GÖYÇAY: ŞAH ƏSƏRİN FRAQMENTİ

Heydər Əliyev-100
Ulu öndər Heydər Əliyev üçün Azərbaycanın bütün problemləri onsuz da məlum idi. Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən generalın gözündən, əlbəttə heç nə qaçmırdı. İqtisadiyyatdakı gerilik, xüsusilə kənd təsərrüfatının bərbad vəziyyəti, əksər rayonlarda əhalinin yaşayış səviyyəsinin son həddə yaxınlaşması – bütün bunlar vətənpərvər bir insan üçün çox ağır, daha pis perspektivlər vəd edən gerçəklik idi. Onun hakimiyyətə gətirilməsi zərurəti məhz bu səbəbdən yaranmışdı.
Azərbaycan bütün istiqamətlərdə dirçəlib inkişaf etməli, onun vətəndaşlarının yaşayış vəziyyəti yüksəlməlidir!
Rəhbərin yüksək səviyyəli kadr siyasəti, işgüzarlığın artırılması, xoş gələcəyə doğru ötən hər günün təntənəyə çevrilməsi, nöqsanlara və ədalətsizliyə qarşı barışmazlığı, gənclərə inamı, gələcək üçün daha səviyyəli kadr potensialının formalaşdırılması, ən başlıcası müntəzəmliklə xalqla geniş ünsiyyəti, tez-tez rayonlarda, əsasən kənd təsərrüfatı sahələrində olmaq onun hamıya sirayət edən zəhmətsevərlik və vətən-xalq sevgisi dərsləri idi.
Nəticə çox tez öz həllini tapdı. Paytaxt Bakıda yeni-yeni sənaye müəssisələri, yaraşıqlı binalar, yaşayış mənzilləri artmağa başladı. Pambıqçılığın, üzümçülüyün, barama və tütünçülüyün, tərəvəzçiliyin ildən-ilə yüksəlməsi Azərbaycanı ayağa qaldırdı, SSRİ kimi nəhəng bir ölkədə birincilər sırasına çıxartdı. Rayonları, kəndləri birləşdirən o dövrlər üçün rahat sayıla biləcək yeni yollar çəkildi. Pambıq zavodları, üzüm emalı müəssisələri, fermentasiya qurğuları və digər vacib tikintilər sürətlə inşa edilərək istehsala qovuşduruldu.
Kəndlərdə həyat görünməmiş bir təntənə və sevinclə gələcək günlərə boylanırdı. Bir çox miskin görkəmli kəndlər təsərrüfat gəlirlərinin hesabına görkəmlərini dəyişir, ağac doqqazlar, taxta və dəmir qapılarla bəzənir, yeni evlər tikilir, kol-kosdan hörülmüş həyətyanı sahələr səliqəli kərpic və daşlarla ucaldılmış hasarlarla əvəzlənir və… bu evlərin küçə qapılarından həyətlərə artıq kəndlinin özünə məxsus müxtəlif markalı minik maşınları da keçib ailə üzvlərini sevindirirdi, xüsusilə də sanki nağıllar aləminə düşmüş uşaqları!
Bütün bunlar uzaqgörən dahiyanə plan-proqramın başlanğıcı idi. Heydər Əliyev bütün nazirlik və rayon rəhbərlərinin qarşısına konkret tələb qoymuşdu: vətəndaşlarımız keçmişin his-pasından çıxaraq yaxşı və firavan yaşamalıdırlar. Nadir hallarda bu müdrik siyasətin qiymətini bilməyənlər də olurdu və Birinci onları bağışlamırdı, cəzalandırırdı.
Beləcə, Ulu öndərin Göyçaya da xüsusi diqqətini xatırlamaq, rəhbərin əziz xatirəsini hörmətlə yad etmək gərəkdir. Həm də Göyçayla bağlı Heydər Əliyevin ümumrespublika səviyyəsində paylaşılan qayğı və diqqətindən başqa, çox böyük həyati əhəmiyyət kəsb edən xüsusi münasibəti də heç vaxt unudulmur. Qədirbilən göyçaylılar Ulu öndərin bir çox qayğıları ilə yanaşı, onun məhz vaxtında göstərdiyi əsl xilaskarlıq missiyasını qəlblərində ən əziz adamın bəşəri obrazı kimi yaşadırlar.
