təəssüf ki, yox. Əksərimiz özümüzü tələbələrimizdən sanki ciddiyət pərdəsi ilə qoruyur, hədd  saxlayır, açılmağa qorxuruq. Amma mənim qəhrəmanım tam başqadır. Ə. Şahqubadbəylinin pedaqoji təcrübəsi göstərir ki, müəllimlik tək audiotoriya ilə yekunlaşmır, dərsin yaxşı, müasir üsullarla, texniki vasitələrlə izahı ilə bitmir. Bunlar da şərtdir, amma əsas deyil. Ən əsası, hər şeyi ürəkdən etmək, əvəz gözləmədən, tələbədən sevgi, rəhbərlikdən mükafat ummadan həyatı tələbəyə başa salmaq, tədris etdiyin kursun mahiyyətini anlatmaq, ən əsası, ona insan olduğunu hiss etdirməkdir.  Baxın, Ənvər müəllim bunu yaxşı bacarır. O, yaxşı müəllim rolunu oynamaq üçün nəinki cəhd edir, buna heç ehtiyac da hiss etmir. Ənvər müəllim hər yerdə özüdür-sadədir, səmimidir, təbiidir, həm də təvazökardır. Özü haqqında danışmağı heş xoşlamır. Ənvər müəllim maraqlı insandır. Onun ciddiliyi ilə zarafatı arasında kəskin hədd yoxdur. Tənəsini də elə ustalıqla, yumorla deyir ki, müsahibi incimədən payını götürür.

Ənvər müəllimin dərs metodu xarakteri ilə tam üst-üstə düşür- dinamikdir.  Onun dərslərini kənardan izləsəniz  daima səs-küy eşidəcəksiniz. Özü şərait yaradır buna. Tələbələrdən tələb edir ki, soruşun, etiraz edin, rəy bildirin, disskusiyaya açın. Ənvər müəllim “yaxşı müəllim ağır xasiyyətli olar” sterotipini çoxdan dağıdıb. Onun üçün auditoriyanın səssizliyi, tələbələrin sakitcə onu dinləmələri keyfiyyət ölçüsü deyil. Əsas prioriteti tələbənin nəzəri bilgisini praktikada operativ tədbiqi, mənqiqi düşüncəsi, analiz bacarığı, öz fərqli baxış bucağını formalaşdırma qabiliyyətidir.

Ənvər  müəllim gənclərin psixologiyasını yaxşı bilir, duyur, hər gəncə xarakterinə uyğun yanaşmaqla onu özünə bağlayır, inandırır, özgüvən təlqin edir. Lazım gələndə çox sərtdir,  müəyyən nüanslarda da çox həssasdır, kövrəkdir Ənvər müəllim. İnsani yanaşma onun pedaqoji ustalığının ən müsbət cəhətlərindən biridir. Bəzən ən zəif oxuyan tələbəsini əlaçıdan daha çox dəyərləndirir, “qiymət şərtidir, insanlıq ölçüsü deyil” deyir. Ənvər müəllimin fikrincə emosiyaları ötürməyi bacarmaq üçün empatiyaya malik olmalısan, hər informasiyanı dinləyicinin “dilində” ötürməyi bacarmalısan. Deyir ki, vay o günə ki, müəllim peşəsindən bezə, dərs demək həvəsi tükənə. Özü üçün maraqlı edə bilmədiyini tələbəyə necə ötürə bilər onda?  Deyim ki, belə hallarda Ənvər müəllimin öz usulları var. Dərsin ortasından dərhal keçid edir gündəlik informatik yeniliklərə, süni intellektlə bağlı müzakirələrə və s. Həm özünü toparlayır, həm də tələbələrin dərsə marağını təmin edə bilir.

Ənvər müəllim sosial şəbəkələrdə çox fəaldır. Baş verən hadisələrə operativ, fərdi, özünəxas reaksiyası var. Qoyduğu mövzular ətrafında geniş, maraqlı müzakirələr açılır. Zəngin mütaliəsi, şəxsi bacarıqları onu çox həmkarlarından fərqləndirir.Gözəl tar çalır, şahmat oynayır, stolüstü oyunlarda çətin kimsə ona bata. Gözəl nərd oynamağı var. 65 yaşlı hücumçu görmüsünüzmü? Bizim Ənvər müəllim LDU-nun həvəskar futbol komadasının təkcə təşkilatçısı deyil, həm də oyunçusudur, hücumçusudur. Hələ onun gözəl rəqs etməyini demirəm. Həmkarımız demişkən: “Kim necə işləyirsə, elə o cür də rəqs edir”...

İllərdir sosial şəbəkələrdə “Tələbələrin ən yaxşı müəllimi”  sorğusu keçirilir və Lənkəran Dövlət Universiteti üzrə o sorğuların şəksiz lideri LDU-nun baş müəllimi Ənvər Şahqubadbəyli olur. Ənvər müəllimin Kommunikasiya və kitabxana mərkəzinin direktoru kimi çoxlu qayğıları onun yaxşı müəllim olmağına heç də mane olmur, sanki bu qayğılar bir-birini tarazlaşdırır, kamil bir ziyalı obrazını formalaşdırır.

Niyə məhz Ənvər müəllim haqqında yazmaq istədim? Birincisi ona görə ki,  yaxşı müəllimlər haqqında az yazılır, çox az. İkincisi, Ənvər müəllimdə gördüyüm həvəsi, tələbələrlə ünsiyyətini paylaşmaq istədim. Çünki həmkarım valideyn-tələbə-müəllim üçbucağını uğurla qura bilir və nəticəsi də ürəkaçandır. Sosial şəbəkələrdə tələbələri tərəfindən  haqqında o qədər yazılıb ki...Mən də yazdım. Ürəkdən yazdım ki, zəhmətinə azca da olsa, layiq olsun...Ənvər müəllim son vaxtlarda özü də süni intellektin cəmiyyətdəki rolundan, gələcəyindən çox yazır, çox peşələrdə insanı əvəzləyəcəyini deyir. Elə müəllimləri də. Özünə  demişəm, burada da yazıram. Ən yüksək səviyyədə olsa belə, sünilk heç vaxt təbilliyi üstələyə bilməz. Çünki ürəyi yoxdur! İşinə, peşəsinə ürəyini qoyan, tələbələrinə qəlbən bağlı olan Ənvər Şahqubadbəyli kimi müəllimləri vaxtında dəyərləndirmək lazımdır...

Esmira İsmayılova
LDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru