adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Noyabr 2020 16:26
83219
HÜQUQ

GÖZÜN  AYDIN AZƏRBAYCAN, BAYRAĞINI QARABAĞDA QALDIRDIQ!

Azərbaycanın qədim yaşayış  və  mədəniyyət  mərkəzlərindən olan Qarabağın dağlıq hissəsində yaşayan ermənilər tarix boyu bu ərazini Azərbaycandan qoparıb Ermənistana birləşdirmək xülyası ilə yaşayıblar. Azərbaycan dövlətinin ərazi təhlükəsizliyi baxımından olduqca təhlükəli olan ilk güzəşti İrəvan şəhərinin siyasi mərkəz olaraq ermənilərə verilməsi olmuşdur. 

Bu günün baxış-bucağından diqqət yetirsək, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin bir əsrdən artıq tarixi vardır. Belə ki,Qarabağın dağlıq hissəsində yaşayan ermənilər ilk dəfə 1918-ci il iyulun 22-də özlərinin müstəqilliyini elan etməyə cəhd etmişlər: 1918-ci il iyul – 2020-ci il 27 sentyabr... Ermənilərin Azərbaycandan təkrarən yeni bir hissə torpaq qoparmaq hərisliyi uğrunda davam edən, sonda qanlı müharibə ilə nəticələnən mübarizəsi 101 il 6 ay uzanmışdır (Məqamı ikən onu da qeyd edək ki, 1919-cu ilin sonlarında Ermənistan hökuməti Dağlıq Qarabağın “azad edilməsi” üçün 19 milyon manat vəsait ayırmışdı).

Erməni dövləti bu yöndə ilk uğurunu 1923-cü il iyulun 7-də DQMV yaradılması ilə əldə etmiş oldu. Baxmayaraq ki, 1921-23-cü illərdə Dağlıq Qarabağın erməni icmasının müqəddəratı ilə bağlı müzakirələrdə verilən qərarlar hakimiyyət qurumları, yaxud partiya orqanları tərəfindən həyata keçirilirdi, DQMV məhz “cahil” Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə yaradılmışdır. Beləliklə, bu dəfə daha 4,4 min kv. km ərazi, yaxud Azərbaycan Respublikasının ümumi sahəsinin 5,1 hissəsi ermənilərə “peşkəş” edilmişdir. Vilayətin tərkibinə Əsgəran rayonu, keçmiş Zülfüqar rayonu, Ağdərə rayonu, Xocavənd rayonu, Şuşa rayonu və vilayət tabeli Xankəndi şəhəri daxil idi.

Bu ərazilər öncə Qafqaz Albaniyasının (Arranın), sonra Qarabağ xanlığı¬nın, DQMV yaradıldığı tarixdən isə Azərbaycan Xalq Cümhuriyyətinin, daha sonra Azərbaycan Sovet Respublikasının, ən sonda isə indiki müstəqil Azərbaycan Respublikasının tərkib hissəsi olmuşdur. 2020-ci ilin 10 noyabr tarixinə qədər ətraf ərazilərlə yanaşı 11 min kv. km Azərbaycan torpağı Ermənistan Respublikasının işğalı altında qalmışdır.

Erməni separatçılarının azərbaycanlılara qarşı ilk dəfə 1918-ci ilin payızında başlayan etnik təmizləmə-soyqırım siyasəti XX yüzilliyin sonlarında yenidən baş qaldırdı. 1987-1989-cu illərdə zamanında Ermənistan SSR-ə “peşkəş” edilmiş Zəngəzur mahalında yaşayan 250 mindən çox azərbaycanlı əzəli ata-baba yurdlarından sonuncu nəfərinə qədər deportasiya olundu. Deportasiyaya düçar olanlardan 216 nəfər vəhşicəsinə qətlə yetrilmiş, 1154 nəfər ağır yaralanmışdı.                                                                                                                                                        
Niyyət belə idi: 1989-cu ildə DQMV Azərbaycana tabeçilikdən çıxarılaraq Xüsusi İdarəetmə Komitəsinə tabeçilik adı altında Federasiya Mərkəzinin nəzarətinə verilməli, azərbaycanlıların Dağlıq Qarabağdan təmizlənməsi prosesi yekunlaşdıqdan sonrakı mərhələdə Xüsusi İdarəetmə Komitəsi ləğv edilməlivə DQMV Ermənistana ilhaq edilməli idi...

