adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Sentyabr 2022 11:24
1096
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: Sevincin döydüyü qapı...

Atanı-ananı, müəllimi və doğmalarını sevindirən məzunlar sözün həqiqi mənasında çox istedadlı və savadlı gənclərdir. O gənclər ki, 11 il orta məktəbdə oxuyur, çalışır və axırda bir gün də qəbul imtahanı verərək seçdikləri ixtisasa yiyələnirlər. Əlbəttə, gecə-gündüz çalışan və əziyyət çəkən şagirdlər gec-tez onun xeyrini görürlər. Onlar tək elm və savad almırlar, həm də məktəbdə bir insan, bir vətəndaş kimi yetişir, elinə-obasına layiqli övlad olurlar.

Bu mənada Füzuli rayonundakı Horadiz şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri də hər il valideynlərini və müəllimlərini sevindirirlər. Daha doğrusu, 11-ci sinifi bitirən məzunlar ali məktəbə qəbul olur və istəklərinə, arzularına qovuşurlar. 2021-2022-ci tədris ilində bu məktəbi 19 məzun bitirib. Onlardan 7 nəfəri ali məktəblərə qəbul olub. Deməli, adını çəkdiyimiz tam orta məktəbin şagirdləri və müəllimləri öz çəkdikləri zəhmətin bəhrəsini görüblər.

Ən azından ona görə ki, onlar 11 il bu məktəbə gedib, bu məktəbdə sevimli müəllimlərindən elm öyrəniblər və tərbiyə alıblar. Bu il ali məktəbə qəbul olan həmin məzunların adlarını və soyadlarını bir daha xatırlamaq və yada salmaq istəyirik:  Nəzrin İlqar qızı Allacova – ADPU, Azərbaycan dili və ədəbiyyat müəllimliyi, 427 bal, İlkanə Bəxtiyar qızı Hacıyeva – AMİU – Kommunikasiya sistemləri mühəndisliyi 398 bal, Əsmər Bəxtiyar qızı Hacılı – ADPU, biologiya müəllimliyi, 306 bal, Könül Rafiq qızı Məmmədova – ADİU iqtisadiyyat, 386 bal, Habil Həsən oğlu Nağıyev, ADİU menecment, 350 bal, Əlabbas Habil oğlu Nağıyev – ADPU coğrafiya, 300 bal, Aysel Saleh qızı Əhmədova – BDU fizika, 330 bal.

Bu məzunlar həm məktəbin adına şərəf gətiriblər, həm də yeni bir tarix yazıblar. Çünki onlar sevdiyi və seçdiyi ali məktəbin tələbəsi adını qazanıblar. Təbii ki, heç də bu məktəbin məzunlarının hamısı ali məktəbə qəbul ola bilməyib. Elə məktəbin direktoru, gözəl ziyalı və təcrübəli pedaqoq Ləman xanım Əliyeva onlara müraciət edərək bildirib: «Tələbə adını qazana bilməyənlər, üzülməyin! Həyat davam edir! Unutmayın ki, orta məktəbdə «2» alan şagirdlər İkinci Qarabağ savaşında tarix yazdılar. Zaman gələr, sizlər də hər hansı bir gözəl əməlinizlə tarix yazarsınız!

Oxumaq, alim olmaq şərt deyil, şərt odur ki, ağıllı başla çalışıb hər hansı bir peşənin sahibi olmaq, insan kimi insan olmaq və ən əsası Dövlətinə, Millətinə vicdanla xidmət edib xeyirli övlad olmaq lazımdı!

Üzülməyin, əzizlərim... Həyat davam edir».

Mən bu sətirləri qələmə alarkən Ləman xanımın öz şagirdlərini necə böyük məhəbbətlə sevdiyini və onların qayğısına qaldığını bir daha yenidən hiss etdim. Hiss etdim ki, Ləman xanım onlara şagird kimi, məzun kimi yox, öz balası, öz övladı kimi yanaşır. Təbii ki, müəllimin də ən böyük pedaqoji ustalığı odur ki, öz şagirdinin ürəyinə və qəlbinə yol tapır. Bugünkü təhsil sistemi şagirdləri döyməklə, danlamaqla deyil, bax, belə bir sevgi və məhəbbətlə elmə, təhsilə bağlaya bilər. Deməli, müəllim ürəyi nə qədər böyük olsa, nə qədər geniş olsa, onun hərarəti ilk növbədə o şagirdləri, o məzunları isidir.

Bir faktı da qeyd edək ki, bu il həm də 2 nömrəli tam orta məktəbin 9-cu sinifini 26 nəfər şagird bitirib. 3 nəfər şagird 200-dən çox bal toplayıb. Güləbəyim Elşən qızı Novruzova, Aytac Elşad qızı İbrahimli,  Əfruz Elmir qızı Səfərova belələrinə nümunədir. Həm də Əfruz fərqlənmə attestatı alıb, 2 nəfər isə 9-cu sinifdən kollecə daxil olub. Əsas məsələ ali məktəbə qəbul olmaq deyil, əsas məsələ savadlı, vətənpərvər, ziyalı gənclərin yetişməsidi. Məhz bu məktəbdə də bu ideya və aparıcı xətt həmişə önə çəkilib.

Şagirdlərin təlim-tərbiyəsi, savadı və vətənpərvərlik uğrunda tərbiyə olunması dövrün prioritet vəzifəsidir. Ali məktəbə qəbul olmuş və yaxşı oxuyan şagirdlərin üzərində məktəbin müəllimlərinin zəhməti və əziyyəti çoxdur. Bu mənada Hikmət Xudiyevin, Vüqar Həsənovun, Rəksanə Aslanovanın, Azər Kərimlinin, Vəfa Xudiyevanın, Arifə Xudiyevanın və İradə Behbudovanın bir müəllim, bir ziyalı kimi çox böyük rolu var. Onlar öz şagirdlərinə tək elm öyrətmirlər, bu şagirdləri vətəndaş kimi, insan kimi tərbiyə edib, cəmiyyətə hazırlayırlar. Və bu gün bizim, sözün həqiqi mənasında ali məktəbə qəbul olmaqdan çox vətəndaş və kamil insan kimi yetişəcək gənclərə böyük ehtiyacımız var.

Və bəzən görürsən ki, orta məktəbdə yaxşı oxumayan, bir o qədər də sayılıb-seçilməyən bir məzun həyatda özünə çox böyük bir mövqe tutdu, istedadı və vətənpərvərliyi ilə yeni bir tarix yazdı. Biz bunu Birinci və İkinci Qarabağ savaşında şahidi olmuşuq. Şahidi olmuşuq ki, orta məktəbdə zəif oxuyan şagirdlər Vətəni müdafiə etmək üçün əllərinə silah alıb, döyüşə atılıb, ya şəhid olub, ya qəhrəman olub, ya da qazi olub. Bu bizim uzaq tarix deyil, bu bizim yaxın tarixdir.

Bir daha ali məktəbə qəbul olmuş bütün məzunları, o cümlədən Horadiz şəhər 2 nömrəli tam orta məktəbinin tələbə adını qazanmış gənclərini təbrik edirik, onlara gözəl tələbəlik illəri və mənalı bir ömür arzulayırıq. O ömür ki, onu sevə-sevə yaşasınlar, valideynləri və müəllimləri də onlara baxıb sevinsinlər...