08 Noyabr 2022 10:32
1028
ƏDƏBİYYAT

Günah günahdadır... - Pərvanə Bayramqızı yazır
 

Anket doldururam:

Doğulduğu il, ay, gün. – Yaşımı açıq deyə bilmərəm, Hüseyn Cavid anadan olan ildən bir əsr sonra.

Doğulduğu yer – Azərbaycan.

Bitirdiyi təhsil ocaqları – Hələ də məktəblərdən yığılmıram. Öyrənməyə davam edirəm.

İş yeri – Üzərimdə işləyirəm.

Tanınmış. Tanınmamış. – İkinci sözün altından xətt çəkirəm.

İstedadlı. İstedadsız. – İstedadsızı işarələyirəm.

Uşaqları – Azərbaycandakı bütün balalar.

Qohumları – İnsanlar.

Düşmənləri – Azərbaycanı sevməyən hər kəs.

Anketiniz yarımçıq qaldı?

Cavab: Bəli!

Çap olunan ilk şeirim də əslində özünütəqdimetmə idi. O vaxtından “Mən də övladıyam Azərbaycanın!”

Məncə, həm cavablarımdan, həm də şeirimin adından bildiniz, kiməm, nəçiyəm. Məhz buna görə ədəbiyyat ətrafında baş verən son günlərin söz-söhbətləri qanımı qaraldıb. Niyə də qaraltmasın? Burda Azərbaycan ədəbiyyatı, onun nümayəndələri haqqında xoşagəlməz söhbətlər edilir.

Biz yazıçıları kitablardan ayırıb ailəmizin üzvlərinə çevirən nəsilik. O vaxtlar bilmirdik Yazıçılar İttifaqında kim kimlə savaşıb, kim kimi irəli çəkib, kim kimin ürəyini partladıb öldürüb və s. Bizimçün hamısı mötəbər idi.

Bir xatirəmi yazmamışdan öncə köks ötürüb bildirmək istəyirəm ki, əgər o illərdə indiki kimi mobil telefon olsaydı, həmin məqamda yanımızdakılar şəklimizi çəkərdilər. İndi həmin şəkli yazdığım mətnə əlavə edib paylaşardım. Siz də fotoda İlyas Tapdığı, şairin qohumu olan müəllimimizi, bir də onların qarşısında şeir söyləyən məktəbli Pərvanəni görərdiniz.

Üçüncü, ya dördüncü sinifdə oxuyurdum. Dərsdən çıxıb evimizə gedirdik. Əslində getmirdik, elə bil, Göydən Yerə xeyli uşaq tökülmüşdü, yollara səpələnmişdik.

Bir dəstə məktəblinin içində Cəmil müəllim məni səslədi. Şagirdlərdən ayrılıb yanına gələndə:

- Qızım, "Gədəbəydədir" şeirini söylə İlyas müəllim dinləsin - dedi.

Utancaqdım deyə əvvəlcə yanaqlarım qızardı, sonra əllərim əsdi. Bir az da qaraqabaqlığım vardı deyə əməlli-başlı halım dəyişdi. (Cəmil müəllim bunu unutmayıb, ötən ay bacıma o vaxtlar çox ciddi uşaq olduğumu deyib)

Müəllim məni tərifləyib şairə təqdim edəndən sonra ürəklənib başladım şeirin ilk misrasını özümə tərəf çəkməyə, nətəri çəkdimsə, qalanları öz-özünə gəldi. İlyas Tapdıq da başıaşağı vəziyyətdə lapatka ilə (nənəm çömçə bel deyirdi) daşları toplayırdı. Şeirin bir bəndi vardı, şair orda "Balakən sonası Gədəbəydədir" yazsa da, Cəmil müəllim bizə həmin misranı "Dağların sonası Gədəbəydədir" kimi yazdırmışdı, həmin hissəyə çatanda susdum. Bilmədim şair yazdığı kimi deyim, yoxsa müəllimin dəyişdiyi variantı söyləyim. Sən demə, Cəmil müəllimin məqsədi şairə məhz həmin misranı eşitdirmək imiş. Mən soruşmağa macal tapmamış özü gülə-gülə dedi:

- Qızım, bir bənd vardı ha, onu de görüm necə idi?