…Onda ki, Göyçay dirçəlib inkişaf yoluna çıxmışdı, onda ki, pambıq tarlaları, üzüm plantasiyaları, nar bağları artıq gözlənilən nəticələri də ötüb keçmişdi, kəndlər canlanmışdı, rayon mərkəzində yeni-yeni tikintilər ucalmağa başlamışdı, bu gözəl çinarlar şəhərini Göyçay çayı deyil, şəhərin ortasından keçək Əlvan adlı çay yatağının qarşı dağların bu yatağa açılan dərələrinin daşıdığı sel suları əməlli-başlı daşqın yaratmış, şəhərin mərkəzini və mərkəzə yaxın küçə və evlərini zədələyib uçurmuşdu. Bu, təbiətin çinarlar şəhərinə verdiyi çox qorxulu bir siqnal idi.
Elə həmin ilin sentyabrında Azərbaycan Respublikası KP MK-nın birinci katibi Heydər Əliyev Göyçaya gəlmişdi. Həmin il güclü təsərrüfat adamı Laçın Mikayılovun sədr olduğu S.Vurğun kolxozu həm rayonda, həm də deyəsən elə respublikada pambıq planını birinci olaraq yerinə yetirmişdi. Və həmin S.Vurğun kolxozu mövsümün sonunadək 150 faizdən artıq məhsul istehsal etmişdi. Rəhbər qabaqcıl təsərrüfata gedib pambıqçılarla çox səmimi söhbətlər keçirərkən orada həmin 1972-ci ilin iyun ayında baş vermiş sel daşqınının təkrar olacağı qorxusu da xatırlanmışdı. Heydər Əliyev bu istiqamətdə də tapşırıqlarını verib Göyçay camaatından xoş əhval-ruhiyyə ilə ayrılmışdı. Yeri gəlmişkən, xatırlatmaq istəyirəm ki, o vaxt Göyçayın birinci katibi məşhur Rüstəm Səfərəliyev idi. Respublika rəhbəri bu işgüzar və zəhmli adamı sanki böyük uzaqgörənliklə Göyçaya göndərmişdi ki, həmişə yaxşı tanınıb sonradan bərbad vəziyyətə düşən rayonu dirçəltməkdə nümunə göstərsin.
Bu tarixləri də xatırlamaq lazımdır. Heydər Əliyev Moskvaya getməzdən əvvəl daha iki dəfə - 1978-ci və 1981-ci illərdə də Göyçaya səfərlər etmiş, buradakı təsərrüfat və quruculuq işlərinin hansı səviyyədə olması ilə özü yerindəcə tanış olaraq əlavə tapşırıqlar vermişdir.
Artıq kolxoz və sovxozlar öz istehsal istiqamətləri üzrə formalaşmış, şəhərdə onlarla yeni çoxmərtəbəli yaşayış evi tikilmiş, deyəsən Bakıdan sonra ilk yeraltı keçid də qurulmuş, eyni zamanda quşçuluq kompleksləri, yeni çörək zavodu, nar emalı zavodu, toxuculuq kombinatı və bir sıra müəssisələr həmin illərdə məhz respublika başçısının göstərişi və nəzarəti ilə tikilmişdi.
…S.Vurğun kolxozundakı görüş zamanı göyçaylıların Əlvan çayı ilə bağlı xahişindən sonra iki dağın arasından şəhərə daxil olan yatağın üzərində sel suların qarşısı alına bilər səviyyədə bənd tikilmişdi. Bu bənd müəyyən qədər də öz funksiyasını yerinə yetirə bilirdi. Ancaq 1976-cı ilin yayında gecə saat 10 radələrindən başlayan güclü leysan sanki Böyük Qafqazın cənub ətəklərindəki Boz dağın bütün dərələrinin suyunu Əlvana yönəltmişdi. Gecəyarı bənd güclü təzyiqə tab gətirməyib uçdu. Əlvan öz tutumundan 2-3 qat artıq sel sularını üzü aşağı Kürd və Potu kəndlərinin düzənlərinə kimi daşımaq halında deyildi. Sel suları Əlvan ətrafını dağıda-dağıda paralel küçələri də aşıb-daşıb 800-1000 metr sola, 400-500 metr də sağa nə varsa dağlardan axıb gələn lil qarışıq sularla tanınmaz hala qoydu. Şəhərdaxili arxlar, Göyçayın və qonşu rayonların yanğınsöndürən briqadaları və bir də möhkəm özüllü binalar olmasaydı həmin gecə Göyçay şəhərinin ən azı 60-70 faizi su altında qalacaqdı. Həlak olanların sayı 2 nəfər yox, bəlkə də 200-300 nəfəri keçəcəkdi. Həmin illər şəhər əhalisinin sayı 30000 nəfərdən çox idi.
Bu, çox qorxulu hadisə idi. Çünki hamının Arvan dediyi bu yataq əslində çay deyildi. Şəhərin yuxarı hissəsindən içərilərə doğru daxil olan və hamının Arvan adlandırdığı dərədəki onlarla təbii bulağın sularını adi günlərdə zəif bir arx həcmində daşıyırdı şəhər boyu. Mən o vaxtlar bu dərə və çay yatağı haqqında çoxlu yazılar yazıb, nəhayət ki, həmyerlilərimin də leksikonundan Arvan sözünü çıxarmağa müvəffəq oldum. Daha hamı elə mənim kimi Əlvan dərəsi deyir. Əlvan çayı isə daha yoxdur. 1976-cı ilin o ağır təbiət hadisəsindən sonra Birinci onu vaxtında düzgün məlumatlandırmayanları cəzalandırmaqla yanaşı, həmin yerdə o vaxtlar üçün çox nəhəng bir su qurğuları olan bənd tikdirdi. Bu elə də asan məsələ deyildi. Vəsait çox tələb olunurdu və belə tikintilər üçün mütləq Moskvanın razılığı olmalı idi. Heydər Əliyev bütün bu məsələləri sürətlə həll etdi. Heydər Əliyev tikinti başa çatıb istifadəyə verilənə kimi bütün məsələlərə birbaşa özü nəzarət edib göstərişlər verdi. Bu bənd öz funksiyasına görə o qədər möhtəşəm və etibarlıdır ki, artıq heç kəsin… yadına da düşmür. Ancaq Ulu öndərin bu unikal əsəri və ulu ruhu elə o vaxtlardan bəri bu gözəl şəhərin keşiyini çəkməkdədir.
Ulu öndərin Göyçaya olan müstəsna qayğıları söhbət açdığım bu əhvalatlarla bitmir. Rəhbərin ikinci hakimiyyəti dövründə Bakı-Şamaxı-Yevlax magistralının Göyçay çayı üzərində ən müasir qurğulu strateji körpünün tikilməsi böyük hadisə, bayram səviyyəli təmtəraq idi.
Eyni zamanda Ulu öndərin respublika ərazisində şəhər su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə ilk sərəncamı da Göyçay, Ağdaş və Naxçıvan haqqında olmuşdur.
İndi bütün bunları düşünərkən, Ulu öndər və Göyçay hekayətlərinin olduqca xoş və doğma məqamları gözlərimiz önündə gerçəkdən dahi bir şəxsiyyətin çox böyük və möhtəşəm portreti canlanır. Və düşünürsən ki, Göyçay da daxil olmaqla bütün Azərbaycan, bu günkü müstəqil və Qalib Azərbaycan o Dahinin Şah Əsəridir!
Məzahir ƏHMƏDOĞLU