11 Iyun 2024 13:35
466
GÜNDƏM

Hərbçi ölümləri niyə dayanmır?: Qəza, itkin, intihar, müəmmalı ölüm... 

İyunun 9-da naməlum şəraitdə itkin düşən, hətta azıb Ermənistana keçdiyi ilə xəbərlər yayılan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynovun nəşi tapılıb. Ötən gün "Sputnik Ermənistan" hərbçimizin Dərələyəzin Areni kəndi yaxınlığında saxlanıldığını yaymışdı.
Məlumatı rəsmi olaraq nə Ermənistan Müdafiə Nazirliyi, nə də Milli Təhlükəsizlik Xidməti təsdiqləmişdi.

Adalet.az xəbər verir ki, əsgərimizin nəşinin tapılması ilə bağlı xəbəri Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.
Bildirilib ki, bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib.
Bundan həmən sonra Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev mediaya açıqlama verdi.Əsgər Ceyhun Tofiq oğlu Hüseynovun ölüm faktı əsasında Naxçıvan hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirildiyini iş üçün əhəmiyyət kəsb edən predmetlərin maddi sübut kimi götürüldüyünü, eləcə də izahatların alındığı və digər hərəkətlər icra edildiyini bəyan etdi:"
Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq".

Anlayırıq ki, bəzən bəbəxt hadisə nəticəsində də hərbçilərimiz həlak olur. Təkcə bu ilin nəticələrinə baxaq.Məsələn: Yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğraması nəticəsində hərbi qulluqçular İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak oldu.

Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat etdi.

İyunun 6-da Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əhmədov Sənan Nürəddin oğlunun iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak oldu.
İyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində həlak oldular.
Qeyd etdiyimiz kimi bunları bədbəxt hadisə kimi qəbul etmək mümkündür. Amma ...
Bəs niyə bəzi əsgər ölümlərinin müəmması açılmır, yaxud açılırsa niyə bu haqda ictimaiyyətə məlumat verilmir. Ötən ay- mayın 27 Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Eyvazov Elvin Daşdəmir oğlu Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq vəfat etdi. Bu ölüm hadisəsini təəssüflə qarşılayan sosial şəbəkə izləyiciləri mayın 27-nin çimmək üçün əlverişli hava şəraiti olmadığını vurğuladılar.
Eləcə də, bu ilin martında hərbi qulluqçu, əsgər Eyvazlı Musa Ehtiram oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi, hərbi qulluqçu Hüseynov Sənan Kərəm oğlu kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat etməsi hələ də ictimaiyyət arasında birmənalı qarşılanmır.


Xatırladaq ki, 2022-ci ilin 3 martında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlu Laçın rayonu istiqamətində itkin düşüb və bu günə qədər tapılmayıb. Hər iki itkinin valideynləri övladlarının müəmmalı taleyi haqqında cinayət işinin açılmasını tələb edir.


Əntiqə Rəşid