Sovetlər birliyinin dağılmasından və 1991-ci ildə müstəqillik qazanmış Azərbaycanda daxili çəkişmələr nəticəsində yaranan qeyri-sabitlikdən istifadə edən Ermənistan xülyalarını reallaşdırmaq məqsədilə Dağlıq Qarabağda yenidən hərbi əməliyyatlara başladı.1992-ci ilfevral ayının 26-da Xocalıda qətliam törədildi. 63-ü uşaq, 106-sı qadın olmaqla 613 günahsız dinc sakin qətlə yetirilmiş, şəhər xarabalığa çevrilmişdi. Elə bir faciə ki, Azərbaycan xalqı bu qətliamı, əsrlər ötsə də, bütün tarixi boyu yaddaşlarda yaşadacaq. 
1992-ci ilin 8 mayı da Şuşanın tarixinə qanla yazılan yaddaş oldu. 

Şuşanın ardınca erməni silahlı qüvvələri Azərbaycanın respublika tabeliyində olan daha yeddi rayonunu - Laçını, Kəlbəcəri, Ağdamı, Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı işğal etdi. 

Ermənistanın bu təcavüzü nəticəsində iki mindən artıq həmyerlimiz ermənilər tərəfindən əsir və girov götürülmüş, bir milyondan çox azərbaycanlı məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan Silahlı Qüvvə¬lərinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan qətnaməsi Şuranın “qətiyyətsiz” mövqeyi üzündən 27 il icrasız qaldı. Cəzasızlıq işğalçı ölkəni daha genişmiqyaslı “addımlar atmağa həvəsləndirdi”. 
1994-cü il may ayının 12-də atəşkəsə nail olunsa da, cəzasızlıqdan sui-istifadə edən Ermənistanın azğınlaşmış ordusu Azərbaycanın sərhəd rayonlarının mülkü əhalisini 28 il atəş altında saxladı, yüzlərlə dinc sakin şəhid oldu, bu ərazilərdə yerləşən maddi-mədəni obyektlər, yeraltı və yerüstü sərvətlər talan edildi, yaşayış binaları sökülərək şəhərlər, kəndlər xarabalığa çevrildi.

Ermənistanın baş naziri Nikol Paşinyanın on minlərlə insanı birləşdirən “könüllü” hərbi birləşmələr yaratmaqla DQMV-ni Azərbaycandan ayırmaq üçün israrlı cəhdləri və Livan erməni ailələrini yerləşdirməklə Dağlıq Qarabağı başdan-başa erməniləşdirmə siyasəti münaqişəni artıq “Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ” həddini aşıb “Ermənistan-Azərbaycan” münaqişəsi həddinə çatdırdığından, gərginliyin dinc vasitələrlə tənzimlənməsi işi “yox” həddinə çatmış oldu...

Ermənistan Silahlı Qüvvələrinin Atəşkəs nizamnaməsini pozub 27 sentyabr 2020-ci il saat 06.00 radələrində Azərbaycan Ordusunun cəbhə boyu zonada yerləşən mövqelərini və yaşayış məntəqələrimizi iri çaplı silahlarla, minaatanlarla və müxtəlif çaplı artilleriya qurğuları ilə intensiv atəşə tutması, həlak olanların və yaralananların olması faktları Azərbaycanı cavab verməyə təhrik etdi: müharibə artıq qaçılmaz oldu...

Prezident İlham Əliyev bütün müsahibələrində bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt da olmayacaq, Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. KİV nümayəndələri ilə görüşlərində dəfələrlə təkrar edib ki, Azərbaycan dövləti bu münaqişənin həmişə sülh yolu ilə həllinə üstünlük verib. “Biz sülh tərəfdarıyıq” deyib, Azərbaycanınillərlə münaqişənin sülh yolu tənzimlənməsi üçün çalışdığını, ancaq hər dəfə də bunu Ermənistan tərəfinin pozduğunu dilə gətirib. Bu fikirlərlə yanaşı, həmçinin həmişə onu da xüsusi vurğulayıbki, Azərbaycanın güclü ordusu var və onların Azərbaycan torpaqlarını azad edəcək gücü də var. Tələb isə yalnız birdir: Ermənistan tərəfi rəsmi olaraq BMT-nin qətnamələrini nə vaxt icra edəcəyinə təminat versin və qrafikdə yazılı olaraq konkret göstərsin ki, Silahlı Qüvvələrini Azərbaycan ərazisindən nə vaxt çıxacaq? Əks halda, Azərbaycan artıq nəticəsiz danışıqları davam etdirmək niyyətində deyil.

