Göylərə çəkilən ruhun xiffət nəğməsi: "Azad bir quşdum..."
Yadıma zorla gəlir. Təxminən 1976-ci il idi və mənim də 5 ya 6 yaşım olardı. Anam mənə boynunda, qollarının ağzında, ətəyində qırçınları, ağ rəngli üstündə xırda, yaşıl yarpaqlar olan gecə paltarı (naçinoy) almışdı.
Elə o arada Abdal kəndindən gəlib Mirəşelli kəndində yaşayan Aydın adlı qohumuzun qızı Mehparənin toyuna gedirdik. Toya gedənlərin hamısı bir yana oldu, mən bir yana naçinoyu əynimdən çıxarıb normal paltar geyindirə bilmədilər... Qırçınlar elə xoşuma gəlmişdi...
Təptəzə "naçinoy"umu geyinib getdim Mehparə ilə bibisi oğlu, Abdalda yaşayan Knyazın xeyir işinə.
Biz ora təzəcə çatmışdıq ki, "Oğlan evi" gəldi. Yadımdadır ki, bu adi toya bənzəmirdi. O qədər adam vardı ki, "Oğlan evi" bəzəkli- düzəkli gəlini həyətdə qurulmuş toy mağarına gətirdilər, Çalmaq – oynamaq, yallı getmək, səs, küy, gülüş, ağız deyəni qulaq eşitməz oldu ... Elə bu zaman bəyin qardaşı cavan , yaraşıqlı, əlində qaval olan utancaq bir oğlanı ortaya çəkdi.
Bir anda məclis dondu sanki. Hamı susub, gözünü o yaraşıqlıya zillədi. Bəyin qardaşı mikrofonu əlinə alıb elan elədi: Səxavət oxusun, biz də bir azdan gəlini götürüb gedirik.
Hər kəs yerini tutdu. Səssizlik, milçək uçsa səsi eşidilər. Mikrafonu Səxavət deyilən oğlana tərəf yaxınlaşdırdılar. Oğlan incə bir hərəkətlə mikrafonu əlinin arxası ilə geri itələyib, mikrafonsuz oxumağa başladı. Səxavətin ard-arda oxuduğu mahnıları, bir də bir segahı yadımdadı... Hamı nəfəsin tutub qulaq asırdı... Sonralar onu televiziyada çıxış edən gördüm.Təqdimatı da belə idi: Oxuyur Səxavət Məmmədov.
Uşaq yaddaşıma o səs elə həkk oldu ki, bir daha Səxavətə məxsus elə bir səsi, ahəngi, şirinliyi heç zaman duymadım.
Bu gün bənzərsiz səsə sahib Səxavət Məmmədovun doğum günüdür və uzaqlarda qalmış o kiçik xatirə yenə gəlib yadıma düşdü.
Şirin, ecazkar səsli xanəndəmiz 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Uşaq vaxtından qarmonda ifa etməyi bacarırdı, ancaq toylara getməyə utanırdı.
O ecazkar səsi də birinci elə kənd camaatı kəşf etdi. Ona görə də onu “Əmirxanın qəşəng səsi olan oğlu” kimi tanıdırdılar. Düzdür, Firuzun da, Əliyarın da gözəl səsi, gözəl ifa tərzi vardı. Amma Səxavət kimi deyildi. Səxavət tam başqaydı, tam fərqliydi, onu dinləyəndə adama elə gəlirdi ki, dünyanın görünməyən tərəfindən gələn sirli-sehirli pıçıltıları, ilahi kəlmələri dinləyirsən...
O kənddə Abdal Qəhrəman adlı bir şair var, onunla söhbətləşirik. Deyir ki, Səxavət hələ orta məktəbdə oxuyanda xahiş edirdik bir segah desin:” Sözümüzü yerə salmırdı mahnıyla başlayırdı, arada elə bir zəngulə ilə segaha keçirdi ki, tüklərimiz biz-biz olurdu, vucudumuz sanki titrəyib açılırdı”.
Bəli, Səxavətin səsi "Segah"a yatımlı idi, ruhu "Segah"a bağlı idi, ifa etdiyi mahnını da, segahı da yaşayaraq ifa edirdi. Buna görə onu dinləməkdən doymazdıq. Məsələn, evində, yerində- yurdunda rahat yaşadığı dönəmlərdə “Azad bir quşdum” mahnısını elə ifa edirdi ki, dinləyən sanardı ki, Səxavət yüz ildir, min ildir yuvasından perik düşüb, qürbətçilik çəkib, dərd çəkib.
Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül" "Külək" və s. Bəlkə də ecazkar səsindən başqa bu səbəbdə onu sevdirirdi?Çünki konsertləri həmişə maraqla qarşılanırdı. Odur ki, 5-10 saat fasiləsiz oxuyurdu, oxuyurdu, amma yorulmurdu.
Həm də Səxavət mahnıların hamısını fərqli oxuyurdu. Xüsusən də, muğamsevərlər, yaşlı insanlar toyda, məclisdə ona dəfələrlə “Mirzə Hüseyn segahı” oxudurdular...Deyirdilər ki, “Mirzə Hüseyn segahı”nı oxumayan muğam ifaçısı qalmayıb, amma Səxavət onu tam fərqli bizə çatdırır... Təkrarsız...
O vaxt sənət əhlinin Səxavət haqqında bir deyimi həmdə dəyər demək idi: 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, Xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənir. Bu ərəfələrdə Səxavəti əsgər aparırlar. Üstündən bir xeyli vaxt keçir, jurnalistlər Hacıbaba Hüseynovdan “ən yaxşı tələbəniz kimdir” deyə soruşanda məşhur xanəndə deyir: “Ən yaxşı tələbəm əsgərlikdədir”.
