adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Yanvar 2022 19:09
1831
MÜSAHİBƏ

Faiq Hüsiyev: “ Kimliyindən asılı olmayaraq, heç bir halda jurnalist sensasiya xatirinə...” - MÜSAHİBƏ

 "Müasir jurnalistikamız arabanın 5-ci təkərinə çevrilməsin” – deyərək Faiq Hüsiyev peşəkar jurnalistika ilə bağlı ətraflı danışdı

 

Bu dəfəki həmsöhbətim Respublikanın əməkdar jurnalisti Faiq Hüsiyevdir. Nəzərinizə çatdırım ki, Faiq Hüsiyev bu günədək minlərlə tanınmış simalarla müsahib olub. Həmçinin Rusiya prezidentiDmitri Medvedev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Serbiya Prezidenti Tomislav Nikoliçlə də müsahibə hazırlayıb. Bu dəfə isə həmsöhbətim özü müsahibə verəcək. Elə isə diqqətiniz burada olsun.

 

Faiq müəllim xoş gördük sizi. İlk sualı belə vurğulamaq istəyərdim ki, jurnalistika fəaliyyətinizdən danışasınız. Necə oldu bu sahəyə maraq oyandı sizdə?

- Şəlalə xanım ilk növbədə diqqətinizə görə təşəkkür edirəm. Mənim jurnalistikaya marağım hələ orta məktəbdə oxuduğum dövrlərdən başlamışdı. 1986-cı ildə Sumqayıtda jurnalist Ələsgər Qurbanovun “Gənc jurnalistlər dərnəyi”-nə yazılmışdım. Məhz Ələsgər müəllim bu sahəni bizə sevdirmişdi. Televiziyanın “Pionerlər klubu” verilişində ilk çıxışım da həmin dövrdə olmuşdu. Yeniyetməlik illərində peşə seçimində yol ayrıcında olursan . Mən 1988-ci ildə ali məktəbə sənəd verəndə tarix ixtisaına üstünlük vermişdim. Yaxşı qiymətlər alsam da müsabiqəyə salınmışdım. O dövrlər əla qiymət almaq çox müşkül məsələ idi. Amma əsgərlikdən gələndən sonra 1991-ci ildə jurnalistika fakultəsinə sənəd verib qəbul olunmuşdum. Bir hadisəni xatırlatmaq istəyirəm. O dövrdə mərkəzi mətbuat Dağlıq Qarabağla bağlı məsələlərdə bizə qarşı çox vaxt qərəzli mövqe nümayiş etdirir, ermənipərəst mövqe tuturdu. Hələ 1988-ci ildə rəhmətlik atamla mərkəzi televiziya ilə yayımlanan “Pozitsiya” verilişinə baxanda aparıcı Henrix Borovikin səsləndirdiyi anti-Azərbaycan fikirlərinə etiraz edəndə, atam demişdi ki,niyə hirslənirsən, əgər bacarırsansa get sən də jurnalist ol. Amma düzünü söylə !” Mən bacardım. Heç vaxt da yalan danışmadım. Bu baxımdan vicdanım təmizdir.

 

Bu gün Azərbaycan jurnalistikası sizi nə dərəcədə qane edir?

- Sözün düzü tam şəkildə qane etmir.Ən böyük problem məncə qələm əhli arasında peşə həmrəyliyinin olmamasıdır. Əsas odur ki,müasir jurnalistikamız arabanın 5-ci təkərinə çevrilməsin. Sözün təsir qüvvəsi itməsin.Mənə görə müasir jurnalistikamızın problemi jurnalistlərin xidməti personala çevrilməsidir. Cəmiyyətin ideoloji əsaslarını formalaşdıran adamlar, hakimiyyətlə xalq arasında kommunikasiya yaradan peşəkarlar hər –halda xidməti personal çərçivəsindən çıxmağa cəhd etməlidirlər.

 

Bəs sizin fikrinizcə daha çox hansı çətindir – qəzet, radio ya telejurnalistika?

 

- Hərəsinin öz çətinlikləri var. Bu sualın cavabı bir müsahibəyə sığan deyil.Olar bu sualın üstündən keçək?

 

Necə istəyirsiniz. Uzun illərdir televiziyada çalışırsınız. Azərbaycan televiziyalarının taleyini sosial şəbəkələrin sürətli inkişafı dəyişə bilərmi?

 

- Sosial şəbəkələr bütün həyatımızı dəyişib, nəinki televiziyaları. Ailə-məişət münasibətlərindən tutmuş, ali idarəçilik mexanizmlərinə qədər hər şey sosial şəbəkələrlə birbaşa təmasdadır. İndi demək olar ki,böyük bir tamaşaçı auditoriyası sosial şəbəkələrə köç edib. Təkcə feysbukdan yer üzündə iki milyarddan çox insan istifadə edir. Odur ki, telekanallar da tamaşaçı arxasınca proporsianal olaraq sosial şəbəkə platformalarına üz tutub. Dövrün reallığı belədir. Düşünürəm ki,indiki çağırışlara hazır olmaq üçün dəyərli video-kontent istehsalına daha çox üstünlük vermək lazımdır.

