12 Iyun 2024 10:58
174
ANALİZ

Güclü və vahid Türk dünyası Azərbaycan üçün prioritetdir

Siyasi analitiklərin 21-ci əsrlə bağlı proqnozları özünü doğrultmaqdadır. Dünyanın siyasi düzəninin yenidən dizayn olunması, tarixi ədalətin bərpası, yeni güc mərkəzlərinin meydana çıxması artıq qaçılmaz prosesdir. Fəaliyyətləri daha çox müstəmləkəçilik, müharibə və iğtişaşlar üzərində qurulan, özündən zəifləri əzən ənənəvi siyasi birliklərin ədalətsiz idarəçiliyi bu gün ciddi narazılıq doğurur.  Onların iştahaları artıqca, siyasətləri daha da radikallaşdıqca ölkələrin öz milli maraqlarını qorumaq, kənar təhdidləri dəf edərək müstəqil həyatını qura bilmək üçün alternativ birliklər yaradırlar.  Bu birliklərdən biri də Türk dünyasının yaratmış olduğu Türk Dövlətləri Təşkilatıdır. Təşkilat getdikcə  güclənərək proseslərə təsir imkanlarını artırır. İttifaqın inkişafında, güc mərkəzinə çevrilməsində Türkiyə və Azərbaycanın rolu çox böyükdür. Bu da ölkələrimizin  gələcəyə strateji baxışının daha aydın olmasından, xarici siyasətin istiqamətlərinin dəqiqliyindən xəbər verir. 

Azərbaycanın xarici siyasət prioritetlərinin müəyyən edilməsi zamanı türk dünyasının gücləndirilməsi, türk dövlətləri ilə əlaqələrin inkişafı prioritet istiqamət kimi müəyyənləşib. Bu ilin fevralında xalqımızın yekdil səsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev andiçmə mərasimindəki çıxışı zamanı da bəyan etdi ki, ailəmiz türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. 

Azərbaycan Prezidentinin bu mövqeyi ölkəmizin türk dünyası ilə bağlı siyasətinin əsas formuludur. Cənab İlham Əliyev bunu iyunun 6-da Bakıda səfərdə olan Türk Dövlətləri Parlament Assambleyasının nümayəndə heyəti ilə görüşündə də bir daha diqqətə çatdırdı. Nümayəndə heyətinin ölkəmizə səfəri iyunun 6-da TÜRKPA-nın Azərbaycan Milli Məclisində keçirilən "Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyə nail olunmasında parlamentlərin rolu" mövzusunda 13-cü plenar iclası ilə bağlı idi. Azərbaycanın belə mühüm tədbirlərə evsahibliyi etməsi ölkəmizin türk dünyasının birliyinə daha bir töhfəsi idi. TÜRKPA-nın Bakıda keçirilən plenar iclasının ardınca gələn ay Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü də keçiriləcək.  Zirvə görüşü Azərbaycan Prezidentinin təşəbbüsüdür. Belə təşəbbüslər türk dövlətləri arasında davamlı təmaslara, birliyimizin gücləndirilməsinə müsbət təsir göstərir. Şuşada keçiriləcək Zirvə görüşünün mövzusu nəqliyyat və iqlim məsələləri olacaq. Ölkələr arasında nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi türk dünyasının birləşməsi üçün vacibdir. Ölkə başçısının da qeyd etdiyi kimi, Orta dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Orta dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. 

İqlim məsələlərinə gəlincə isə bu da 2024-cü ildə COP29 tədbirinə evsahibliyi edəcək ölkə kimi Azərbaycanın gündəliyində duran əsas məsələlərdəndir. Belə bir qlobal tədbirə hazırlıq dövründə iqlim məsələlərinin qardaş ölkələrlə müzakirəsi tədbirin uğuruna fayda verəcək. 
Zirvə görüşünün məhz Şuşa şəhərində keçirilməsi çox böyük mənəvi dəyərə malikdir. Qələbəmizin simvolu olan Şuşa şəhəri türk dünyasının da birlik rəmzinə çevrilməkdədir. Sürətlə quruculuq işlərinin aparıldığı Şuşa xarici qonaqların heyrətinə səbəb olur. Ötən 4 il ərzində  Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin Şuşaya səfərləri olub. İşğaldan azad edilmiş torpaqlarda qardaş türk ölkələrindən Özbəkistan və Qazaxıstanın təşəbbüsü, maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi inşa edilərək fəaliyyətə başlayıb. Bu yaxınlarda isə Azərbaycan Prezidenti Qırğızıstanın dövlət başçısı ilə birgə Ağdam rayonunda məktəb binasının təməlini qoydu. Cəbrayıl rayonunda da Macarıstanın maliyyə dəstəyi ilə məktəb inşa ediləcək. Həmçinin azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. 

Bu gün türk dünyası çox geniş coğrafiyanı əhatə edir. Türkdilli ölkələr arasında tarixi-mənəvi bağlar çox güclüdür. Birliyimizin etnik, mədəni köklərə söykəndiyini  qeyd edən Prezident İlham Əliyev praktik addımlarla bu birliyin gücləndirilməsi zərurətini vurğulayıb: "Bu gün nəqliyyat, energetika, ticarət, mədəniyyət sahələrində və digər sahələrdə çox geniş əlaqələr var. Bu gün hərbi, hərbi-texniki sahə və təhlükəsizliklə bağlı olan digər sahələr də mütləq diqqət mərkəzində olmalıdır. Çünki dünyanın müxtəlif yerlərində gedən proseslər göstərir ki, beynəlxalq hüquq normaları inkar edilir, işləmir".
44 günlük Vətən müharibəsində Türkiyə Azərbaycana  birmənalı dəstək verdi. Qardaş ölkə hər an yanımızda oldu. Bu da xalqımızda böyük ruh yüksəkliyi yaratdı, Ermənistana göz dağı oldu. Ermənistanın havadarları bu birliyin qarşısında çox gücsüz göründülər. Onlar qələbəmizə maneə ola bilmədilər. Eyni zamanda Ermənistanın da təmsil olunduğu Kollektiv Təhlükəsizlik Təşkilatının üzvləri olan türkdilli dövlətlər qurumun bu müharibəyə müdaxiləsinə imkan vermədilər, İrəvanın tələb etdiyi dəstəyi vermədilər. 

Türk birliyinin nəticəsi Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Ermənistan bu təziyqlərin qarşısında bu gün də duruş gətirə bilmir. Qazaxın dörd kəndinin bir güllə belə atılmadan Azərbaycana verilməsində qardaş ölkələrin Azərbaycana dəstəyinin böyük rolu oldu. 

Prezident İlham Əliyev hazırda Ermənistan və Azərbaycan arasındakı hələ də həll olunmayan məsələlərə münasibəti aydın və qətidir. Bunlardan biri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının öz əksini tapdığı konstitusiyasıdır. Digər məsələ isə Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyması tələbini yerinə yetirməsidir. Bundan başqa, Azərbaycan rəsmi İrəvana Minsk qrupunun ləğvi barədə ATƏT-ə birgə müraciət təklifi də verib. 

2021-ci ildə Şuşa Bəyannaməsinə imza ataraq münasibətləri ən yüksək müttəfiqlik səviyyəsində rəsmiləşdirən Azərbaycan və Türkiyə hər zaman bütün məsələlərdə bir-birinin yanındadır. Cənab Prezidentin bu günlərdə Türkiyəyə səfər etməsi, Şimali Kipr Türk Cümhuriyyətilə bağlı aydın mövqeyimiz Türk Birliyinin daha da gücləndirilməsi məqsədi daşıyır.

Mətanət Səfərli,

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı