adalet.az header logo
  • Bakı -°C
06 Noyabr 2026 10:45
32
ANALİZ
A- A+

Milli kimliyin azadlığı

Azərbaycan tarixinin ən şanlı günlərindən biri və birincisi Şuşanın düşməndən azad olunmasıdır. Şuşanın düşməndən azad olunması həm də Ulu öndər Heydər Əliyevin “Biz bir gün Şuşaya, Laçına, Kəlbəcərə qayıdacağıq” ifadələri qazanılan Zəfərin əsas aqrumentlərindəndir. Dövlət başçısı, Müzəffər li Baş Komandan İlham Əliyev bu barədə fikirlərini belə dilə gətirib: “Necə böyük inamla, necə böyük sevgi ilə Heydər Əliyev deyirdi ki, biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq. O, özü inanırdı, bizi də inandırırdı. Bizə də onun inamı, xalqın iradəsi əlavə güc verdi və bu gün biz buradayıq, bu müqəddəs torpaqdayıq”.

Müzəffər Komandanın “dəmir yumruq” əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürdü. Azərbaycan Ordusunun hər bir addımı qəhrəmanlıq dastanına çevrildi. 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqının qəlbindən ağır daş kimi asılan torpaq həsrətinə son qoyulması, işğal altında olan ərazilərin azad edilməsi uğrunda 44 gün davam edən Vətən müharibəsi məhz əsl sərkərdə olduğunu sübuta yetirən cənab İlham Əliyevin gərgin və yorulmaz əməyi, vaxtında yaradılmış güclü iqtisadiyyat, mükəmməl ordu quruculuğu, Azərbaycana münasibəti köklü şəkildə dəyişmiş beynəlxalq siyasət və özünü dəmir yumruq kimi göstərmiş xalq-iqtidar birliyi əsasında şanlı qələbə ilə başa çatdı. Bu qələbənin hər bir səhifəsi qürurverici olmaqla yanaşı, qələbənin tacı Şuşanın düşmən tapdağından azad edilməsidir. Şuşa Azərbaycanın milli kimliyini, tarixini və mənəvi dünyasını özündə yaşadan müqəddəs şəhərdir. Onun azadlığı həm hərbi, həm də mənəvi baxımdan böyük tarixi əhəmiyyət daşıyır. 2020-ci ildə ərazi bütövlüyümüzün bərpasından sonra 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi bütün ərazilərində tam təmin edilib. Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını ucaltması bu tarixi prosesin rəmzi hadisələrindən biri olub.

Təbii ki, qələbənin əldə edilməsində müasir ordumuzla yanaşı, güclü iqtisadiyyatımız, milli həmrəylik, iqtidar-xalq birliyi mühüm rol oynadı. Azərbaycan Prezidentinin dediyi kimi, daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi. Həmçinin imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Respublika rəhbəri böyük siyasi iradə və birlik göstərərək bu qüvvələrin ölkəni parçalamaq cəhdlərini, planlarını dəf etdi. Azərbaycan xalqı isə bir millət olaraq öz varlığını müdafiə etdi.

Hazırda Şuşada və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

Sonda isə onu qeyd edək ki, şəhidlərin xatirəsinin yaşadılması, onların ailələrinə və qazilərə dövlət qayğısının davam etdirilməsi, qəhrəmanlıq tariximizin gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur. 

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı