22 Iyul 2025 09:10
93
GÜNDƏM

Hər şeyi kadrlar həll edir... - Ələmdar Məmmədov yazır

İlyas İsmayılov Respublika prokuroru olarkən kadrların seçilib yerləşdirilməsində hansı meyarları əsas götürməsini 1981-ci ildə çapdan çıxmış “Prokurorluq işçilərinin mənəvi tərbiyəsi” adlı kitabçasında belə qeyd edirdi: “Dövlət orqanları sistemində prokurorluğun tutduğu yer, sosial təyinatı elədir ki, prokurorluq bütünlükdə qanunçuluğun vəziyyətinə görə məsuliyyət daşıyır...  Prokurorluq işçisi ədalətə dərindən inanıb, bu yolda heç bir çətinlikdən qorxmadan mübarizə apararsa, hadisələri şəxsi baxımdan deyil, xalqın nöqteyi nəzərindən araşdırarsa həmişə hamının nəzərində siyasi xadim səviyyəsində durmuş olar. Yerli təsirə qarşı durmaq qabiliyyətini itirən, prinsipsiz mövqe tutaraq qanunların pozulmasına göz yuman prokuror öz sosial təyinatının əleyhinə getmiş olur.”                    
İlyas müəllimin bütün fəaliyyəti dövründə kadrlara münasibəti məhz bu prinsiplər əsasında formalaşmışdı.

 ...1987-ci ildə SSRİ Baş prokuroru Rekunkov və SSRİ Təhsil na¬ziri İlyuşinin birgə məktubu var idi. Həmin məktubda gələcəkdə prokurorluq orqanlarında işə qəbul ediləcək abituriyentlərin seçilməsi tövsiyə olunurdu. Azərbaycan Respublikası Prokurorluğunda bu işə məsul həmin vaxt Ümumi nəzarət şöbəsinin rəisi İsaxan Vəliyev idi. Kadrların seçilməsinə xüsusi diqqət yetirən İlyas müəllim seçilmiş tələbələrlə görüşür, bilik səviyyəsi ilə tanış olub, tövsiyələrini verirdi.

Bundan başqa, İlyas müəllim həm də Dövlət İmtahan Komissiyasının sədri kimi imtahanlarda iştirak edir və təyinatla prokurorluğa düşməsə də, ləyaqətli və savadlı məzunları işə qəbul edirdi.

Bu barədə hazırda təqaüddə olan baş ədliyyə müşaviri Abdulla Yusifov belə deyir: 

“İ.İsmayılov 1988-ci ildə Dövlət İmtahan Komissiyasının sədri kimi imtahanlarda iştirak edirdi. Hiss edirdim ki, mənim danışığım onun xoşuna gəlir. Müəllimlər arada bir-biri ilə danışarkən mən fürsətdən istifadə edərək, tələbə bicliyi işlədib, təkrarçılıq etmək istədim. İlyas müəllim elə birinci cümləmdə mənə iradını bildirdi. Sonra O, bir Şəki lətifəsi də danışdı. Mən imtahanda əla qiymət aldım. Hiss etdim ki, İlyas müəllim əlindəki dəftərə nə isə yazdı. Təyinatda mən Ədliyyə Nazirliyinə düşmüşdüm. Hətta Oğuz rayonunda vəkil olmalı idim. Əsas təyinat zamanı birinci prokurorluq orqanlarına düşənlərin adı oxunurdu. Mənim adım çıxanda hamı kimi mən də təəccüb etdim. Prokurorluqda işləməli olanları İlyas müəllim özü qəbul edirdi. Onun bütün danışığı və tövsiyələri ədalətli və humanist olmağa yönəlmişdi”.
Sonralar Abdulla Yusifov İlyas müəllimin etimadını tam doğruldanlardan biri oldu. 

Rayon prokuroru, Baş Prokurorluğun idarə rəisinin müavini, Bakı şəhər Prokurorluğununun Dövlət İttihamı İdarəsinin rəisi vəzi¬fələrində işləyən Abdulla Yusifov bütün həyatı boyu ədalət axtarışında olub, bu yolda hədsiz məhrumiyyətlərə məruz qalaraq, hətta vəzifə kürsüsündən endirilməsi və sonradan öz xahişi ilə prokurorluq orqanlarından xaric olunması məgər İlyas İsma¬yıl¬ov¬un ədalətli mövqeyinin  təsiri deyildimi?..

İlyas İsmayılov müsahibələrinin birində bu barədə belə deyir: “Mən hesab eləyirəm ki, ədalət bizim bütün ictimai və fərdi həya¬tımızın əsas qanunu olmalıdır. Təbiətdə baş verən sunamiləri, zəlzələləri, vulkanları və digər kataklizmləri dəqiq elmlərin nümayəndələri günəş şüalarının yer üzərində ədalətsiz bölünməsiylə izah edirlər. Ədalətsiz cəmiyyətdə də həmişə siyasi təlatümlər olur. Odur ki, ədalət bizim əsas meyarımız olmalıdır. Biz həmişə əda¬lətə yaxınlaşmağa çalışmalıyıq. Öz şəxsi maraqlarımız üçün ədaləti qurban verməli deyilik. Mən özümü belə tərbiyə eləmişəm. Həmişə yazılarımda da bunu deyirəm. Çünki mən ədalət hissinə inanıram. Sən bir dəfə həyatda yaşayırsan, onu da ləyaqətlə yaşamalısan. Bunun üçün Xeyir və Şərin mahiyyətini dərk edib Xeyirin yanında olmalısan, vətən və vicdan borcunu unutmamalısan, fədakarlıq və ədalətlilik nümayiş etdirməlisən”.

