03 Oktyabr 2024 11:51
5757
MÜSAHİBƏ

Fidan Ataxanlı: “Az miqdarda olsa da, spirtli içkinin hər zaman mənfi təsirləri var” - MÜSAHİBƏ

Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzinin sosioloqu Fidan Ataxanlı nazirliyin saytına müsahibə verib.

Adalet.az müsahibəni təqdim edir.

- Fidan xanım, ilk öncə bilmək istərdik ki, alkoqol asılılığı və onun əlamətləri nələrdir?

- Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən, alkoqolizm spirtli içkilərin təkrarlanan formada və davamlı olaraq qəbul edilməsi nəticəsində meydana gələn sui-istifadə halıdır. Alkoqol asılılığı dedikdə, sözü gedən əlamətlərin ən azı ikisinin 12 ay və daha artıq müddətə özünü göstərməsi nəzərdə tutulur. Bu əlamətlər sırasına istifadə etmə kontrolunun itirilməsi, spirtli içki istifadəsini dayandırmaq və ya nəzarətdə saxlamaq üçün daimi bir istək və nəticəsi olmayan cəhdlərin olması, spirtli içki qəbuluna digər fəaliyyətlərdən daha çox zaman ayırılması faktları aiddir. Bundan əlavə, evdə, iş yerində və ya təhsil müəssisəsində üzərinə düşən məsuliyyətlərin yerinə yetirə bilinməməsi, ortaya çıxan zərərlər və mənfi nəticələr olmağına baxmayaraq, güclü istifadə istəyinin olması, spirtli içkilərin getdikcə öz təsirini itirməsi də asılılıq əlamətləridir.
Digər əlamətlər isə nəzərdə tutulandan daha artıq və ya uzun müddətli alkoqol qəbulu halları, bunların təkrarlanması faktları, spirtli içkilərin istifadəsi nəticəsində ortaya çıxan və ya onların istifadəsi ilə artan davamlı şəxslərarası problemlərin olmasıdır. Buna baxmayaraq təhlükəli vəziyyətlərlə nəticələnə biləcək situasiyalarda alkoqol istifadəsi, alkoqol istifadəsinin dayandırılması və ya azaldılması zamanı özünü göstərən abstinent sindrom – kəsilmə sindromu əlamətlərinin olmasıdır.

- Alkoqolun fiziki və psixoloji fəsadları hansılardır?

- Spirtli içkilərin tərkibində psixoaktiv və toksik maddə olan, asılılıq formalaşdıran etanol mövcuddur. Alkoqollu içkilərin istifadəsinin bir çox xəstəlik və təhlükəli situasiyalarla əlaqəli olması danılmaz bir faktdır.
Belə içkilərin qəbulu qaraciyər, ürək-damar, QİÇS və vərəm kimi yoluxucu xəstəliklərin ortaya çıxması riskini artırır.
Spirtli içki qəbulunun psixi təsirləri kimi depressiya, təşviş pozuntusu, psixoz və antisosial davranış pozuntuları misal göstərilə bilər.

- Alkoqol asılılığının digər asılılıqlarla nə kimi əlaqəsi var?

- Spirtli içki istifadəçilərinin bir çoxu tütün məhsullarından da istifadə edir və ya əksinə. Miçiqan Universitetinin araşdırmasına görə alkoqol asılılığı olan insanların digər psixoaktiv maddə və dərman vasitələrindən istifadə etmə ehtimalı spirtli içki istifadə etməyənlərə nisbətən 18% daha yüksəkdir. Digər bir araşdırma göstərir ki, yeniyetmə və gənclər arasında spirtli içki və tütün məhsullarından istifadə edən şəxslərə daha ağır psixoaktiv maddə istifadəsinin təklif edilməsi faktı daha yüksəkdir.
Spirtli içkilərin psixoaktiv maddələrlə istifadəsi çox ağır fiziki, psixi və davranış pozuntuları ilə nəticələnə bilər.
Həmçinin, soyuqdəymə və qrip əleyhinə dərmanların spirtli içkilərlə birlikdə qəbulu qaraciyər üçün ağır fəsadlara səbəb olur.

- Spirtli içki istifadəsinin sosial həyat və cəmiyyət üçün fəsadları nələrdir?