 

Hər əlinə telefon alan özünü jurnalist, rejissor hesab edir. Sizcə bu qədər inkişaf peşəkarlığı geri sala bilər, ya belə irəliləyişin özü də bir peşəkarlığa doğru addımdır?

- Haqlısınız, belə yanaşma peşəyə hörmət indeksini aşağı salır. “Telefonlu jurnalistika” bəzi hallarda peşə məsuliyyəti anlayışını heçə endirir. Məsələ hər hansı bir hadisənin operativ şəkildə geniş auditoriyaya ötürülməsi ilə bitmir axı... Kimliyindən asılı olmayaraq, heç bir halda jurnalist sensasiya xatirinə ümummilli maraqları zərbə altında qoymamalıdır. Jurnalist adı altında jurnalist rolunun ifa edən şoumenlərin, müğənnilərin, nə bilim daha kimlərin jurnalistikaya nə aidiyyatı var? Təəssüflər olsun ki, auditoriya tərəfindən jurnalistlər eyni arşınla ölçülür.

 

Dünyaca tanınmış simalar müsahibiniz olub. Kimlərdən müsahibə götürmək hesab edirsiniz ki, həyatınıza, inkişafınıza təsir edib?Ümumiyyətlə müsahibə zamanı ən yadda qalan hansı anlarınız olub?

 

- Əslində bunun üzərində heç vaxt düşünməmişəm. Çünki, hər bir müsahibənin öz maraq amplitudası var. Amma çəkiliş vaxtı həyatımızı xilas edən konkret adam olub. 1998-ci ilin qışında Rusiyada , Xantı-Mansiysk Muxtar Dairəsində “Körpü” verilişini hazırlayırdıq. Yerli xalq olan xantların həyat tərzini çəkmək üçün uzaq məsafəyə, yarı tundra, yarı tayqa olan əraziyə getmişdik.Yolda çox problemlər yaşadıq. Çayın üzərindən keçərkən buzun nazik yerində nəqliyyat vasitəmiz aşdı. Birtəhər xilas olduq. Geri qayıdanda isə bizi daşıyan “Buran” düzəngahda xarab odu. Soyuqdan əməlli –başlı donmuşduq. Bizi yerli meşəbəyi Valeri Stepaniviç Surovtsev xilas etdi. Onun bu yaxşılığını heç vaxt unutmuram!Ümumiyyətlə şimalda insanlar fərqlidirlər. Çünki sərt təbiətlə mübarizə onlarda həmrəylik hissini formalaşdırıb.

 

Müasir dövrdə Azərbaycan Televiziyasından gözləntiləriniz nədir?

- Azərbaycan Televiziyası yarandığı gündən öz statusuna uyğun şəkildə dövlətimizin , xalqımızın milli maraqlarına xidmət göstərib və bu missiya davam etdirilir. Mən bir haşiyəyə çıxmaq istəyirəm. Milli mətbuatımız yarandığı gündən xalqımızın milli təfəkkürünü formalaşdıran ziyalılarımızla zəngin olub. Onların adları Azərbaycan tarixinin şərəfli səhifələrini bəzəyir. Jurnalistika ilə zaman-zaman məşğul olanlar gələcəyimizin konturlarını cızıblar, bizim üçün ilk demokratik dövlət qurublar, ədəbi dil normalarını yaradıblar. İndi bəzi telekanallarda Azərbaycan dilinin ədəbi normaları nəzərə alınmır, bəzi verilişlər isə məhəllə “besedka”larındakı dedi-qodu, qiybət xarakteri daşıyır. Sırf reytinqlərə hesablanmış belə verilişlər məncə təhlükə mənbəyidir. Ola bilər ki, belə verilişləri bəyənənlər də var. Ola bilər ki,telekanallar setkanı doldurmaqla məşğuldurlar… Hesab edirəm ki, bütün bunların fonunda AzTV mübarək bir missiyanın öhdəsindən gəlir – Bizim milli dəyərlərimizi qoruyur! Təbii ki, dövrün tələblərinə uyğun olaraq Az Tv-də dəyişir, yeni inkişaf mərhələsinə qədəm qoyur.

 

Belə bir salim da var: sizcə müsahibə verməkmi, almaqmı?

- Mənim üçün elə bir fərqi yoxdur. Hər iki halda həm suallara, həm də cavablara hazırlaşmaq yaxşı olardı. Hərdən insan özünə o qədər cavabsız suallar verir ki…Anlayırsan ki, bu sauallara heç, başqaları da cavab verən deyil.

