adalet.az header logo
  • Bakı 28°C
  • USD 1.7
02 Iyul 2022 12:08
534
MƏMLƏKƏT

Hansı şəhərimiz ölkə paytaxtı ola bilər? - Açıqlama…

2030-cu ilə qədər olan dövrü əhatə edən “Böyük Bakının Regional İnkişaf Planı”-da paytaxtın köçürülməsi nəzərdə tutulub.

Tariximizi daha da geniş miqyasda tanıtmaq baxımından Gəncənin paytaxta çevrilməsi çox əhəmiyyətli ola bilər.

Dünyada şəhərlərin, xüsusən də paytaxt şəhərlərinin sürətlə böyüməsi və genişlənməsi həm də bir çox problemlər yaradır. Bunlardan ən əsası da insanların bir ərazidən həddən artıq məskunlaşması məsələsidir. Müxtəlif vaxtlarda ölkəmizin paytaxtının başqa bir şəhərlə əvəzlənməsi ilə bağlı təlkliflər və çıxışlar gündəmə gətirilib. Misal üçün bu məsələ ilə bağlı paytaxtın Şamaxıya köçürülməsi məsələsi dəfələrlə rəsmi tribunalardan təklif olunub. Konkret olaraq bununla bağlı Milli Məclisin deputatı Qüdrət Həsənquliyev paytaxtın Şamaxıya, Milli Məclisin isə Gəncəyə köçürülməsinin zəruri olduğunu bildirib. Eyni zamanda deputat qeyd edib ki,Bakının küçələrinin əksəriyyəti dar və həddindən artıq yükləndiyindən paytaxtın gələcəkdə köçürülməsi qaçılmazdır.Şamaxı şəhərinə olan səfərlərinin birində prezidentin də qeyd etdiyi kimi, bu şəhər Şirvanşahların paytaxtı olub. Nəzərə almaq lazımdır ki, Şamaxı seysmik zona olduğu üçün orada beşmərtəbəli və 9 bal gücündə zəlzələyə davamlı evlər və inzibati binalar tikmək mümkündür. O cümlədən Prezident Administrasiyası , Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə üçün orada yeni binalar inşa etmək çox faydalı olardı. Ölkənin Qanunvericilik hakimiyyəti olan Milli Məclisi isə Gəncəyə köçürmək daha məqsədəuyğundur. Bununla da biz həm Bakını ekoloji fəlakətdən qurtarar, həm də regionların iqtisadi inkişafına böyük töhfə verə bilərik.

İlbəlil böyük dinamik sürətlə inkişafda olan Bakıda yaşanan tıxaclar bu mövzunun tez-tez gündəmə gəlməsini aktuallaşdırır. Ümumiyyətlə dünya praktikasında da biz dəfələrlə belə təcrübələrə rast gəlirik. Son illərdə İndoneziyanın paytaxtı Cakarta, daha sonra Qazaxıstanın paytaxı Alma – Atı şəhərləri digər şəhərlə paytaxt olaraq əvəzləniblər. Təbii olaraq ölkələrin əhalisi artdıqca, iqtisadiyyatı inkişaf etdikcə paytaxtı dəyişirlər. Bundan başqa, Gürcüstan, Türkiyə, ABŞ misalını göstərmək olar ki, bu ölkələrdə ən böyük şəhərlər deyil, alternativ şəhərlər paytaxta çevrilib. Həm də dünya təcrübəsində eyni zamanda dəniz sahilində olan şəhərləri də paytaxt etmirlər. Bu qərar,həmin şəhərlərə turist axınının çox olması, həm də təhlükəsizlik baxımından qəbul edilən ən doğru qərardır. Beynəlxalq təcrübədə paytaxtın köçürülməsi dedikdə ilk növbədə dövlət qurumlarının binaları, universitetlərin köçürülməsi nəzərdə tutulur. Rəsmi səfərlərin çox olduğu ölkələrdə sıxlığın qarşısını almaq üçün belə inzibati binalar şəhərin mərkəzindən kənara köçürülür.

Sözügedən məsələ ilə bağlı tarixçilər də hesab edirlər ki, Şamaxı və Gəncənin Azərbaycan tarixi üçün əhəmiyyəti böyükdür. Amma tarixçilərin fikrincə Gəncə şəhərinin paytaxt şəhərə çevrilməsi daha doğru və daha faydalı qərardır. Bununla bağlıtarixçi-alim Dilavər Əzimli qeyd edib ki, bugün həqiqətən də Bakı şəhərində sıxlıq yaşanır və bunun qarşısını alınmalıdır. Beynəlxalq təcrübədə Nyu-York-Vaşinqton, Ankara-İstanbul və digər bu kimi nümunələr var. Belə ki, iri şəhər mərkəz kimi qalıb, lakin dövlət idarələrinin binaları müəyyən ərazilərə köçürülür. Azərbaycan üçün isə ən uyğun versiyalardan biri də Göyçay şəhəri ola bilər.

