27 Mart 2025 15:50
471
DÜNYA

"Hər cinayətin müdafiəsi məhkəmədə aparılmalıdır, küçələrdə yox" - Nazir

"Ötən həftə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) ilə bağlı başladılan iki ayrı istintaq çərçivəsində ümumilikdə 51 nəfər həbs edilib, 14 nəfərin isə axtarışları davam edir".

Adalet.az xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç İstanbulda beynəlxalq mətbuat nümayəndələri ilə görüşü zamanı deyib. Nazir bildirib ki, bəzi beynəlxalq dairələr bu istintaqın siyasi motivlər əsasında aparıldığı görüntüsünü yaratmağa və ya ölkə başçısı ilə əlaqələndirməyə çalışdı:

"Bu iddiaları qətiyyətlə rədd edirik. Respublika prokuroru şübhəlilərin həm lehinə, həm də əleyhinə olan sübutları toplayır. Hər kəs bilməlidir ki, hüquqi dövlətdə törədilən hər cinayətin müdafiəsi məhkəmədə aparılmalıdır, küçələrdə yox. Müdafiəni məhkəmə qarşısında etmək həm hüququn təmini, həm də məsuliyyətdir. Biz hüququ yalnız qanunlar toplusu kimi görmürük. Hüquq bizim cəmiyyətin təməl daşıdır. Demokratiyanın ayrılmaz hissəsi olan düşüncə azadlığının inkişafı üçün 23 il ərzində mühüm addımlar atmışıq. Məhkəmə strategiya sənədləri ilə çoxsaylı islahatlar həyata keçirilib, köklü və genişmiqyaslı addımlar atılıb. Bu müddət ərzində Türkiyədə xalqın dövlətlə birbaşa əlaqəsinin təmini istiqamətində yeni sistem yaradılıb. Siyasi və hüquqi azadlığa olan maneələr aradan qaldırılıb. Türkiyənin qərəzsiz və müstəqil məhkəmə sisteminə güvənilməlidir. Ədalətin yerinə yetməsi üçün verilən qərara hörmətlə yanaşmaq hamımızın borcudur. Beynəlxalq ictimaiyyətin ikili standartlarını rədd edirik”.

Türkiyənin qlobal səviyyədə də insan hüquqlarını müdafiə etdiyini vurğulayan nazir bildirib ki, qlobal böhranlara nəzər saldıqda Türkiyənin mövqeyinin nə qədər əhəmiyyətli olduğu açıq-aşkar görünür. Türkiyə təkcə öz xalqı üçün deyil, bütün insanlıq üçün təhlükəsiz bir limandır.

Nazir əlavə edib ki, İBB araşdırmasının ardından Türkiyədə keçirilən qanunsuz aksiyalar zamanı ölkənin 24 vilayətində ümumilikdə 1568 nəfər saxlanılıb, onlardan 222-nin həbsinə qərar verilib