adalet.az header logo
  • Bakı 19°C
27 Yanvar 2022 12:11
362
MƏMLƏKƏT

GƏLİN BİR-BİRİMİZİN QƏDRİN BİLƏK

İMZASINI QOYMUŞ MİLƏL ÖVRAQİ-HƏYATƏ,

YOX MİLLƏTİMİN XƏTTİ BU İMZALAR İÇİNDƏ...

Məhəmməd HADİ

Uzun-uzadı yazıb, nə Sizlərin dəyərli zamanınızı almaq istəmirəm, nə də ki, elmi-ədəbi yaradıcılıqla məşğulluğumun zaman sıxlığı buna imkan vermir. Elə demək istədiklərimin çoxusunu əbədiyaşar Hadimizin bu ünlü fikri ilə söyləmiş oldum.

Bir Azərbaycan aydını olaraq son 30 illik fəaliyyətim dövründə çoxsaylı ölkələrdə ən ümdə vəzifəm bilərək milli-mənəvi dəyərlərimizi, tariximizi, elmimizi, mədəniyyətimizi, görkəmli şəxsiyyətlərimizi tanıtmaq və təbliğ etməklə məşğul oldum. Çox şükürlər olsun ki, mütəmadi olaraq gəzib-dolaşdığım 4 qitədə Millətimin imzasını yetərincə imzalar içinə həkk etməyi Allah mənə nəsib etdi. Yaxından tanıyanlar çox gözəl bilirlər ki, bütün şüurlu fəaliyyətim boyunca millətim və dövlətim qarşısında alnım açıq, üzüm ağdır. İstedadım, halallığım, işgüzarlığım, saflığım və səmimiyyətim elə o 4 qitədə örnək bilinərək, dillər əzbəridir. Ən böyük qürurum Ailəm, Əməllərim və əməllərimə verilən yüksək cəmiyyət sevgisi və Dövlətimizin dəyəridir.Texnika elmləri doktoru, professor olmaq, Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq, Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət işçisi, Azərbaycan Respublikasının Qabaqcıl Təhsil işcisi, Avropanın Fəxri alimi və ixtiraçısı Fəxri adlarını daşımaq, “Qızıl Kəlmə” Dövlət mükafatı, akademik Yusif Məmmədəliyev mükafatı və çoxsaylı şərəfli mükafatlar və təltiflər laureatı olmaq məncə tərəfimdən yaşanmış bir ömrün kimlik mənzərəsini tam sərgiləyir.

Əsas mətləbə keçirəm. 2009-cu ildən təmsilçisi olduğum ictimai qurumlardan biri, ofisləri Cenevrə və Moskva şəhərlərində olan UNCOPA – Millətlərin Birləşmiş İctimai Təltif Şurasıdır. Bu Şura 1996-cı ildə Rusiyanın və dünyanın görkəmli ədəbiyyatşünaslarından biri olan, yaxın dostum, uzun illər Lüksemburqda fəaliyyət göstərən Avropa Ədəbiyyatçılar İttifaqının Sədri olmuş, mərhum akademik, şair Mixail Pekelis (2.08.1947 – 14.05.2020) tərəfindən Birləşmiş Millətlər Təşkilatının sosial layihələrindən birinə rəhbərlik etdiyi zaman onun rəhbərliyi altında bir qrup avropalı alimlərin təşəbbüsü ilə yaradılmış və quruma vəfatına qədər o rəhbərlik etmişdir. 1999-cu ilin may ayına qədər bu ictimai şura Birləşmiş Millətlər Təşkilatının layihəsi çərçivəsində beynəlxalq mükafatlandırma fəaliyyəti ilə məşğul olmuş, layıhənin icra müddəti bitdiyi may 1999-cu ildən etibarən isə müstəqil ictimai təşkilat olaraq fəaliyyətini davam etdirmişdir.