Təqaüddə olan baş ədliyyə müşaviri Mircavan Kazımov da İlyas İsmayılov ədalətini hiss edənlərdən biridir. M.Kazımovun dediklərindən: 
“İlyas müəlimlə mən ilk dəfə 1985-ci ildə hüquq fakültəsində dövlət imtahanı verərkən və diplom müdafiəsi zamanı qarşılaşmışam. İlyas müəllim dövlət imtahan komissiyasının sədri idi. Həmin dövrdə prokurorluq orqanlarına işə qəbul olunacaq əlaçı və digər müsbət keyfiyyətləri ilə fərqlənən tələbələrlə Respublika Prokurorluğunun əməkdaşları tərəfindən imtahandan əvvəl görüşlər olur, söhbətlər aparılır, kadrlar seçilir, Respublika Prokurorluğuna dəvət olunurdu. Orada da zəruri yoxlamalar aparılırdı və dövlət imtahanından sonra təyinatla prokurorluq orqanlarına qulluğa  qəbul olunurdular. Mən də dövlət imtahanına qədər bütün bu proseslərdən müvəffəqiyyətlə keçdim və həmin siyahıya daxil edildim. Dövlət imtahanlarının başlanmasından bir gün əvvəl mərhum dekan İsa Məmmədov məni yanına çağırıb bildirdi ki, adım prokurorluq orqanlarına təyinat alınması nəzərdə tutulan siyahıdən çıxarılıb, seçim etməliyəm, ədliyyə və ya daxili işlər orqanları və fikrimi bu gün bildirməliyəm. Əlaçı olduğuma görə mənə belə sərbəstlik verilmişdi. Mən ədliyyə orqanlarını seçdim. Səhərisi günü elmi kommunizm fənnindən dövlət imtahanı oldu. Təyinatda olan dəyişiklik mənə çox pis təsir etmişdi. Ona görə də dörd qiymət aldım. Dövlət hüquq nəzəriyyəsindən İlyas müəllimin sədrliyi ilə imtahan verdim, əla aldım. Hətta, yadımdadı, birinci suala cavab verdikdən sonra hörmətli professorumuz Məsmə xanım soruşdu ki, İlyas müəllim icazə verirsiz, tələbə ikinci suala keçsin, İlyas müəllim cavab verdi ki, keçsin, mən birinci suala əla yazmışam. İlyas müəllimin sədrliyi ilə ikinci imtahan cinayət hüququ fənnindən oldu. Həmin imtahandan da əla aldım. Sonun¬cu diplom işinin müdafiəsi idi. Müdafiə zamanı dekanımız  İsa mü¬əl¬limlə mənim aramda məcmu cinayətlərin tövsifi və cəza təyini mə¬sələlərinin izahı ilə əlaqədar fikir ayrılığı yarandı. İlyas müəllim müdaxilə etdi, mənim mövqeyimlə razılaşdı və mən müdafiədən də əla qiymət aldım.
Ona görə də İlyas müəllim mənim nəzərimdə, qəlbimdə obyektiv, savadlı, prinsipal bir şəxsiyyət kimi qalıb və qalacaq.
Təyinatla Ədliyyə Nazirliyinin Ekspertiza İnstitutuna gön¬də¬ril¬dim. Bir il işləyəndən sonra İnstitutun direktoru mərhum İdris Əli¬yev məni otağa çağırıb soruşdu ki, prokurorluq orqanlarında iş¬ləmək istəyirsən? Cavab verdim ki, İdris müəllim, kimdi məni prokurorluğa qəbul edən. Cavabında İdris müəllim bildirdi ki, İlyas müəllim səninlə maraqlanır, mən  müsbət fikir bildirdim, yəqin ki səni qısa vaxt¬da Respublika Prokurorluğuna dəvət edəcəklər. Elə də oldu, qısa müddətdə mən prokurorluq orqanlarında qulluğa qəbul edildim”. 
Yuxarıdakı xoş xatirəni, səmimi ürək sözlərini bizimlə paylaşan Mircavan Kazımov işlədiyi bütün vəzifələrdə insanlarla səmimi rəftarı, ədalətli davranışı ilə həmişə ictimaiyyətin hörmətini qazanmışdır. Onun Masallı rayon prokuroru kimi beş illik Konstitusiya müddətinin başa çatması ilə əlaqədar rayon ictimaiyyətinin iştirakı ilə RİH-də iclas keçirildi. Qədirbilən masallılar prokurorun beşillik fəaliyyətini yüksək dəyərləndirib, hamılıqla ona yaxşı yol arzuladılar.
Haşiyə: Təvəzörkarlıqdan uzaq olsa da, özümlə əlaqədar bir hadisəni də nəql etmək istəyirəm. 1997-ci ilin aprel ayında 5 illik Kons¬titusiya müddətimin başa çatması ilə əlaqədar Zaqatala rayon prokuroru vəzifəsindən azad edilib, Goranboy rayon pro¬ku¬roru vəzifəsinə təyin olundum. Həmin ilin oktyabr ayında Zaqatala rayon prokurorluğunun müstəntiqi Fərrux Babayev məni öz toyuna dəvət etdi. Toya dörd nəfər yaxınımla birlikdə getdim. Düzü, yolboyu həyəcan keçirirdim. Prokuror vəzifəsi digərlərindən cox fərqlidir. Axı, beş ildə yüzlərlə adamın həbsini və axtarışını sanksiyalaşdırmışdım! Saat 20 radələrində Zaqatalaya çatdıq. Mən şadlıq sarayına daxil olan kimi musiqi səsi kəsildi. Aparıcı gəldiyimi elan etdi. Hansı masanın yanından keçirdimsə, hamı ayağa qalxıb, mənimlə görüşüb öpüşürdü. Bizim üçün ayrılmış masaya 15 dəqiqəyə çata bildim. Göstərilən münasibətin həyəcanından məni tər basmışdı. Buna baxmayaraq, həmin anları həyatımın ən xoşbəxt günlərindən hesab edirəm.
Əziz oxucular, budur, İlyas İsmayılovun ədalət məktəbinin nəticəsi! O böyük insan, ziyalı, hüquq-mühafizə orqanlarının işıqlı adamı, ədalət carçısı İ.İsmayılov barədə söylənilən xoş xatirələr, işıqlı arzular, sağlığında qazanılan rəhmətlər bitib-tükənmir. 

Peşə yollarındakı işıqda, nurda, uğurda İsmayılovun əməyinin böyük olduğunu qürurla danışanlardan biri də bir neçə rayonda prokuror vəzifəsində işləmiş, hazırda təqaüddə olan baş ədliyyə mü¬şaviri Afər Nəsirovdur.
İlyas İsmayılovla bağlı xoş xatirələrini Afər müəllimin özündən eşidək: 
“İlyas müəllim mənim üçün  böyük şəxsiyyət, əsil ədalət və kişilik nümunəsidir. Mən Qax rayonunun ucqar dağ - Saribaş kəndində kasib bir ailədə anadan olmusam. Həqiqi hərbi xidməti başa vurduqdan  sonra  1979-cu ildə ADU-nun hüquq fakültəsinin ax¬şam şöbəsinə  daxil oldum. 1985-ci ildə Dovlət İmtahan Komissiyasının sədri həmin ilin Yanvar ayında Respublika prokuroru vəzifəsinə təyin edilmiş İ.İsmajilov idi. O, Komissiyaya çox ədalətli rəhbərlik edirdi və mənim cavablarımdan xoşu gəlmişdi. İmtahan biletindəki sualları cavablandırdıqdan sonra harada işləməyimi soruşdu. Fəhlə işlədiyimi biləndə dəftərinə nə isə qeyd etdi. Bir neçə aydan sonra Respublika Prokurorluğundan gələn məktubla 212-ci kabinetə dəvət olundum. Kadrlar idarəsinin rəisi Fərrux Vəkilov mənimlə 40-45 dəqiqə söhbət etdikdən sonra Respublika prokurorunun müavini Mirağa Cəfərquliyevin yanına apardı. Mira¬ğa müəllim də təxminən yarım saat söhbət etdikdən sonra məni prokurorluq orqanlarına işə qəbul etmək istədiklərini, lakin təklif edilən rayon və vəzifəylə razılaşmalı olduğumu bildirdi.
Biz birlikdə Respublika prokuroru İlyas İsmayılovun qəbuluna getdik. İlyas müəllim yaraşıqlı ağ kostyumda möhtəşəm görünürdü. O, məni görən kimi imtahan anlarını yada salıb, ailə vəziyyətimlə maraqlandı və soruşdu:
– Harda vakant yerimiz var?
Mirağa müəlim dedi:
– Naxçıvan və Kürdəmirdə boş yerimiz var. 
İlyas müəllim bir qədər fikirləşib dedi:
– Zaqatala Rayon Prokurorluğuna stajyor-müstəntiq vəzifəsinə təyin edilməsi barədə əmr hazırlayın ki, ailəsinə yaxın olsun.
13 iyun 1985-ci ildə İlyas müəllimin əmri ilə Zaqatala Rayon Pro¬kurorluğuna stajyor-müstəntiq vəzifəsinə təyin edildim. 
Həyəcandan sifətim ağarmışdı. İlyas müəllim soruşdu ki, xəstə deyilsən ki? Mən cavabında:
- Həyatımın ən xoş gününü yaşayıram, İlyas Abasoviç, - dedim.
İlyas müəllim Fərrux Vəkilova müraciətlə dedi:
– Fərrux Gərayeviç, bir taksi çağır, Nəsirovu Zaqatalaya yola sal.
Beləliklə, taksi maşını ilə Zaqatala rayonuna gəlib işimə başladım.  
Mən həmişə özümü İlyas İsmayılovun kadrı hesab etmişəm. Xatirimdədir, əmri imzalayandan sonra İlyas müəllim məndən soruşdu:
– Prokurorluqda işləyəcəyini ağlına gətirirdinmi? 

Cavabında:

- İlyas Abasoviç, əvvəllər inanmırdım, lakin Sizin dövlət imtahanında ədalətli mövqeyinizi görəndən ümidim yaranmışdı, - dedim.

 O, xəfifcə gülümsəyib mənə müvəffəqiyyətlər arzuladı. Beləliklə, mən 10 il Zaqatala Rayon Prokurorluğunda müstəntiq və üç rayonda  prokuror vəzifəsində işlədim. İlyas müəllimin öyüd və nəsihətlərini heç vaxt unutmadım, Onun kadrı olmağımla fəxr etdim.” 

Əliyev Əli Cəmil oğlu atasız böyümüşdü. Beş il yataqxana həyatı yaşayan Əli Əliyev təyinatla Tovuz Rayon Prokurorluğunda müstəntiq işləyirdi. Xarakteri və insansevərliyi ilə tezliklə Tovuz camaatının hüsn-rəğbətini qazanmışdı. Hətta tovuzlular  onu “İnsan Əli” ayaması ilə tanıtmışdılar.

Əslən tovuzlu olan İlyas müəllim onun iş və mənəvi keyfiyyətləri barədə yerli əhalidən eşidir  və özünün  xəbəri olmadan Tovuz rayon prokurorunun müavini vəzifəsinə təyin etdirir. Bir müddətdən sonra İlyas müəllim Respublika Prokuroru olarkən Əlini Şamxor (indiki Şəmkir) rayon prokurorunun Konstitusiya müddətini yoxlayan komissiyanın tərkibinə daxil edir. Bir neçə aydan sonra Əli Əliyev Şamxor rayon prokuroru vəzifəsinə təyin edilir.
İlyas müəllimin tələbə yoldaşı Mansur İbayevin dediklərindən: 

“Qubadlı rayon prokurorluğunun müstəntiqi Arif Həsənovun CM-nin 88-1 maddəsi ilə (xüsusilə külli miqdarda talama) istintaqını apardığı çoxepizodlu, mürəkkəb cinayət işinin məhkəmə baxışında müstəntiqin peşəkarlığı və insani keyfiyyətləri diqqətimi cəlb etmişdi. İşi yekunlaşdırıb Bakıya qayıdan kimi Res¬publika prokurorunun müavini İlyas İsmayılova zəng edərək dedim:

– İlyas, kadr çatışmazlığından gileylənirsiniz. Arif Həsənov kimi müstəntiq ucqar rayonda qalıb passivləşə bilər. 

Danışığımızda O, konkret söz demədi. Bir ildən sonra Respubli¬ka prokuroru olan kimi mənə telefon açaraq müstəntiqin ad və soyadını soruşdu. Tezliklə Arif Həsənov rayonların birinə prokurorun müavini və bir müddətdən sonra İmişli rayon prokuroru vəzi¬fəsinə təyin edildi”.

...İlyas müəllim bütün ciddiyyəti ilə bərabər, digər sahələrdə olduğu kimi, kadr məsələlərində də  qanunlara və qaydalara əməl etmək nümunəsi göstərirdi. Bir misal çəkəcəyəm, hər il yanımda staj¬yor olurdu. Stajyorluq müddəti qurtardıqdan sonra prokuror xasiyyətnamə yazır və hansı işə yararlı olduğunu göstərirdi. Mən stajyorları bütün sahələrdə çalışdırır və xasiyyətnamə yazarkən prokuror köməkçisi vəzifəsinə tövsiyə edirdim (Mircavan Kazımov, Fəxrəddin Qəhrəmanov, Şakir Səmədov və s.).
1989-cu ildə Əhməd Abdullayevin stajyorluq müddəti başa çatdı. Onu da prokuror köməkçisi vəzifəsinə tövsiyə etdim. Kadrlar İdarəsinin prokuroru telefonla zəng edərək bildirdi ki, Əhməd Abdullayevi müstəntiq vəsifəsinə təyin etmək istəyirik. Mən etirazımı bildirdim. Səhərisi günü bu məsələ ilə əlaqədar  Kadrlar İdarəsinin rəisi zəng etdi. Mən yenə etirazımı bildirdim. Axşamüstü Respublika Prokurorunun müavini Mirağa Cəfərquliyev mənə telefon açdı və dedi ki, biz İlyas müəllimlə qərara gəlmişik ki, Əhməd Abdullayevi müstəntiq vəzifəsinə təyin edək. Sən nə üçün etiraz edirsən? 
Dedim:

- Mirağa müəllim, mən onu prokuror köməkçisi kimi yetişdirmişəm. Onun müstəntiq təyin olunmasını məsləhət bilmirəm. 
Mirağa müəllim bir az əsəbi formada:

- Hamımız ağızdolusu Qarabağ-Qarabağ deyirik. Biz Əhməd Abdullayevi Şuşa Rayon Prokurorluğuna müstəntiq təyin etmək istəyirik. Yalnız bundan sonra razılığımı bildirdim və Əhməd Abdullayev həmin gün Şuşa Rayon Prokurorluğunun müstəntiqi vəzi¬fəsinə təyin edildi. 

Təyinat məsələsi Respublika prokurorunun müstəsna səlahiyyətinə aid olsa da, İlyas müəllim qəbul edilmiş qaydalardan kəna¬ra çıxmırdı. 

O, işçilərini kənar müdaxilələrdən qoruyan rəhbər idi...

Gənc yaşlarından rayon prokuroru vəzifəsində işləyən İlham Abbasov, səhv etmirəmsə, xidməti işi ilə əlaqədar töhmət almışdı. Töhməti götürülməmiş işlədiyi rayonun Partiya Komitəsinin büro qərarı ilə şəxsi uçot vərəqəsinə yazılmaqla, ona şiddətli töhmət elan olunmuş və vəzifədə qalıb-qalmaması məsələsini müzakirə etmək üçün Respublika Prokurorluğu qarşısında vəsatət qaldırılmışdı. Hamı düşünürdü ki, İlhamı vəzifəsindən çıxaracaqlar. Hətta Mərkəzi Komitənin 1-ci katibi Ə.Vəzirovun da tələbinə baxmayaraq, İlyas müəllim onu qorudu. Bir müddət sonra iş yerini dəyişib qonşu rayona prokuror vəzifəsinə təyin etdi.