“Yaxşı tələbə” əsgərlikdən dönəndən sonra Allahdan gələn missiyasının arxasınca gedir. 1976-cı ildə “Hümayun” xalq ansmblının solisti olur. 1983-88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edir. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.
Bax, elə o illərdə xalqımızın taleyinə yazılmış qara günlər başlayır.Xalq imperiya boyunduruğundan qurtulmaq üçün meydanlara axışanda Səxavət Məmmədov da xalqın yanında olur.
O, Azadlıq meydanındakı müstəqillik uğrunda hərəkata qoşulur, orda olan insanlara xeyli yardım edir. Oğlu Bəxtiyarı da qucağına alıb meydanda olanlara qazanlarla yemək aparır. Xalqının qanı sovet tanklarının tırtılları altında süzüldüyü o qanlı günlərdə dərindən sarsılıb. Bunu da onun sənət dostları deyir.
Sarsılır , bəli, amma daha ürəkdən xalqına yardıma can atır. Qarabağ müharibəsi başlanan gündən cəbhə xəttində döyüşən əsgərlərə mütəmadi silah-sursat yardımı göstərir, kəndi qoruyan özünümüdafiə batalyonlarına ərzaq və geyim göndərirdi. Halal pulu ilə... Uşağının , ailəsinin necə deyərlər, boğazından kəsib, vətənn müdafiəçilərinə göndərirdi. “Qarabağ” instrumental ansamblı ilə ölkələri gəzir və Qarabağ həqiqətlərini dünyaya çatdırırdı.
Azərbaycanda yaşayan adlı-sanlı ermənilər Səxavət Məmmədovun vətənpərvərliyini qəbullana bilmirdilər. Onlara elə gəlirdi ki, belə vətənpərvər azərbaycanlılar çoxalarsa, Qarabağda terror edən ermənilərin sayı azalar. Dərhal qərar verildi....
1991-ci il sentyabrın 30-u... Əli Bayramlıdan indiki Şirvan rayonundan bir minik maşını asta-asta Qaradağ rayonuna tərəf irəliləyir. İçindəki önəmli sərnişin bəlkə də bir neçə dəqiqədən sonra nələr baş verəcəyini heç ağlına da gətirmədən, gələcək planlarını qurur:
Bu cətin dönəmdə xalqına, camatına daha necə kömək edə biləcəyini fikirləşirdi. Abdal- Gülablını ermənilərdən qorumaq üçün ora mütləq silah- güllə alıb göndərmək lazımdır. Elə bil o anda kimsə dilləndi: Axı, sən son quruşunu da ötən dəfə elə bunun üçün xərclədin... Ermənilərin hücumları qarşısında ov tüfəngi ilə yalnız qalan camaatına silah da, güllə də aldın göndərdin...
-Nə olsun, yenə göndərəcəyəm. Təki dədə-babamızın yurdu erməniyə qalmasın, silahımız, arxamızda güclü himayədarımız yoxdu deyə ruhdan düşməyək! Canım xalqıma qurban, mənnn..."
Dəhşətli bir səs o önəmli sərnişinin sözlərini yarımçıq qoydu.
Ora hara idi? Hə, Qaradağ yolu, “Qaz zapravkası” deyilən dar bir yer... önəmli sərnişin olan minik maşını qəzaya düşmüşdü. Düşmüşdü yox, salınmışdı. Ağır “Kamaz” həmin minik maşınının üzərinə sürülərərk, qəsdən onu altına almışdı. Müəmmalar elə o dəqiqədən başlandı. “Kamaz” gəldiyi kimi də anidən yoxa çıxdı. Önəmli sərnişin qəzaya düşəndə, maşındakı digər yoldaşlarının heç birinə heç nə olmamışdı. Bu necə dəqiq bir plan idi axı?. Daha sonra müəmmalar bir-birinin dalınca düzüldü. Minik maşınında sağ qalanların heç biri sonradan sağ qalmadı.Ölümləri də müəmmalı oldu. Qəsdən adam öldürən “Kamaz” sürücüsü də niyəsə cəzalandı: həbsdə müəmmalı şəkildə öldü.
37 yaşlı önəmli sərnişin isə düz 31 ildir sevdiyi, canını qurban dediyi Vətəninin göylərinə çəkilib. Nəğməsi dillərdə, fikri yollarda, ruhu göylərdə, nəşi yurdunda, adı isə qəlblərdə olan o önəmli sərnişin əbədiyyətə qovuşub.!
Mən hər dəfə o önəmli sərnişini yada salanda dodaqlarım bu misraları pıçıldayır:
Azad bir quşdum
Yuvamdan uçdum
Bir bağa düşdüm
Bu gənc yaşımda
Bir ovçu gördüm
Köksümdən vurdu
Torpağa düşdüm
Bu gənc yaşımda
P.S. Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qaldı. 2020-ci ildə, 44 günlük müharibədən sonra həmin başdaşı xanəndənin Abdal-Gülablı məzarlığındakı qəbrinin üzərinə qoyuldu.
Hamıya agahdır ki, Səxavət Məmmədov xalqına da, vətəninə də, valideynlərinə də övladlıq borcunu mükəmməl şəkildə yerinə yetirib. Amma xanəndənin övladları Sədaqət, Şəhriyar, Bəxtiyar, Orxan hələ də ata nəvazişinin xiffətini çəkirlər!
Ruhun hər zaman Vətən göylərində olsun Eloğlu!
Əntiqə Rəşid