Qız da ki, arifin biri həmən anladım hansı bəndi deyir. O yeri söyləyəndə ikisi də eyni anda bərkdən güldülər.

Bu mənim televizorda gördüyüm ilk şair idi, həyatda görür, qarşısında şeir söyləyirdim.

Onadək elə bilirdim, şair olanların hamısı ölür. Canım yandığından acıqlanırdım ki, bilirlər ki, öləcəklər niyə şair olurlar! Kitabda gördüyüm bütün müəllifləri o qədər sevirdim ki, mənə elə gəlirdi, onlar məni tanıyırlar. İllər keçdi, anladım ki, ölməklərinə qıymadıqlarım yaşamaq üçün ölürlər. Yaradan əbədi ömür bəxş etdiklərinə yazmaq istedadı verirmiş. Təəssüf ki, son günlər baş verənlər göstərdi ki, qələm adamları istedadlarını yazmaqdan başqa şeylərə də sərf edirlər. Bunun yaxşı, pis tərəflərini təhlil etmək həvəsim yoxdur. Danışanları da, tənqid, təhqir edənləri də özünüz tanıyırsınız. Məni narahat edən, üzən bircə şey var – bütün bunlar Azərbaycanda və azərbaycanlılar arasında baş verir. Dərdim həmişə yalnız bu olub – biz niyə belə yaradılmışıq?

Yazanların yazdıqları kimi olmadığını biləndən sarsılmışam. Məni ədəbiyyat qədər düşündürən, ədəbi mühitdə baş verənlər qədər ruhdan salan heç nə yoxdur. Ona görə ki, yazmaq mənimçün yaşamaq, ədəbiyyatsa ünvanımdır. Orda pis bir şey baş verəndə nəfəsim çatmır.

Həyat gerçək ədəbiyyat, ədəbiyyatsa qondarma həyatdır.

Adam öldürmək ədəbiyyatda cinayət sayılmır, həyatda isə öldürəni öldürürlər. Qəddar yazıçı canını oxucunun qarğışı ilə qurtarır.

Təfəkkürün yaratdığı həyatı konstitusiya idarə etmədiyindən kim nə istəsə yaradır, necə istəsə, yazır. Salam Qədirzadə tənqidçiləri ədəbiyyatın milisonerləri sayırdı, bu gün tənqidçilikdə də ötən illərlə müqayisədə fərqlilik hiss olunur. "Milisonerlərdə" yumşalma yaranıb, mövzularda sərhədlər açılıb, bəzi ərazilərə viza ləğv edilib. Sərbəst gedişlərdə özünü itirənlər də, yoluyla düz gedib-gələn də var. Kiminin gedişi oxucuya zərər vurur, kimininki də xeyir verir.

Amma hər iki "həyatın" Yaradanı var. Yaradan nə istəsə, yazır. "Onun işinə əl aparmaq olmaz" deyirlər. Tanrıya gücümüz çatmırsa, onda yazıçıya da hücum etməyək. Gerçək həyatın başımıza gətirdiklərinin heyfini sözdən qurulan həyatın yaradanından çıxmayaq. Bir də... yazıçının qəpik-quruşu sözdür, bəzisi xəsislik edir, bəzisi israfçıdır. Bəzisi kiminsə cibindən oğurlayıb xərcləyir, bəzisi təfəkkürünü min bir zəhmətlə sözə çevirib "əlinə maya salır". Özü "qazanmadan xərcləyən" yazıçınınsa "mayasının" bərəkəti olmaz. Burda mühasibatlıq işlərini zaman öz üzərinə götürüb. O elə dəqiqdir ki...

Şəxsiyyət sənətkarlıqdan o vaxt önə keçir ki, sənətkar özü yaratdıqlarını ayaqlar altına atır.

Şair də yazdıqlarına özü əməl etməyəndə gözdən düşür.

Yazıçı isə məddahlıqla yazdıqlarının ucbatından oxunmaz. Sifarışlə yazanlar da bu sıradadır.

(Sifarişlə yazıb oxunan, sevilən deyəndə Nizamini nümunə göstərəcəksiniz.)

Kiçiklər böyükləri ona görə eşitmirlər ki, özləri etmədiklərini onlara məsləhət görürlər.