Bundan başqa, Şəki, Qəbələ arasında gözəl şəhər salmaq da olar ki, bu da zaman-zaman gündəmə gəlib.Hesab edirəm ki,buməsələ həllini tapmalıdır. Söhbət təkcə parlamentin Gəncəyə getməsindən getmir. Respublikanın müəyyən bir ərazilərində dövlət idarələrini yerləşdirməklə Bakıdakı sıxlığı aradan qaldırmaq olar. Azərbaycanın hər bölgəsi bu məsələdə iddialı ola bilər. Lakin elə yer seçiməlidir ki, bu, bütün məsələləri təmin edə bilsin. Əhalinin, xarici qonaqların gediş-gəliş məsələsi də nəzərə alınmalıdır. Konkret olaraq Gəncə və Şamaxıdan söhbət gedirsə, bu iki şəhərin tariximizdə də xüsusi yeri var. Bu baxımdan qeyd edilən şəhərlərin mərkəz olmaq təcrübəsi mövcuddur. Gəncə təkcə Azərbaycana deyil, dünyaya da nəhəng simalar bəxş edən şəhərdir. O baxımdan Gəncənin adını dünyada indiyədək duyanlar çox olub. Gəncə hər zaman Azərbaycana hücum edən düşmənlərə qarşı savaş meydanı olub.

Həmçinin tarixçi, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Gəncə və Şamaxının əhəmiyyətini də vurğulayıb.O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu dönəmdə Bakı düşmənlərin əlində idi. Erməni-rus hərbi birlikləri tərəfindən Bakı işğal olunmuşdu. Düşmənlər zaman-zaman Bakının etnik tərkibini dəyişməyə nail olublar. O zaman Gəncə Azərbaycanın təkcə paytaxtı deyil, həm də müqavimət hərəkatının əsas meydanına çevrildi. Bu baxımdan qeyd edə bilərik ki, Gəncə AXC dönəmində də müstəsna rola malik olub. Dünyaya tariximizi çatdırmaq baxımındanda hesab edirəm ki, daha çox Gəncənin paytaxta çevrilməsi əhəmiyyətli olardı. Oranın infrastrukturu da buna imkan verir. Ona görə də düşünürəm ki, təkliflər yerindədir və xüsusilə də bu məsələlərdə Gəncə əsas hədəfimiz olmalıdır.

Qanun çərçivəsində paytaxtın köçürülməsi üçün isə ilk növbədə konstitusiyada dəyişiklik olmalıdır.Konstitusiyanı dəyişmək üçün isə referendum keçirilməlidir. 2030-cu ilə qədər olan dövrü əhatə edən “Böyük Bakının Regional İnkişaf Planı”nda paytaxtın köçürülməsi nəzərdə tutulub. Bir zamanlar məlumat yayılmışdı ki, hökumət paytaxtın köçürülməsi üçün yeri Ələt ərazisindəki geniş dağətəyi sahəni təyin edib. Hacıqabul yolunun Nəvahi hissəsinə (Qazax istiqamətinə gedərkən, yolun sağ tərəfi) düşən Bakının peyk-şəhəri olacaq yeni paytaxtın adı barədə dəqiq qərar verilməyib. Mənbənin iddiasına görə, yeni paytaxt kimi bu ərazinin seçilməsi təsadüfi deyil. Çünki bu geniş ərazidə hələ SSRİ dövründə Atom Elektrik Stansiyasınıntikintisi planlaşdırılıb. Bu tikinti üçünkeçən əsrin 80-ci illərində bura seçilib və SSRİ-nin müvafiq idarələri, xüsusilə buradakı geoloji vəziyyəti (sürüşmə, süxurların möhkəmliyi, zəlzələ riski və sair) öyrəndikdən, geofiziki araşdırmalar apardıqdan sonra obyektin tikintisinə razılıq verib. Hətta Xəzərin səviyyəsi maksimum qalxarsa, bu ərazinin təhlükəsiz olacağı barədə proqnoz verilib. LakinSSRİ-nin süqutu bu prosesi tamamilə dayandırdı.

Vətən müharibəsi nəticəsində doğma Qarabağımıza yenidən sahiblənmək xoşəxtliyinə nail olduğumuz üçün, işğaldan azad edilən ərazilərdə böyük quruculuq işlərindən sonra paytaxtın Qarabağ şəhərlərinin birinə köçürülməsi də çox düzgün olardı. Hətta bunun gələcək perspektivləri daha çoxdur.Ümid edək ki, paytaxt şəhərimizin hansı şəhər olmasından asılı olmayaraq edilən seçim ən uğurlusu olacaq.

HAZIRLADI: BÜNYAMİN BÜNYADZADƏ