Uzun illər prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, o cüm¬lə¬dən 11 il Bərdə rayon prokuroru işləmiş Hüseyn Hüseynovun dediklərindən: “Bərdə RPK-nın 1-ci katibi Rüstəm Səfərəliyev mənim Bərdə rayonundan dəyişilməyim barədə İnzibati Orqanlarla İş şöbəsinin müdiri Sabir Hüseynovdan xahiş edir. Sabir Hüseynov bu məsələ ilə əlaqədar Respublika prokuroru İlyas İs¬ma¬yılova müraciət etməsini məsləhət bilir. Rüstəm Səfərəliyev İlyas müəllimin yanında olarkən, İdris Əsgərov orada iştirak edir. Katib mənim rayondan dəyişilməyim barədə İlyas müəllim qarşısında məsələ qaldıranda, o, səbəbini soruşur. Qəbahət kimi Rüstəm Səfərəliyev mənim yerli qəzetin redaktoru ilə dostluq münasibətində olmağımı göstərir.
İlyas müəllim deyir:

- Qəzet RPK-nın orqanıdır. Həmin redaktoru birinci katib kimi vəzifəyə Siz təyin etmisiniz. Əgər redaktor, doğrudan da, pis adam¬dırsa, onu nə üçün vəzifədə saxlayırsınız?

Rüstəm Səfərəliyev xahişinin yerinə yetirilməməsinə görə na¬ra¬zı görkəmdə ayrılarkən, İlyas müəllim ona müraciətlə deyir:

- Rüstəm müəllim, ola bilər ki, prokuroru müzakirə edib partiya cəzası verəsiniz. Biləsiniz ki, mən onu müdafiə edəcəyəm.

...Erməni separatizminin xaç atası Manuçarov haqqında CM-nin 88-1 maddəsi ilə başlanmış cinayət işinin istintaqına rəhbərlik edən Respublika Prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi Vladimir Boqomolovun prinsipial mövqeyi Moskvadakı ermənipərəst qüvvələri qıcıqlandırırdı. Digər tərəfdən 1989-cu ildə Şüvəlan təcridxanasının bir hissəsini Azərbaycanın yurisdiksiyasından çıxarıb, özləri ilə gətirdikləri çox sayda agentlərin xidmətindən istifadə etməklə, vətəndaşlarımızdan yolverilməz üsullarla istədikləri ifa¬dəni alan SSRİ Daxili İşlər Nazirliyi əməkdaşlarının qanunsuz hərəkətləri barədə İlyas İsmayılov tərəfindən CM-nin 167-ci mad¬də¬si ilə (vəzifədən sui-istifadə etmə) başlanmış cinayət işinin istintaqı da V.Boqomolovun icraatında idi. Bu vəziyyətlə barışmayan “Mərkəz” V.Boqomolovu cəzalandırmaq, prokurorluq or¬qan¬larından xaric etmək, hətta onun haqqında cinayət işi baş¬lamaq istəyirdi.

Məzuniyyətini yarımçıq qoyan İlyas İsmayılov SSRİ Baş prokurorluğunda keçirilən kollegiya iclasında çıxış edərək V.Boqomolova qarşı irəli sürülən ittihamları alt-üst etdi. İlyas müəllim çıxışında və Baş prokurora ünvanladığı məktubda işçisinə qarşı qərəzli qəbul edilmiş hər-hansı qərarı özünə qarşı yönəlmiş hərəkət kimi qiymətləndirəcəyini və  istefa verəcəyini bəyan etmişdi.

Fitnəkarları mat vəziyyətinə qoyan İlyas müəllimin cəsarəti və fə¬dakarlığı sayəsində repressiyadan qurtulan V.Boqomolov öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirdi.

O, işçilərini həm də yalan və böhtanlardan qoruyan rəhbər idi...

Özümlə əlaqədar baş vermiş bir hadisəni də oxucuların diqqətinə çatdırmaq istəyirəm: Cəlilabad rayon prokuroru kimi fəaliyyətimin ilk aylarında bir çox fitnəkarlıqla üzləşməli oldum. Yaşlı bir qadın oğlunun həbsdən buraxılması tələbi ilə iş otağımda özünü yandırmaq səhnəsi düzəldir, məhkəməyə göndərdiyim qanuni hökm çıxarılmalı işlər əlavə istintaqa qaytarılmaq təhdidi ilə rastla¬şır, işçilərim haqqında əsassız şikayətlər edilir və s. və ilaxır...  