Gəncləri bəyənməyən yaşlı nəsil nədə nümunə oldular ki, cavanlardan onu tələb edirlər?

Kini, paxıllığı, yaltaqlığı, xəbərçiliyi böyüklərdən öyrənmədikmi?

Dostunun arxasınca danışan atadan oğul nə götürər?

İndi də ağsaqqal, müdrik yaşlarında olan yazıçılar bir-birinə həqarət yağdırırlar, sözə gələndə isə gənc nəsli təkəbbürlü, aqressiv, etinasız olmaqda qınayırlar.

Vicdanın, doğrunun, ədalətin, insanlığın yaşımı var? Hər şeyi təbəqəyə ayırıb təhlil etmək vacib deyil. Mehribanlıq gənclərdə də olsa, gözəllikdir, yaşlılarda da. Səxavətli olmağı varlı da bacarmalıdır, kasıb da. Qəzəb təkcə kiçiklərdə pislənməməlidir, böyüklər də təmkini qorumalıdırlar.

Günah günahdadır, başqa heç kəsdə.

Qəzetdən, televiziyadan, kitabdan başqa bir vasitə var ki, insanlar onun sayəsində daha tez ünsiyyətdə olur, baş verənləri bir-birilərinə daha çevik çatdırırlar. Yazıçılar Birliyinin XIII Qurultayının sorağı, sonrakı müzakirələr, qalmaqallar mətbuatdan əvvəl sosial şəbəkələrdə, xüsusilə də, feysbukda yayıldı. Feysbuk tribunadır. Hərə öz profilində çıxış edir. Qurultay haqqında fərqli fikirlər, təhqirli paylaşımlar edənlər çox oldu. Bu qədər insanlara qarşı dözümlü olmaq, cavab vermək çətin idi. Yeri gələndə burdan silah kimi də istifadə edənlər olur. Biri digərini postu ilə susdurur. Hər iki cəbhə mövqeyini açıqlayırdı. Feysbuku, yaxud paylaşılan postları pisləməyin. Bura da bu cür mühit sayılmalıdır. Həyatdan sosial şəbəkəyə köçmüşük. Kimin nəyi varsa özüylə gətirib. Nə fərqi var, ya stolun ətrafına yığışıb siyasətdən danışırlar, ya da "Nə düşünürsən?" çərçivəsinin altında, ya küçədə savaşırlar, ya da rəylərdə bir-birini "qırırlar". O çərçivəni mikrofon da adlandırmaq olar. Kim necədirsə, söhbəti, postu da o cürdür. Özünü hikmətli fikirlər paylaşmaqla gizlədənlərə fikir verməyin, xətirlərinə dəyəcək bircə kəlmədən sonra maskaları yırtılır, ədəb-ərkanlarını itirirlər. Biz elə bizik, həyatda da, feysbukda da. Adama elə gəlir ki, bizi əyri-buruq işlərdən feysbukdakı ağrılı status paylaşanlar xilas edəcəklər. Deyəsən, xalqa təkcə onların canı yanır. Postlara baxanda belə bir qənaətə gəlmək olur ki, ədalətli təsiri bağışlayan, səmərəli təkliflər edən, iqtisadi-siyasi məsələləri həll etməyin yollarını bilən çoxlu adamlar var. Ürəklənib bir təklif də mən etmək istəyirəm; ədəbiyyata, mədəniyyətə dəyər verənlər, başqalarının uğurlarına sevinənlər, ağırın-yüngülün yolunu bilənlər, maarifpərvər, ölkənin qeydinə qalmaq istəyənlər yığışıb xüsusi təşkilat yaratsınlar. Oraya yalnız təmiz əqidəli tərəfdaşlar götürsünlər. Direktor seçməklərinə ehtiyac olmadan özləri işlərini vicdanla həyata keçirsinlər. İdarəçiliyini bəyənmədikləri qurumların rəhbərliyi müvəqqəti olaraq, ("ulduzlar toqquşub xəta uzaqlaşanadək") həmin insanlara həvalə edilsin. Görəsən, ölkədə hər şey qaydasına düşər? İxtiyar sahibi olandan sonra onlar dəyişərlər? İşlərin öhdəsindən gələ, feysbukdakı STATUSLARINI qoruyub saxlaya bilərlər?