adalet.az header logo
  • Bakı -°C
09 Avqust 2026 14:52
65
DÜNYA
A- A+

Fransa kanak xalqının qanuni etirazlarını silahlı müdaxilə ilə qarşılayır

9 avqust - Beynəlxalq Yerli Xalqlar Günü yalnız Yerli Xalqların mədəniyyət və irsini qeyd edən tarix deyil, həm də müstəmləkəçiliyin yaratdığı tarixi ədalətsizlikləri və onun bu gün də davam edən ağır nəticələrini xatırladan mühüm gündür.

Adalet.az “Report”a istinadən xəbər verir ki, Fransa və Niderland kimi müstəmləkəçi dövlətlər əsrlər boyu əsarət altında saxladıqları yerli xalqların fundamental hüquqlarını, mədəni və dil kimliklərini bu gün də sistemli şəkildə tapdalamaqda, öz müqəddəratını təyin etmək tələblərini görməzdən gəlməkdə, əhalini zorakı assimilyasiya siyasətinə məruz qoymaqda, sahib olduqları ərazilərin təbii sərvətlərini istismar etməkdə və torpaqlarını mənimsəməkdə davam etməkdədirlər.

Avropanın coğrafi məkanında yerləşməsinə baxmayaraq, Korsika xalqı rəsmi Paris tərəfindən hücumlara məruz qalır, yerli Korsika dili sıxışdırılır, müstəqillik tələb edən partiyalara və hərəkatlara qarşı “terror təhlükəsi” adı altında silahlı hücumlar təşkil olunur.

Fransanın uzunmüddətli müstəmləkəçilik siyasəti Ma ohi Nui (Fransız Polineziyası) ilə birlikdə BMT-nin dekolonizasiya olunmalı ərazilər siyahısında yer alan Kanakinin (Yeni Kaledoniya) əsrlər boyu sahibi olmuş kanak xalqının siyasi, sosial və iqtisadi hüquqlarının məhdudlaşdırılmasına, onların tarixi torpaqlarında sıxışdırılmasına və torpaq üzərində nəzarət imkanlarının əhəmiyyətli dərəcədə zəiflədilməsinə səbəb olub. Paris uzun illər materik Fransadan planlı şəkildə əhalinin adaya köçürülməsinə və yerli kanakları azlıqda qalmasına şərait yaradan demoqrafik siyasət həyata keçirir, kanak xalqının bu siyasətə qarşı qanuni etirazları isə Fransa tərəfindən silahlı müdaxilə ilə qarşılanır.

2024-cü ilin mayında Fransanın seçici siyahılarına dair islahat cəhdinə qarşı Kanak xalqının keçirdiyi dinc etiraz aksiyaları zamanı kanak mənşəli vətəndaşlar Fransa polis qüvvələri tərəfindən qətlə yetirilib. Bununla yanaşı, müstəqillik tərəfdarı siyasi qüvvələrin rəhbərləri qanunsuz həbs olunub, onlardan bir neçəsi Fransaya aparılıb.

Ma ohi Nui-də (Fransız Polineziyası) əhalinin böyük əksəriyyətini yerli Ma ohi Nui xalqı təşkil edir. Təxminən 5 milyon km²-lik EEZ-ə (Xüsusi İqtisadi Zona - red) malik bu strateji ərazinin dəniz resursları üzərində əsas nəzarət Fransa dövlətinin əlindədir. Fransanın 1966-1996-cı illərdə burada keçirdiyi 193 nüvə sınağı isə müstəmləkəçiliyin ən ağır miraslarından biri olaraq ətraf mühitə və yerli əhalinin sağlamlığına uzunmüddətli zərər vurub. Bu sınaqlar Ma ohi xalqının hüquq və təhlükəsizliyinin Fransa hərbi-strateji maraqlarına tabe etdirilməsinin bariz nümunəsi kimi qiymətləndirilir.

Qvadelup və Martinikdə müstəmləkəçiliyin ən ağır və uzunmüddətli nəticələrindən biri xlordekon pestisidinin yaratdığı genişmiqyaslı ekoloji çirklənmədir. Onilliklər ərzində istifadə edilən bu yüksək toksik maddə torpaq və su ehtiyatlarını çirkləndirərək regionun ekosisteminə və ictimai sağlamlığa ciddi zərər vurub. Xlordekon Antil əhalisinin 90 faizindən çoxunun orqanizmində aşkar edilib.

Fransanın cənub-qərbində yaşayan Basklar (Basques) və ölkənin qərbində məskunlaşan Bretonlar (Bretons) uzun illər ərzində Parisin sərt mərkəzləşmiş və assimilyasiya siyasəti və “vahid millət, vahid dil” adı altında milli kimliklərini, dillərini və mədəni irslərini itirmək təhlükəsi ilə üz üzədirlər.

Fransız Qvianasında yaşayan Kalina, Lokono, Vayana, Vayampi, Teko və Palikur xalqları Fransanın uzunmüddətli müstəmləkəçilik siyasətinin qurbanına çevriliblər.

Mayottada Qəmər və Malaqasi mənşəli olan yerli Mahorais əhalisi Fransanın müstəmləkə idarəçiliyinin uzunmüddətli nəticələri ilə yanaşı, təbii fəlakətlərə qarşı həssaslığın da ağır nəticələrini yaşayır.

Niderlandın müstəmləkə əsarətində olan Boneyra, Aruba, Saba və Sen-Martin kimi Karib ərazilərində yaşayan yerli xalqlar uzun illərdir müstəmləkə idarəçiliyinin siyasi, iqtisadi və sosial nəticələri ilə üzləşirlər. Niderlandın tətbiq etdiyi idarəetmə və iqtisadi siyasətlər nəticəsində torpaqların kommersiyalaşdırılması, sürətli turizmin genişlənməsi, xarici kapitala artan asılılıq və daşınmaz əmlak qiymətlərinin yüksəlməsi yerli əhalinin öz torpaqlarında münasib qiymətə mənzil və iqtisadi resurslara çıxışını çətinləşdirir. Eyni zamanda, bu proseslər yerli xalqların milli və mədəni kimliyinin zəifləməsinə, təbii sərvətlər üzərində nəzarət imkanlarının azalmasına və siyasi qərarvermədə asılılığın dərinləşməsinə səbəb olur.