 

Belə bir deyim var : “Ya aldığını istəməlisən, ya da istədiyini almalısan”. Maraqlıdır, Faiq Hüsiyev üçün hansı daha məqbuldur?

- Bəlkə də ikincisi daha məqbuldur. Çünki bu bir seçimə bağlı məsələdir. Amma hər halda “ayağı yorğana görə uzatmaq” prinsipi var və reallıq hissini unutmaq da olmaz . Həyatda hər kəs üçün məqbul olan universal təcrübə yoxdur. Bu gün məqbul sayılan addım sabah fərqli nəticəlrə səbəb olur. Düşünürəm ki,hər birimiz mövcud qanunlar çərçivəsində yaşayırıqsa ilk növbədə əməllərimiz qanuna uyğun olmalıdır. Şüurlu vətəndaşlar dövlətin dayağıdır. Güclü Dövlətin vətəndaşı olmaq özü də bir xoşbəxtlikdir! “Vətənimizi sevirik, amma Dövlətimizlə öz haqq-hesabımız var!” yanaşmasına optimist baxmıram! Çünki mənə görə Dövlət millətin Ali təzahür vasitəsidri. Dövlət müstəqilliyini isə Uca Yaradanın verdiyi bir lütf kimi qəbul edirəm. Bu gün Yer üzündə 5 minə yaxın xalq var, amma dövlətlərin sayı 200- dən bir az çoxdur.

 

Yenidən əsas mövzumuza qayıtmaq istəyirəm. Bu gün tamaşaçı fikrini necə formalaşdırmaq olar?

- Sərbəst internet dövründə birmənalı şəkildə fikir formalaşdırmaq mümkün deyil. Alternativ informasiya mənbələri çoxdur. Odur ki, zövqlər müxtəlif olduğu üçün hər auditoriyaya uyğun proqramlara ethic yaranır. Cəmiyyətin ideoloji əsaslarını formalaşdırmaqla yanaşı , tamaşaçıların ekran qarşısında səmərəli vaxt keçirməsini, əylənməsini,maariflənməsini də diqqətdə saxlamaq lazımdır. Bir sözlə, efir siyasəti çevik olmalıdır. Verilişlər intellektual yükülə yanaşı bədii zövqlə də tamamlanmalıdır.

 

Tv-yə baxsaq plagiat verilişlər həddsiz çoxdur, bu nədən irəli gəlir? Peşəkarlığın olmamağı ya tamaşaçı tələbi?

- İngilislərdə bir “flexible” anlayışı var. Bu günkü media məkanı bu deyimin üzərinə köklənməlidir.O,ki qaldı plaqiat verilişlərə bu məsələ daim gündəmdədir.Amma unutmaq olmaz ki, kopya (nəyinsə surəti) orijinaldan yaxşı ola bilməz. Orijinal verilişlər ilk növbədə böyük yaradıcı potensial və əsaslı maliyyə vəsaiti tələb edir.

 

Deyirlər bu sahə ədalətli bir sahədir. Bu prinsiplə razısınız, ya hər yerdə haqqsızlıq var?

- Mənə görə Yer kürəsi Ədalət hissinin sayəsində fırlanır…Odur ki,hər bir sahədə insani dəyərləri saxlamaq, elementar etik normaları qorumaq lazımdır.Hər dəfə demişəm,indi də təkrarlayıram-hər bir ziyalının borcu cəmiyyətin yeni inkişaf konturlarını çızmaqdan, gələcəyin doğru yolunu göstərməkdən ibarət olmalıdır. Məhdud çərçivəli korporativ maraqlar,qohumluq əlaqələrinin “süngər effekti”, merkantil maraqlar ,daha nə bilim nələr…..Bunlar bizim ümummilli maraqlarımızın üstündən xətt çəkir. Praqmatik eqoizm bizim axırımıza çıxacaq! Biz Qarabağı qaytarmış Qalib Ölkənin vətəndaşlarıyıq.Odur ki, həyati dəyərlərə yenidən baxıb, öz xalqına və Vətəninə dərin sevgi aşılamaq lazımdır. Əlində avtomat sərhəddə durmaqla yanaşı , bu sərhəd daxilində yaşayan Azərbaycan vətəndaşının maraqlarına təmənnasız xidmətin özü də bir vətənpərvərlikdir. Gərək geniş kütlədə hamı dərk etsin ki, kimliyindən asılı olmayaraq bizim bu dünyadan aparacaqlarımız-başqaları üçün etdiklərimizdir-yaxşılıqlar və pisliklər! Kim nəyi edibsə onu da aparacaq! Bunu heç vaxt unutmaq olmaz.

Söhbətləşdi: Şəlalə Camal

( AJB- nin üzvü )