1985-ci ildə Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş vermişdi. Lənkəran-Bakı istiqamətində hərəkət edən “Vaz-2106” markalı maşının sürücüsü Cəlilabad şəhərinin dördyol deyilən ərazisində yol nişanlarına məhəl qoymadan, hərəkətin əks istiqaməti ilə  sürətlə maşını idarə edərkən, Novoqolovka-Cəlilabad istiqamətində hərəkətdə olan “Vaz-2101” markalı maşınla toqquşmuş, nəticədə “Vaz-2101” markalı maşının sürücüsü hadisə yerində ölmüş, maşında olan qardaşı və digər yaxın qohumu ağır xəsarət almışdı. Hadisə yeri müayinə olunub, CM-nin 208-ci maddəsinin 2-ci hissəsi ilə başlanmış cinayət işi üzrə avto-texniki ekspertiza təyin edilmişdi (yol-nəqliyyat hadisə¬lərində ekspertizanın rəyi ol¬ma¬dan qərar qəbul etmək mümkün deyil). Qəza törətmiş sürücünün yol hərəkət qaydalarını aşkar, kobud şəkildə pozması, məni bir məsələ ətrafında düşünməyə vadar edirdi. Keçən əsrin 70-ci illərində sovet cinayət qanunvericiliyini silkələyən bir hadisə baş vermişdi, yük avtomobilinin sürücüsü sərxoş vəziyyətdə maşını idarə edərkən milis əməkdaşları onu saxlamaq istəyirlər. O, milis işçilərinin qanuni tələbinə məhəl qoymadan, təqibdən qurtarmaq üçün, sürəti da¬ha da artırıb, məktəb zonasına daxil olur və maşını saxlaya bil¬mədiyindən ərtrafda oynayan bir dəstə uşağa çarpılır. Uşaqlardan 3-ü ölür, bir neçəsi də xəsarət alır. Həmin şəxsin əməlini istintaq orqanı RSFSR CM-nin 15,102-ci maddəsinə (ağırlaşdırıcı halda qəsdən adam öldürməyə sui-qəsd) tövsif etmişdi. Bu məsələ hüquq aləmində çoxlu mübahisələrə səbəb olmuş, iş SSRİ Ali Məhkəməsinin Plenumuna qədər gedib çıxmışdı. Mən də lənkəranlı sürücünün əməlini CM-nin 15,94-cü maddəsi¬nə (ağırlaşdırıcı halda qəsdən adam öldürməyə sui-qəsd”) tövsif etmək fikrinə düşmüşdüm.
O günlərdə Respublika prokuroru İlyas İsmayılov məni yanına dəvət etmişdi. Bir qədər söhbət etdikdən sonra:
- Sizdə bir yol nəqliyyat hadisəsi olub, iş hansı mərhələdədir? - deyə, soruşdu.

Mən yuxarıdakı fikirlərimi İlyas müəllimlə bölüşdükdən sonra ekspertizanın rəyi alınan kimi sürücünün barəsində həbs qətim¬kan tədbiri secəcəyimi və əməlini CM-nin 15,94-cü maddəsinə tövsif edəcəyimi bildirdim. İlyas müəllim sürücünün əməlini CM-nin 208-ci maddəsinin 2-ci hissəsi ilə tövsif edilməli olduğunu bildirdi və hökumət telefonunun dəstəyini qaldıraraq harasa zəng etdi. Salamlaşdıqdan sonra  “Sizin dediyiniz məsələ ilə əlaqədar araş¬dır¬ma apardım, prokurorun mövqeyini düzgün hesab edirəm”, - dedi. Xəttin o başındakı adam nə dedisə, İlyas müəllim “Hər yazılana inanmaq olmaz, prokurorla söhbət etmişəm, hətta, o, cavanlığına salıb sürücünün əməlini qəsdən adam öldürməyə sui-qəsd kimi qiymətləndirmək istəyirdi” – deyə cavab verdi. Həmin şəxs yenə nə dedisə, İlyas müəllim yüksək səslə: 
- Ziya Mamedoviç (DTK-nın sədri) mən də, işçilərim də, şikayətlərə həssas yanaşırıq. Ərizə provokasiya xarakterlidir. Göndərin, özümüz araşdırarıq, - deyərək, dəstəyi asdı. 

Sonra İlyas müəllim mənə bildirdi ki, zərərçəkmiş şəxs səndən şikayət edib, ərizə sənə göndəriləcək, amma cinayət işinə əlavə etmə.        
Bir neçə gündən sonra avto-texniki ekspertizanın rəyi alındı. Sürücüyə CM-nin 208-ci maddəsinin 2-ci hissəsi ilə ittiham elan olunmaqla, barəsində həbs qətimkan tədbiri seçildi. Məhkəmənin hökmü ilə sürücü 9 il müddətinə azadlıqdan məhrum edildi.

Ərizəni “məxfi qriflə” mənə göndərdilər. Oxuyarkən çox həyəcanlandım. Zərərçəkmiş  DTK-nın sədri Z.Yusifzadəyə ünvanladığı ərizədə göstərirdi ki, rayon prokuroru Ə.Məmmədov əvvəllər Lənkəranda işlədiyinə görə sürücünü yaxından tanıyır və onu cinayət məsuliyyətindən qurtarmaq istəyir. Prokuror heç kimi saymır, hər yerdə deyir ki, “30 il kolxoz sədri işləmiş atam MK-nın birinci katibi Kamran Bağırovla yaxın dostdur. Mən nə istəsəm, onu da edərəm. Heç kim mənə toxuna bilməz” (illər sonra ərizənin təşkilatçısının kimliyini öyrəndim).

Bu şikayət məni və atamı çox narahat etdi. Məsələ burasında¬dır ki, atam artıq əlaqələri olmasa da, K.Bağırovun böyük qardaşı Faiq Bağırzadə ilə 50-ci illərdə dostluq etmişdi. Təbii ki, K.Bağırovu və digər ailə üzvlərini də yaxından tanıyırdı. Narahatçılığımızın əsl səbəbi o idi ki, onlar milçəyini qoruyan adam idilər. Bu cəfəngiyyata inanıb, alternativ tədbir görə bilərdilər...

