27 Yanvar 2021 12:38
17051
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: QARLI VƏ ŞAXTALI HAVALARDA...

Sürücülər ara məsafəsi saxlamalıdır

 

Artıq ölkəmizdə qışdı. Qışda isə bir qayda olaraq havalar soyuq keçir, şaxtalı olur, qar yağır. Amma bizim ölkəmizdə şimal məmləkətlərlə müqayisədə qış sərt keçmir və qar da çox yağmır. Qar ən çox yağsa, dağlıq rayonlara və bəzi hallarda aran rayonlarına yağır. Ancaq bunlara baxmayaraq, bütün xidmət sahələri, eləcə də sürücülər qışa hazır olmalıdırlar. Ən azından ona görə ki, güclü qar da yağa bilər, şaxta da düşə bilər, yollar buz da bağlayar. Bax, belə olanda nəqliyyat vasitələrini idarə etmək sürücüdən ikiqat məsuliyyət tələb edir.

Ölkəmizə yanvar ayının 20-də və 21-də qar yağdı. Düzdür, Bakıda bu qar bir o qədər də hiss olunmadı. Amma Bakının Yeni Günəşli yaşayış sahəsinə yanvarın 20-də əməlli-başlı qar yağmışdı. Bəlkə də qarın qalınlığı 10 sm-ə çatardı. Bakıda yaşayan dostlarıma deyirdim ki, Yeni Günəşliyə qar yağıb, inanmırdılar. Hətta yol buz bağladığına görə, 50 nömrəli marşrutda işləyən avtobuslar Yeni Günəşlidəki qartal abidəsinin yanından yuxarı qalxa bilmirdi. Dostlarımızsa deyirdi ki, biz tərəfə qar yağmayıb. Nə isə...

Sözümün canı Günəşliyə qar yağmasında deyil. Sözümün canı odur ki, həmin günlər Lerikə, Şamaxıya, İsmayıllıya, Qubaya, Qusara, Balakənə, Zaqatalaya və ölkənin əksər rayonlarına güclü qar yağmışdı. Hətta deyilənə görə, Lerikdə qarın qalınlığı 40 sm çatırdı. Təbii ki, qar da yağanda respublikanın avtomobil yollarında nəqliyyat vasitələtinin hərəkəti daha da çətinləşir.

Mürəkkəb hava şəraiti ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsi öncədən sürücülərə xəbərdarlıq etmişdi ki, respublikanın avtomobil yollarında hərəkət edərkən hava şəraitini nəzərə alsınlar, ara məsafəsi saxlasınlar, sürət həddinə əməl etsinlər və texniki cəhətdən nasaz avtomobillə yola çıxmasınlar.

Həmin günlər Bakı-Şamaxı-İsmayıllı və Ağsu dolamalarında nəqliyyat vasitələrinin hərəkəti daha da çətinləşib. Düzdür, yol istismar idarələri öncədən məlumatlandırılıb və onlar ektremial şəraitə hazır olublar. Yəni avtomobil yollarının qardan təmizlənməsi üçün qabaqlayıcı tədbirlər görülüb, texnikadan istifadə edilib, yollara duz qarışıq qum tökülüb. Amma həmin vaxt axşam saatlarında Ağsu dolamalarında yollar buz bağladığından avtomobillərin hərəkəti çətinləşib və bu hərəkət bir müdətdən sonra məhdudlaşdırılıb.

Adi hava şəraiti ilə müqayisədə qarlı və şaxtalı günlərdə qəzalar daha çox olur. Bunun da səbəbi ondan ibarətdir ki, sürücülər mövcud mürəkkəb hava şəraitini nəzərə almırlar. Üstəlik də, qarlı və buzlu yollarda ara məsafəsi saxlamır, əyləc sistemindən istifadə edirlər. Hələ bu da azmı kimi, texniki cəhətdən nasaz avtomobilin sükanı arxasında əyləşir və təcrübəsi olmadığı halda nəqliyyat vasitəsini idarə etməyə cəhd edirlər.

Budəfəki qarlı və şaxtalı havada da yol-nəqliyyat hadisələri adi günlərə nisbətən artıb. Bu da ona dəlalət edir ki, sürücülər yol polisinin tövsiyələrinə əməl etmir, onu qulaqardına vurur və öz bildikləri kimi hərəkət edirlər. Hansı ki, qarlı və şaxtalı havada yol polisi gücləndirilmiş iş rejimində işləyir, sutkanın 24 saatını xidmət aparır. Xüsusən də avtomobil yollarının daha təhlükəli olduğu yerlərinə əlavə naryadlar göndərilir. Bu əlavə naryadlar da ona görədir ki, qarlı havada çətin vəzi yyətə düşən sürücülərə kömək göstərilsin və onlar çətin vəziyyətdən çıxa bilsinlər.

Təəssüf ki, həmişə olduğu kimi, bu dəfə də bəzi sürücülər qarlı havanın mürəkkəbliyini nəzərə almayıb qəzalar törədiblər. Bu qəzalar isə ölüm və xəsarətalma halları ilə nəticələnib. Hətta təcrübəsi olmayan və texniki cəhətdən nasaz avtomobillə yola çıxan sürücü özü ilə yanaşı, başqa hərəkət iştirakçılarını da təhlükəyə atıb.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli bildirir ki, mürəkkəb hava şəraiti ilə əlaqədar olaraq öncədən idarəmiz tərəfindən bütün sürücülərə xəbərdarlıq edilmişdir. Bildirmişdik ki, hidrometroloqların bizə verdiyi məlumata görə, yanvarın 20-dən 22-dək ölkə ərazisində hava soyuyacaq, qar yağacaq və yollar buz bağlayacaq. Onu da sürücülərin nəzərinə çatdırmışdıq ki, qarlı və şaxtalı havada ara məsafəsi saxlasınlar, əyləc sistemindən istifadə eləməsinlər, texniki cəhətdən nasaz nəqliyyat vasitəsilə yola çıxmasınlar. Üstəlik də onu da xatırlatmışdıq ki, təcrübəsiz sürücülər mürəkkəb hava şəraitini nəzərə alsınlar və yol hərəkəti qaydalarına əməl etsinlər.

Toğrul Nəsirli fikrini davam etdirərək dedi ki, əfsuslar olsun, bəzi sürücülərin məsuliyyətsizliyi nəticəsində qarlı, şaxtalı və buzlu havada qəzalar qaçılmaz olub. Hər bir sürücü yol hərəkəti qaydasına əməl etsə, tövsiyələrimizi yerinə yetirsə, tam məsuliyyətlə deyə bilərəm ki, qəzalar baş versə də, ölüm və yaralanma halları ya aşağı enər, ya da bu cür bədbəxt hadisələr baş verməz. Ona görə də bir daha qış mövsümü olduğu üçün sürücülərə tövsiyə edirik ki, qarlı, şaxtalı havalarda daha diqqətli olsunlar və yol hərəkəti qaydasına riayət etsinlər.

Göründüyü kimi, hələ qarşıda qışın oğlan çağı, yəni fevral ayı, kiçik çillə durur. Fevral ayında isə havalar dekabr, yanvar ayına nisbətən daha soyuq, şaxtalı və qarlı keçir. Deməli, qarlı və şaxtalı havalara sürücülər hazır olmalı, yol polisinin tövsiyələrini dinləməli, soyuq havaya uyğun olaraq nəqliyyat vasitələrinin texniki göstəricilərini qaydaya salmalıdılar. Yəni yay vaxtı işlənmiş avtomobil şinlərindən yox, qışda istifadə olunan təkərlərdən istifadə etməli, texniki göstəriciləri uyğunlaşdırmalı, qarlı və şaxtalı havada avtomobil yolalrında mütləq olaraq ara məsafəsi saxlamalıdılar. Bu cür qaydalara əməl etməklə, qarlı və şaxtalı havada sürücülər həm özlərini, həm də digər hərəkət iştirakçılarının həyatlarını təhlükədən xilas edə bilərlər.