"Həkimlər və tibb işçiləri iki seçimdən birini edə biləcəklər" - Nazir

"Səhiyyə Nazirliyinin məlumatına görə, sertifikasiya suallar bazası hər il təxminən 20% yenilənir. Hazırda bazada 65 minə yaxın test və 6 min 450 klinik məsələ mövcuddur".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsində Səhiyyə naziri Teymur Musayev deyib.
Səhiyyə naziri bildirib ki, yeni yanaşmaya əsasən imtahanlar 100 ixtisaslaşdırılmış sualdan ibarət olacaq: "Qiymətləndirmə zamanı 80 və daha çox bal toplayanlar müvəffəq hesab olunacaqlar. Bundan başqa, beynəlxalq bazalardan alınmış yeni suallar əsasında imtahanların həm elektron, həm də kağız formatda keçirilməsi nəzərdə tutulur. Elektron imtahan nəticəsi dərhal ekranda əks olunacaq, kağız daşıyıcılarda isə nəticə maksimum 3 saat ərzində təqdim ediləcək. Əlilliyi olan şəxslər üçün də imtahanlarda xüsusi şərait yaradılıb. Görmə qabiliyyəti məhdud olan namizədlərə fərdi nəzarətçi təyin olunur, testlər audio materiallarla təmin edilir və imtahan müddətinə əlavə 60 dəqiqə artırılır".
Nazir qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən tibb mütəxəssisləri üçün yeni qanunvericilik təşəbbüsü hazırlanıb: "Layihəyə əsasən, həkimlər və tibb işçiləri iki seçimdən birini edə biləcəklər: ya 5 il ərzində hər il 50 kredit olmaqla cəmi 250 kredit toplamaqla davamlı peşəkar inkişaf yolunu seçə, ya da dövri olaraq sertifikasiya imtahanında iştirak edə bilərlər. İmtahandan keçməyən tibb işçisi üçün 6 ay müddətinə əmək yeri və vəzifə maaşı saxlanılacaq. Bu müddətdə həmin şəxs diqqətini tam şəkildə təkrar hazırlığa yönəldə biləcək. Davamlı peşəkar inkişaf kreditləri tibb işçisinin elmi, tədris və ya praktiki fəaliyyəti ilə toplana biləcək. Həmçinin, iştirak ediləcək tədbirlər və akkreditasiya olunmuş inkişaf proqramları Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən müəyyən ediləcək və nazirliyin rəsmi internet səhifəsində açıqlanacaq. Hazırda bu istiqamətdə iki əsas normativ sənədin – “Davamlı peşəkar inkişaf tədbirlərinin akkreditasiyası Qaydası” və kredit ekvivalentləri ilə bağlı tələblərin layihələri üzərində işlər davam etdirilir”.
Digər Xəbərlər

Polis ən ağır günlərdə belə dövlətin və xalqın yanında olub

“Sputnik Azərbaycan” işinə görə cinayət işi başlanıldı - Həbslər var

Daha bir qrup ukraynalı uşaq Azərbaycana gətirilib

Bu ailələrdə hər uşağa ayda 140 manat ödəniləcək

Partlayış səsləri eşidiləcək - MN-dən xəbərdarlıq

Seyfəddin Hüseynli: Dövlətimiz çox böyük qətiyyət göstərdi

"Rusiya kəşfiyyat şəbəkələrinə qarşı açıq əməliyyat mərhələsi başlayıb" - Osman Gündüz