Azərbaycan münaqişənin sülh yolu ilə həlli üçün sərasər 28 il gözləmiş oldu. Və qürurla qeyd etməliyik ki, 28 ilə həllini tapmayan problem Azərbaycan Prezidentinin qətiyyəti, silahlı qüvvələrimizin cəsarətli döyüş əzmi sayəsində 44 günə həllini tapdı.
Bu gün milli ordumuzun qələbə sevincini yaşayan həmvətənlərimizin keçirdiyi hisləri sözlə ifadə etmək mümkün deyil. Prezident İlham Əliyevin özünün də duyğulu anlar yaşayaraq dilə gətirdiyi kimi, "insanlar qələbələrimizi eşitdikcə sevincdən ağlayırlar...”ŞƏHİD anaları göz yaşları içində “Vətən sağ olsun!”, “Ordumuz sağ olsun!”, “Prezdentimiz sağ olsun!” deyəndə, bütün digər analar onlara qoşulub “şəhid olanlar hər birimizin övladıdır!” deyirlər. 

İkinci Qarabağ savaşı insanlarımız arasında sarsılmaz milli birlik yaratdı.. Hamı dəmir yumruq kimi birləşib. Müzəffər Ordumuzun azad etdiyi torpaqlarda hər dəfə Azərbaycan bayrağının dalğalandığını görəndə qürurdan ürəyimiz köksümüzə sığmır. Bu gün böyükdən kiçiyə hamı bir ağızdan deyir: “Qarabağ Azərbaycandır!” Qazanılan Qələbənin başlıca səbəbkarı isə Ali Baş Komandan, Azərbaycan Prezidentidir.

İlham Əliyev Azərbaycan Qəhrəmanıdır, xalqının Qəhrəmanıdır, millətimizin Qəhrəmanıdır. Onun danılmaz əməyi, sarsırlmaz iradəsi, güclü siyasəti, heyrətedici mühakimələri, düşməni susdurucu cavabları xalqımıza, şanlı Ordumuza güc-qüvvət verdi – Qarabağ azad olundu.

İlham Əliyev Müzəffər Ali Baş Komandandır. Çünki, o, qüdrətli ordusu ilə Qarabağı azad edib.
İlham Əliyev qəhrəman liderdir! Çünki, o, Azərbaycan dövlətinin və xalqının gücünü bütün dünyaya göstərə bilib.
İlham Əliyev xoşbəxt oğuldur. Çünki o, ata vəsiyyətini yerinə yetirə bilib.
İlham Əliyev qalib sərkərdədir. Çünki onun ordusu cəmi 44 günlük hərbi əməliyyatlarla işğalçı Ermənistanı diz çökdürüb.
İlham Əliyev düşmənə bütün müstəvilərdə unudulmaz dərs verib, təslimçi sülhə məcbur edib. 

Azərbaycan Prezidenti tarixi ədaləti bərpa edib, xalqına əvəzsiz qələbə sevinci yaşadıb. Azərbaycan tamlaşıb, bütövləşib. Bu, möhtəşəm qələbədir, görünməmiş qələbədir.

Azərbaycan Vətən müharibəsinin qalibidir. Çünki onun Ordusu işğalçı və terrorçu Ermənistan ordusunu darmadağın edib, erməni faşizminin, terrorunun işğalçılıq xislətini Azərbaycanın başı üzərindən birdəfəlik  silib atıb.

Azərbaycan tarixinə qızılı hərflərlə yazılan 44 gün bəşəriyyətə xalqımızın qüdrətinin, onun prezidentinin qətiyyətinin, xalqın öz prezidenti ətrafında sıx birliyinin göstəricisidir. 