Haşiyə: Təəsüf ki, İlyas müəllimdən sonrakı dövrdə Baş prokurorların bəzisi prokurorluq işçiləri haqqında gələn şikayətlərə belə həssaslıqla yanaşmır, rədd və xitam qərarının ləğvinə, bəraət hökmünün çıxarılmasına görə müstəntiq və prokurorlar məşhər ayağına çəkilir, ən cüzi xətaya görə (məsələn, etibarnamə olma¬dan nəqliyyat vasitəsini idarə etmə) prokurorluq əməkdaşı qanun¬da nəzərdə tutulmayan ağır cəza alır və yaxud, guya iş yoldaşından uzaq qohumunun şikayətinə ədalətli baxması xahişinə görə bir məmurun tapşırığı ilə idarə prokuroru barəsində xidmət yoxlama aparılıb vəzifəsindən çıxarılır, qanunla qadağan olunma¬sı¬na baxmayaraq, anonim məlumat əsasında rayon prokuroru haqqında xidməti yoxlama aparılır, kollegiya iclaslarında cəza alanların və orqandan xaric olunanların sayı ən böyük müvəffə¬qiy¬yət kimi xüsusi pafosla qeyd edilirdi.

O,  gənclərin gücündən səmərəli istifadə edir, onları yüksək vəzifələrə təyin edirdi...

Hələ 30 yaşı tamam olmamış gənclərin rayon prokuroru vəzifəsinə təyin edilməsi bir çoxlarının təəccübünə səbəb olmuşdu. Kirovabad şəhəri (indiki Gəncə) Gəncə rayon prokuroru Nəbiyev Mahmud Yusif oğlu və Masallı rayon prokuroru vəzifəsinə təyin edi¬lən Həsənov Əzizağa Səlim oğlunun 30 yaşı tamam olmamışdı.
Bakı şəhəri Əzizbəyov rayon (indiki Xəzər rayonu) prokuroru Əliyev Əli Mahmud oğlu, Qaradağ rayon prokuroru Şirinov İxtiyar Əlibala oğlu, Orconikidze (indiki Suraxanı rayonu) rayon pro¬kuroru Əliyev Sərdar Zöhrab oğlu, Naxçıvan şəhər prokuroru İmamquliyev Əhməd Novruz oğlu, İliç rayon (indiki Şərur rayonu) prokuroru Həsənov Rəşid Cəmşid oğlu, Ordubad rayon prokuroru Cavadov Mirqəni Qəvvam oğlu, Şuşa rayon prokuroru Ələsgərov Ələddin Heydər oğlu, Kirovabad (indiki Gəncə) nəqliyyat pro¬ku¬ro¬ru Ömərov Əli Ömər oğlu, Mingəçevir şəhər prokuroru Mahmudov Bəhruz Rəşid oğlu, Ağdam rayon prokuroru Məmmədov Zakir Qələndər oğlu, Ağcabədi rayon prokuroru Ağayev Kazım Bala¬oğlan oğlu, Ağsu rayon prokuroru Şiriyev Zakir Məhi oğlu, Cəlila¬bad rayon prokuroru Məmmədov Ələmdar Məmməd oğlu, Dəvəçi rayon prokuroru Tağıyev Zahid Muxtar oğlu, İmişli rayon prokuroru Həsənov Arif  Xızır oğlu, Quba rayon prokuroru Eyvazov Əli Xan¬çoban oğlu, Mirbəşir rayon (indiki Tərtər rayonu) prokuroru Quliyev Yusif Ağalar oğlu, Puşkin rayon (indiki Biləsuvar rayonu) prokuroru Əmirov Yəhya Cəmo oğlu, Saatlı rayon prokuroru Allah¬ver¬diyev Fəxrəddin Məmmədalı oğlu, Füzuli rayon prokuroru Məcidov Eldar İbrahim oğlu, Xanlar rayon (indiki Göygöl rayonu) prokuroru Səmədov Rauf Emin oğlu, Şamxor rayon (indiki Şəmkir rayon) prokuroru Əliyev Əli Cəmil oğlu, Şamaxı rayon prokuroru Zahidov Bəhram Səffan oğlu, Yardımlı rayon prokuroru vəzifəsinə təyin edilmiş Bəkirov Əsgər Lətif oğlu və digərləri 30-35 yaşında gənclər idi. 

İsaxan Vəliyev 30 yaşında Respublika Prokurorluğunun Təşkilat analitik şöbəsinə rəis, 32 yaşında Bakı şəhər prokuroru vəzifəsinə təyin edilmişdi.
Elmira Mirzəzadə Respublika Prokurorluğunun Mülki şöbəsinə rəis təyin ediləndə 30 yaşı təzə tamam olmuşdu.

Əlbəttə, gənclərin kütləvi şəkildə irəli çəkilməsi zamanı İlyas mü¬əllimin özünün də etitaf etdiyi kimi, səhvlər və yanlışlıqlar da olmuşdu.

İlyas müəllimin Rusiya federasiyasında və digər bölgələrdə yaşayıb-işləyən prokurorluq əməkdaşlarının Republikaya gətirilməsində xüsusi rolunu qeyd etməmək insafsızlıq olardı.

