13 May 2024 13:25
1871
ƏDƏBİYYAT

“Hardadır bu Əlincə qalasının qapısı? - Aqşin Yenisey yazır

“Bu qalanın hər yeri çölündəkilər üçün divar idi, içindəkilər üçün qapı”.

Naxçıvana ilk gəlişimdi. TEASpress’in və Səlahiyyətli numayəndəliyin dəvətilə iştirak etdiyim Bookfest” kitab sərgisi Muxtar Respublikanın 100, ümummilli luderin 101 illiyinə həsr olunub. Bakıda hava limanından yazıçı, professor Zahid Xəlil və xanımı ilə qarşılaşırıq. Saat səhər 5-dir. Hamı yatıb, biz oyaq. Saat 8-də Naxçıvana enirik, sakitlikdir. Amma bu sakitlik “insan yoxdursa, problem də yoxdur” zehniyyətindən doğan inzibati sakitlik deyil, bu, bir memari sakitlikdir.

Günorta saatlarında naxçıvanlı dostlarla şəhərin küçələrində qısa bir təkərli gəzintiyə çıxırıq. Sirr öz-özünə açılır: Naxçıvan özünün memari səliqəsiylə bir alman şəhəri görkəmiylə üzə çıxır. Sağ əlin qalan şəhərlərimizin başına. Daha sonra bu səliqə-səhmanı naxçıvanlıların davranışlarında, lap dərinə getdikcə mənəviyyatlarında hiss edirəm. Bu hissin təsdiqini təhlükəsizlik orqanında işləyən tələbə yoldaşıma verdiyim ilk sualla naxçıvanlıların öz dilindən eşitmək istəyirəm. “Naxçıvanda cinayətkarlıq hansı səviyyədədir?” “Qətl hadisələri nadir hallarda olar, ya olmaz, amma bir-iki toyuq oğrusu varımızdı”.

Səbəb: blokadanın yaratdığı mənəvi homogenlik. Yəhudilər bu mənəvi homogenliyi qorumaq üçün özlərini musəviliklə blokadaya alıb bəşərdən təcrid etmişdilər dörd min il öncə.

Naxçıvanı və naxçıvanlıları müşahidə etdikcə sosial medida yaradılan və millətə təqdim olunan Naxçıvan obrazının nə qədər uydurma olduğunun fərqinə varıram. Hər yerdə sifətindən narazılıq yağan, illərdir “ayaqladığı zülm” vücuduna yansıyan naxçıvanlını axtarıram. Deyəsən, görməyim deyə bütün narazı naxçıvanlıları xüsusi qapalı düşərgəyə doldurublar. Naxçıvanda Anadolu şəhərlərinə xas olan istiqanlı bir doğmalıq hökm sürür. “Hanı bu şəhərin dəlisi?” deyib altdan-altdan öz şəhərinin dərd-sərini küçələrdə satan o casusu axtarıram. Çünki hər dəli öz şəhərinin taleyinin elçisidir. Bir şəhərdə dəli yoxdursa, demək ki, o şəhərdə qanun mənəvi hadisəyə çevrilə bilib. Azərbaycanın heç harasında qanun mənəvi hadisə deyil. Vasili Veliçko hətta bütün Qafqaza aid edirdi bunu və səbəbini Qafqazın tarixən mərkəzi dövlətlərin ucqarı olmasıyla bağlayırdı. Görünür, Naxçıvanda qanunun mənəvi hadisəyə çevrilməsi Atabəylər dövlətindən gəlir.

Bunu hiss etmək üçün Naxçıvanın ətrafındakı dağ-dərədə dolaşmaq lazımdı. Naxçıvan dörd bir tərəfdən tarixlə mühasirə olunub. Sufi təkkələri, türbələr, Əlincə qalası, Bəzz qalası, Araz çayı…

Naxçıvanlı dövlətçi gücünü tarixlə dolu bu dağ-dərədən alır. Məsələn, mən zərdüştilərin və sufilərin sükut qüllələri haqqında oxumuşdum, amma təsəvvürümün yanlış olduğunu Nəiminin qəbri üzərində tikilmiş (təəssüf ki, “yevroremont” olunmuş) türbənin həyətindəki qüllələri görəndə başa düşdüm. Yazılı tarixə çox barmaq olunur, amma daşlaşmış tarixi zamanın tələbinə uyğunlaşdırmaq mümkün deyil. Naxçıvanda Nuhdan üzübəri tarixin hansı dövrünü axtarsan bir daşına, saxsısına, heroqlifinə rast gələcəksən. Çay daşından çox Teymurun, ağqoyunluların, qaraqoyunluların yadigarı olan daşlar var. Naxçıvanlılar hər yeri taruxlə mənalandırıblar və danışıqlarından hiss olunur ki, bundan böyük zövq alırlar. Hətta yol gedərkən “Şərq qapısı” qəzetinin xanım əməkdaşı yolun qırağından bir ovuc kaşı qırığı tapıb gətirdi və tarixin bir dövrünə bağladı. Tarixlə bu qədər iç-içə yaşamaq, əlbəttə, onlara psixoloji güc verir. Naxçıvanda dəliyə rast gəlməməyimin səbəbi də buradakı xalqın psixoloji gücünü mistikadan deyil, tarixdən almasıyla bağlıdır. Tarixin mənşəyi insanın özünə olan inancıdır. Bu torpaqlarda tarix mistikanı Orta əsrlərdə şaqqalayıb. Teymur və Nəiminin mübarizəsində.

Yazmaqla bitməz!

Yenidən görüşmək ümidiylə…