Azərbaycanın ərazi bütövlüyünün bərpası xalqımızın qırılan qürurunun, sınan mənəviyyatının bərpasıdır.
Bu, reallıqdır - Şuşaya nəzarət edən Qarabağa nəzarət edir. Odur ki, Azərbaycan Ordusunun Şuşanı fəth etməsindən sonra düşmən məğlubiyyətini qəbul etməli oldu. 

Şuşanın azad edilməsi haqq savaşımızın zirvə nöqtəsi idi. Şuşanın çox qısa zamanda və az itkilərlə, şəhərə ciddi ziyan vurulmadan azad edilməsi Azərbaycan əsgərinin yüksək döyüş əzminin, peşəkarlığının göstəricisi, rəşadət rəmzidir. 

Noyabr ayının 8-də Prezident İlham Əliyev Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ilk dəfə hərbi geyimdə ziyarət etdi. Müzəffər Ali Baş Komandanın ulu öndərin məzarı önündə və Şəhidlər Xiyabanında verdiyi əsgər salamı qələbəmizin rəmzidir. Bu, həm də müqəddəs ruhlara dərin ehtiramın göstəricisidir.  Həmin gün Azərbaycanın əbədi qürur duyacağı möhtəşəm tarixi anlar yaşandı: Prezident, Ali Baş Komandan iftixarla xalqı qarşısında hesabat verdi: “Şuşa azad edilmişdir!” 

Şuşanın “əli” işğal olunduğu 28 ilin tamamında öz sahibinin əlinə yetdi: 8 may 1992-ci il – 8 noyabr 2020-ci il! Dövlət başçısının iftixarla dilə gətirdiyi bu kəlmələr qalibiyyətimizin elanı idi!

Ermənistan baş nazirinin məğlubiyyətə imza atması Azərbaycanın uzun illərdən bəri apardığı haqq savaşının və Azərbaycan əsgərinin qətiyyətinin, döyüş əzminin təntənəsidir.

Azərbaycan Prezidentinin qürurla imza etdiyi qələbə bəyanatı Qarabağ münaqişəsinin birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması deməkdir. Azərbaycan bu tarixi qələbəsi ilə yeni reallıqlar yaratdı. Düşmənin uzun illərdir formalaşdırdığı mif darmadağın edildi. Azərbaycan statusu öz xeyrinə dəyişməyi bacardı. Əgər bir neçə ay bundan əvvələ kimi Azərbaycan mümkün güzəştlərə hazır olduğunu bəyan edirdisə, bu gün artıq yeni reallıqlar yaranıb. Bu uğur Azərbaycan Prezidentinin qətiyyətinin, dəmir iradəsinin, sərt və dəyişməz mövqeyinin mükəmməl göstəricisidir.

Prezident İlham Əliyev bütün fəaliyyəti boyu, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ölkəmizin milli maraqlarından bir addım da olsa geri çəkilməyib. Bu, həmişə belə olub, gələcəkdə də belə olacaq. Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı bəyanatın bütün maddələrində ölkəmizin dövlətçilik maraqları tam qətiyyətlə qorunur. Ermənsitan rəhbərliyinin bir vaxt tutduğu qeyri-konstruktiv mövqe darmadağın edilib və bu gün münaqişənin həlli şərtlərini tam olaraq Azərbaycan müəyyən edir. Bəyanatın bütün bəndlərində Azərbaycan dövlətinin və xalqının arzu və tələbləri əksini tapıb. Müharibədən sonra şərtləri qalib tərəf diktə edir. Tərəflər arasında imzalanan bəyanatın şərtləri bu baxımdan Azərbaycanın maraqlarına tam uyğundur. İndi Qarabağa hər hansı status verilməsindən söhbət gedə bilməz!