Təqaüddə olan kiçik ədliyyə müşaviri Rzayev Ələkbər Rəcəb oğlunun dediklərindən: “1984-cü ildə Kemerovo Dövlət Universitetinin hüquq fakültəsini bitirib,  təyinatla Baltik Dəniz donanma¬sı¬nın Leninqrad Hərbi Dəniz Prokurorluğunda müstəntiq vəzifəsində işləyirdim. İşimdən razı olsam da, vətəndən uzaq düşmək məni sıxırdı. Təzə təyin edilmiş Respublika prokuroru İlyas İsmayılovun fəaliyyəti barədə müəyyən təsəvvürüm var idi. Odur ki, Azərbaycan SSR prokurorluğuna ərizə yazaraq vətənə gəlmək arzumu bildirdim. Heç xəyalıma belə gətirə bilməzdim ki, qısa müddətdən sonra  hər hansı bir şəxsin xahişi, vasitəsi olmadan məni Bakıya - Respublika Prokurorluğuna dəvət edəcəklər. Sözlərim nağıla bənzəsə də, bu, real həqiqət idi. Həmin dövrdə Kadrlar İdarəsinin rəisi Fərrux Gəray oğlu Vəkilov məni qəbul edib, 2 saata yaxın sual-cavab edərək, peşə bacarığımı, biliyimi, psixoloji düşüncələrimi yoxladı. Daha sonra məni İlyas müəllimə təqdim edərək, “Xidmətə yaralıdır” fikrini söylədi. İlyas müəllimin zəhmli və çox ciddi bir şəxs olması barədə söhbətlər  eşitdiyimə görə, Respublika prokurorluğunun kiçik xidməti otağına daxil olarkən həyəcanlı idim. İlyas müəllim həyəcanımı hiss edib, mənimlə sözlə ifadə oluna bilməyən qaydada, elə tərzdə söhbət qurdu ki, daxilimdə olan hə¬yəcanım bir göz qırpımında yox oldu.

Səxsi işimlə tanış olduğunu, Leninqrad Hərbi Dəniz Prokurorunun mənim barəmdə yüksək fikir söylədiyini bildirib, Bakı şəhər Prokurorluğuna baş müstəntiq təyin olunmağım barədə əmrin hazırlanmasına göstəriş verdi. Və mənə qanunlara düzgün riayət edib, heç kimdən heç nədən çəkinməməyi, ədalətli olmağı tövsiyə etdi”.
Ayət Həsənovun Azərbaycana gətirilməsi ilə əlaqədar tanınmış hüquqşünas Aslan İsmayılovun dediklərindən: “1989-cu ilin payız ayları idi. Mənimlə Krasnodar Dövlət Universitetində oxumuş rəh¬mət¬lik Şaiq Salmanov (o vaxtlar Yasamal Rayon Prokurorluğunda işləyirdi) mənə zəng edib birgə nahar etməyi xahiş etdi. Nahara gələndə yanında çox arıq, eynəkli, nimdaş geyimdə, təxminən bizim yaşda biri var idi. Mənə təqdim edib onunla Özbəkistanda pambıq işləri ilə bağlı olan Qdlyan qrupunda işlədiyini bildirdi. Söhbət əsnasında bildim ki, Ayət Həsənov vaxtilə Özbəkistanda indi yadımdan çıxmış vilayətlərin birinin prokurorluğunda müstəntiq işləyib və ahısqa türklərinə qarşı iğtişaş olanda bunun da həyat yoldaşı ahısqa türkü olduğundan evlərini yandırıblar və indi qaçqın kimi Azərbaycana gəlib. Nahardan sonra eşitdiklərimdən çox üzgün halda işə qayıtdım və Respublika Prokurorluğunun girişində qapıdan çıxan İlyas müəllimlə üz-üzə gəldik. Mənimlə salamlaşıb nə üçün üzgün olduğumu soruşdu, heç nə olmadığını bildirdim. İlyas müəllim mənim Bakıda heç kimim olmadığını bilirdi və zənnimcə elə ona görə evdə hansısa problem olub olmadığını soruşduqda Ayətlə bağlı eşitdiklərimi danışdım və imkanı varsa onu, heç olmasa, polisə ən kiçik bir işə düzəlməsində yardımçı olmasını xahiş etdim. “Mən prokurorluqda ola-ola niyə kimdənsə xahiş edim” deyərək 2-3 saatdan sonra qəbuluna gəlməsini tapşırdı. 

Təxminən saat 17 radələrində İlyas müəllimin qəbuluna gəldim. Bir daha onunla maraqlandı və “əgər onu elə sən işlədiyin məhkəmələrə nəzarət şöbəsinə işə götürsəm, ona işi mənimsəmə¬si¬nə kömək edərsənmi” deyə məndən soruşdu. Müsbət cavabımı eşidən kimi “onu tap sabah səhər saat 9-da kadrlar şöbəsində olsun” dedi. Rəhmətlik Şaiq Ayəti tapıb səhər 9-da kadrlar şöbəsinə gətirdi və həmin gün onun Respublika Prokrorluğuna işə götürülməsi barədə əmr verildi və artıq səhəri gün Ayət işə çıxdı.”

Ümumiyyətlə İlyas müəllimin prokurorluğu dövründə SSRİ-nin müxtəlif yerlərində işləyən qırxa yaxın əməkdaş Azərbaycan Prokurorluğuna gətirilmişdi.
Bunlardan Nazir Bayramov, Vaqif İsgəndərov, Aleksey Abbasov, Ələkbər Rzayev, Layiq Mehdiyev, Rüstəm Usubov, Aslan Əzizov, İsrafil Məmmədbəyov, Azad Əliyev, Aslan İsmayılov, Eldar Mikayılov, İlham Məmmədov, Tofiq Ağacanov, Namiq Həsənov, Aslan Mirzəyev, Vaqif Abdullayev, Faiq Rzayev, Fərman Rzayev, Ayət Həsənov və başqalarını göstərmək olar. Həmin əməkdaşlar əsasən İlyas müəllimin etimadını doğruldaraq vəzifə pilləsində irəliləyişə nail oldular. Nazir Bayramov, Namiq Həsənov, Layiq Mehdiyev idarə və şöbə rəisi vəzifəsində, İlham Məmmədov Res¬publika Hərbi Prokurorunun 1-ci müavini, Rüstəm Usubov isə Baş Prokurorun 1-ci müavini vəzifəsinədək yüksəldilər.
 

ARDI VAR