Gəncə şəhərində ermənilərlə müsəlmanlar arasında baş verən hadisə

Xəbər verdiyimiz kimi Adalet.az-ın əməkdaşı bir müddətdir ki, 1905-1906-cı illərdə erməni-müsəlman davasıyla bağlı silsilə yazılara start verib.
Növbəti yazını təqdim edirik:
Gəncə şəhərində ermənilərlə müsəlmanlar arasında baş verən hadisə
Şəvvəlin 8-də xəbər gəldi ki, Gəncə şəhərində müsəlmanlarla ermənilər arasında olan toqquşma nəticəsində dava başlamışdır. Teleqrafla xəbər verdilər ki, iki gecədir Gəncədə böyük od-alov görünür. Ancaq təfsilatı məlum deyildir. Sonrakı təhqiqatla məlum oldu ki, erməni tayfası müsəlmanları arxayın edərək onlara qarşı yeni xəyanət hazırlamaq üçün tədarük görərək hər yana yazıb özləri üçün köməklər gətiriblər.
Müsəlman isə hər şeydən xəbərsiz sakit və samit öz işlərində və alış-verişlərində idilər. Ermənilər silah tədarüklərini məramlarınca yığdıqdan sonra hər yana yazıb qüvvə tələb etdilər. Bu tələb əsnasında hər yandan silahlı ermənilər gəlirdi. Gəncə ermənilərinə Qarabağdan da kömək gəlmişdi. Qarabağdan gələn dəstənin başında dülgər Barseğin oğlu Sancan dururmuş. Ermənilər müsəlmanlarla davanı başlamaq üçün nahaq yerə üç müsəlmanı öldürürlər. Müsəlmanlar bu əhvalatı eşidən kimi bazar-dükanı bağlayıb silahlanır və Ya Allah deyib ermənilərin üstünə hücum çəkərək atışmağa başlayırlar.
Bu xəbər ətrafa yayılan kimi kənar yerlərdən köməklər gəldi. Bu gələn köməklərin arasında Əli adlı mütəssib və qeyrətli bir cavan var idi. Qaçaq olan bu oğlan başına bir xeyli atlı toplayıb Gəncəyə müsəlmanların köməyinə gəlmişdi. Ermənilərin qaçmasına imkan verməmək üçün qabaqcadan körpünü kəsdilər.
Bundan sonra ermənilərin üstünə güllə yağdırmağa başladılar. Ermənilərdən qırılan çox oldu. Ermənilərin mövqeyi tutulduqca onların evlərinə, dükanlarına və mağazalarına od vurub yandırırdılar. Amma bir işdə çox səhv etdilər ki, müsəlman məhəlləsində yerləşən və məscid dükanına bitişik olan erməni dükanına od vurdular. Çünki erməni dükanı yanarkən küləyin təsiri ilə od-alov məscid dükanına da keçdi. Söndürülməsi mümkün olmadığından erməni dükanı ilə məscidin mağazası da yandı.
Bu dava nəticəsində ermənilərdən xeyli adam qətlə yetirildi. Dedilər ki, Qarabağdan gəlmiş Barseğin oğlu Sancan da öldürülmüşdür. Amma sonra məlum oldu ki, diridir. Müsəlmanlardan da bir necə nəfər şəhid olmuşdu.
Neçə vaxtdan sonra xəbər çıxdı ki, Məhəmmədhəsən adlı bir molla iki nəfərlə nəyəsə baxmağa gediblərmiş. Hiyləgər erməni tayfası onları şirin dilə tutaraq harasa aparıb və yox etmişdilər. Sonra onların taleyindın bir xəbər çıxmadı”.
Mənbə: Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabı.
Vasif Əlihüseyn
Ardı var...