Qələbəmizin rəsmi təsdiqi olan bəyanatın xüsusilə diqqət çəkən bəndlərindən biri də Azərbaycanın əsas hissəsinin quru yolu ilə Naxçıvanla birləşdirilməsini nəzərdə tutur. Etiraf etmək lazımdır ki, bu, çox böyük uğur, tarixi qələbədir. Çünki son iki əsrdə Azərbaycanın belə imkanı, belə bir üstünlüyü olmayıb. Naxçıvan əsrlər boyu blokadada yaşayıb. Amma indi vəziyyət tamamilə dəyişib, bölgədə yeni dövr başlayıb. Ermənistanı bu güzəştə getməyə Azərbaycan ordusunun zəfər yürüşü, onun Ali Baş Komandanı Azərbaycan Prezidenti İlham Əliyevin sarsılmaz iradəsi, siyasi gücü məcbur edib. Naxçıvana Ermənistan ərazisindən dəhliz verilməsi razılığı İlham Əliyevin təkidli israrı, dəmir iradəsi sayəsində mümkün olub. Özünün də qeyd etdiyi kimi, düşmənin başı üzərində dəmir yumruq var. Ali Baş Komandanın düşmənə göstərdiyi bu yumruq dünyanın ən güclü, ən öldürücü yumruğudur. Düşmənin başını əzən, düşmənə qan udduran, düşmənin belini qıran, nəfəsini kəsən dəmir yumruq Azərbaycan xalqının birliyinin əbədi rəmzidir.
Qarşıdakı bir neçə ildə Laçın dəhlizində həyata keçiriləcək sülhməramlı missiyada Rusiya ilə yanaşı, Türkiyə də iştirak edəcək. Laçın dəhlizinin təhlükəsizliyi Azərbaycan tərəfindən təmin olunacaq. Proseslər Azərbaycan dövlətinin nəzarəti altında olacaq. Bu onu göstərir ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. 

Hazırda Şuşa şəhəri də daxil olmaqla Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan ordusunun nəzarəti altındadır. İnzibati ərazisi böyük olan Ağdam, Laçın və Kəlbəcərin də qan tökülmədən geri qaytarılması Azərbaycan tərəfinin böyük uğurudur. Bu rayonların azad edilməsi Dağlıq Qarabağa gedən bütün yolların, strateji yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycanın nəzarətində olması deməkdir.

Tezliklə Qarabağa böyük qayıdış başlayacaq. Tarixi torpaqlarımız öz sahiblərini qarşılayacaq. Qarabağda yeni dövrün, yeni həyatın təməli qoyulacaq. Şübhəsiz ki, məcburi köçkünlərin öz torpaqlarına geri dönməsi Qarabağda demoqrafik balansı da tamamilə Azərbaycanın xeyrinə dəyişəcək. Azərbaycanlıların böyük qayıdışı bu torpaqlara yeni nəfəs, inkişaf, tərəqqi gətirəcək. Çünki, biz qurucu, yaradıcı, humanist xalqıq. Biz minilliklərə söykənən tarixi irsə, yüksək mədəniyyətə və qədim ənənələrə sahib millətik.
İşğalçı Ermənistan üzərindəki tarixi qələbəmiz hər bir azərbaycanlının sınmış qəddini dikəltdi, xalqın inamını özünə qaytardı, məğlub xalq sindromunu aradan qaldırdı, gec-tez öz amalına qovuşmaq iqtidarında olan xalq olduğu iradəsini dünyaya göstərdi. Biz xalq olaraq bu reallıqları təsdiq etdik! 

Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, artıq bir çox dövlətlər, siyasi xadimlər Azərbaycanın haqq işini dəstəkləyir. Cənab İlham Əliyev yaralı hərbçilərlə görüşündə demişdir: "Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək,məcburi köçkün ömrüyaşayan soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar”.

2020-ci ilin 10 noyabr tarixi Azərbaycanın tarixi uğuru, xalqımızın həyatında Yeni Tarixin başlandığının göstəricisidir. Bu zəfəri Azərbaycan xalqı, Azərbaycan dövləti var olduqca xalqımız tarixi gün olaraq fəxrlə qeyd edəcək, sevinc və sevgi hissi ilə xatırlayacaq. Gələcək nəsillər xalqımızın hansı ağır sınaqlardan üzüağ, alnıaçıq çıxdığının tarix kitablarından öyrənəcəklər. 

GÖZÜN  AYDIN AZƏRBAYCAN!

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Penitensiar xidmətin idarə rəisi ədliyyə polkovniki
Əflatun Məmmədov