2010-cu ildə Almaniyada keçirilən beynəlxalq bir Simpoziumda həmin qurumun İsveçrə təmsilçisi, tanınmış Beynəlxalq hüquq müdafiəçilərindən biri, Birləşmiş Millətlər Təşkilatının müxtəlif toplantılarında hüquqları pozulan bir sıra xalqların hüquqlarını əzmkarlıqla müdafiə edən və bu sahədə böyük uğurlara imza atmış türk əsilli professor M.Ş. Güzel ilə (onun uzun illər BMT-də Quzey Kıbrıs və Qarabağla bağlı fədakarlığı başqa bir söhbətin mövzusudur!) tanış oldum və bir millətin nümayəndələri olaraq tanışlığımız dostluğa və əməkdaşlığa çevrildi. Nəticədə ölkəmizin bir sıra nüfuzlu, ictimaiyyətin sevgisini qazanmış elm, mədəniyyət, incəsənət xadimlərini, xeyriyyəçilərini ictimai mükafatlara (xüsusilə yubiley və milli bayramlarımızda) təqdim etdim və təltiflər həyata keçirildi. Hətta bir neçə təqdimatlarda M.Güzel bəy Bakıya rəsmi dəvətləri çərivəsində şəxsən özü iştirak edib. Təbii ki, bu təqdimatlardan xəbərlər ölkə mətbuatında haqlı olaraq geniş yer alıb. Çox əfsuslar olsun ki, təltif tədbirləri zamanı məruzəçilər və şəxsim tərəfindən İctimai təltif şurasının yaranışının ilk illərində BMT -nin o dönəm beynəlxalq bir layihəsinin rəhbəri olmuş akademik M.Pekelisin adı və rəhbərliyi ilə hallanması, eyni zamanda İsveçrə təmsilçisinin BMT-də çox fəal və cəsur bir hüquq müdafiəçisi olması və qurumun ictimailiyinin BMT – nin ictimai təşkilat ilkələri, niyyətləri ilə uyğunluğunu dəqiq ayırd edə bilməyən jurnalistlərimiz təltif edən qurumu Millətlərin Birləşmiş İctimai Təltif Şurası yerinə sadəcə BMT olaraq yazır və tirajlayırlar. Bunu isə Azərbaycan-Türkiyə qardaşlığının bunca ideallaşmasından və ömrümün son 30 ilini bu qardaşlığa könül sevdam olaraq fəda etməmdən yuxuları qaçan bədxahlarımız girəvə olaraq istifadə edirlər. Son zamanlar bu halı tədbirlərimizdə xüsusi vurğulamamıza rəgmən media mənsublarımız ilk dəqiqələrdə bir neçə fotolar çəkərək, digər tədbirə gecikmək üzrxahlığı ilə çıxıb gedir, xəbəri hazırlayanda saytlara baş vurur, ordan isə əvvəlki həmkarının səhvini yenidən təzələyir. Ardından isə haqlı olaraq bəzi təcrübəli jurnalist həmkarlarımız, ictimaiyyət və sosial şəbəkə nümayəndələri bizə irad bildirir. Sonra isə həmin iradların altında o qədər haqsız qaragüruh şərhləri, nadanlıqlar, mənəviyyatsızlıq alovuna bürünmüş təhqirlər sıralanır ki, zərrə qədər günahı olmayan ünvan (konkret halda MƏN) üzümü Allaha və Hadiyə tutaraq, acı təbəssümlə aşağıdakı sözləri pıçıldayıram:

- Əlimi vicdanıma və namusuma qoyaraq bildirirəm ki, tək bir amacım və yaşam fəlsəfəm MİLLƏTİMİN XƏTTİni İMZALAR İÇİNƏ yazmaq olub və son nəfəsimə qədər də bu əqidəmə sadiq qalacam.

GƏLİN BİR-BİRİMİZİN QƏDRİN BİLƏK, ƏZİZ SOYDAŞLARIM!!!

RUHUN ŞAD OLSUN, MƏHƏMMƏD HADİ!!!

Elçin İsgəndərzadə