- Spirtli içkilərdən istifadə insanın sosial həyatı üçün ciddi fəsadlara səbəb olur. Alkoqol asılılığı zamanı insan gündəlik məsuliyyətlərini yerinə yetirə bilmir. Bu, onun ailə və yaxın çevrə ilə münasibətlərinə ziyan vurur. Eyni zamanda, iş yerində və təhsil müəssisələrində ciddi problemlərə səbəb olur. İşinin itirilməsi həm öz, həm də ailə üzvlərinin iqtisadi durumuna təsir göstərir.
Alkoqol sadəcə istifadə edən şəxsə deyil, ümumilikdə cəmiyyətə də ziyan vurur. Bundan başqa, spirtli içki təsirində olarkən, yıxılma, boğulma, intihar cəhdləri də ortaya çıxır. Alkoqol istifadəsi aqressiv davranışlara səbəb olmasa da, bəzi insanlarda zorakılıq davranışları ehtimalını artırır. Spirtli içki istifadəsi normal beyin fəaliyyətini pozur, beyində qərarvermə və impulsların idarəedilməsi ilə əlaqəli olan hissələrin normal funksionallığına mane olur. Koqnitiv funksiyalar pozulduğuna görə insan problemləri həll etmə, aqressiyanı idarəetmə, düzgün qərar vermə proseslərini yerinə yetirə bilmir. Spirtli içki təsirində olarkən davalar, mübahisə faktları ortaya çıxa bilir, qanun pozuntuları meydana gəlir.
Bununla yanaşı, ailə strukturuna da spirtli içki istifadəsinin mənfi təsiri var. Valideynlərlə, həyat yoldaşı ilə yaşanan gərginliklər və mübahisələr ailələrdə problemlər ortaya çıxarır və nəticədə boşanmalar baş verir. İstifadəçi valideyndirsə, uşaqların qayğısı və tərbiyəsi ilə məşğul ola bilmir.

- Alkoqol asılılığının əmələ gəlmə səbəbləri hansılardır?

- Uzun müddətli alkoqol istifadəsi beyində dəyişikliklərə səbəb olur və nəticədə asılılıq meydana gəlir. Hər bir fərd üçün spirtli içkilərin təsiri eyni deyildir. Genetik, fiziki, psixoloji və sosial faktorlar alkoqol sui-istifadəsində rol oynayır. Genetik faktorlar insanın alkoqol asılılığına daha meyilli olmasına səbəb ola bilər. Burada öyrənilən davranışların da rolu var.
Bəzi insanlar impulsiv davranışlar, aşağı özünə inam, özünü təsdiqləmə ehtiyacı kimi səbəblərə görə spirtli içkilərdən istifadə edir. Emosional problemlər, həyatında baş verən çətinliklər, zorakılıq faktları və s. alkoqol sui-istifadəsi ilə nəticələnə bilir. Bəzi psixi problemləri olan insanların da spirtli içkilərə üz tutması faktları müşahidə olunur.
Yadda saxlamaq lazımdır ki, az miqdarda olsa da, spirtli içkinin hər zaman mənfi təsirləri var və hər bir fərd üçün bu təsirlər fərqlidir.

- Xüsusi risk qruplarına kimlər daxildir?

- Beyin inkişafı davam etdiyinə və qərarvermə hissəsi hələ tam formalaşmadığına görə, yeniyetməlik yaşlarında başlayan istifadə daha təhlükəlidir. Belə ki, 18 yaşından əvvəl spirtli içki istifadə edən insanların daha sonrakı həyatında asılılıq formalaşdırması ehtimalı digərlərinə nisbətdə daha çoxdur.
Eyni zamanda, bu dövrdə başlanan istifadə gənclərin gələcək həyatlarının formalaşdırması zamanı da ciddi maneələr yarana bilər. İmpulsiv davranışlar, özünü təsdiqləmə və fərqlənmə ehtiyacı, çevrə və s. faktorlar yeniyetmə və gənclərin spirtli içki, tütün məhsulları və daha ağır psixoaktiv maddələrə əl atmasında rol oynayır.
Hamiləlik dövründə spirtli içki istifadəsi də çox risklidir. Bu, inkişaf gerilikləri və anadangəlmə davranış və düşüncə qüsurları ilə xarakterizə olunan fetal alkoqol sindromu ilə nəticələnə bilər. Bununla yanaşı, hamiləlik zamanı alkoqol istifadəsi erkən doğuş və düşük riski ehtimallarını da artırır.

- Alkoqoldan sui-istifadə problemi olan insanlara necə kömək göstərmək olar?

- Spirtli içki istifadəçiləri və onların yaxınları stiqmalar və utanc hissi səbəbi ilə bəzi hallarda bunu gizlədir və ya müalicə mümkün olmadığını düşünə bilirlər. Əslində isə müxtəlif yanaşma və üsullarla bu insanlara kömək göstərmək mümkündür. Müalicə prosesi individualdır və xəstənin vəziyyəti və ehtiyaclarına uyğunlaşdırılır. Detoksifikasiya, reabilitasiya, fərdi və qrup terapiyaları, dəstək qrupları, resosiolizasiya kimi mərhələrlə asılılıqdan uzaqlaşmaq və normal yaşamı yenidən bərpa etmək mümkündür.
Yalnız istifadəçinin özünə deyil, ailəsi və yaxın çevrəsinə də yardım etmək lazım olur. Bu problem ailə üçün də olduqca stresli ola bilər.
Sağlam həyat tərzi vərdişlərinə yiyələnmək - düzgün qidalanma, yuxu rejimi, idman və fiziki aktivlik, asudə vaxtın səmərəli dəyərləndirilməsi asılılıq və zərərli vərdişlərdən qurtarmaq istəyən insanlar üçün olduqca vacibdir.