09 Iyul 2024 18:02
577
ƏDƏBİYYAT

Hərənin bir sevməyi var - Tərlan Əbilovun şeirləri

Xəritə

Üzü dərdin, qəmin xəritəsidi,
qırışlar hərəsi iri bir ölkə.
Gəzirəm üzünün qırışlarını,
deyirəm, gəzməyə dəyməz heç bəlkə?!

Gözləri adadı, yaşıl bir ada,
yaşılı qurudu, ağı tamam su.
Onun gözlərində yaşamaq mənə
indi bir əlçatmaz arzudu, arzu.

Dikilib sükutun gözləri yerə,
gəl indi onun da damarını tut.
Bəlkə mən bilmirdim, bu yer üzündə
insan şəklindəymiş ən böyük sükut?!

Onun gözlərində, onun üzündə
eh, neçə dənizin fırtınası var.
Onun ürəyinin sərhədlərini
insan yox, tanısa, bir O tanıyar.

Gəzirəm, gəzirəm bu xəritəni,
barmağım elə bil daşa toxunur,
Bilmirəm nə günah sahibiyəm ki,
əlim daşdan axan yaşa toxunur.

Ya bu xəritədi daşlaşan mənsiz,
ya mən daşlaşmışam, daşa dönmüşəm.
Ya da elə bir vaxt ata dediyim
o daşın gözündə yaşa dönmüşəm?!

Asmışam gözümdən bu xəritəni,
bəlkə bir qırışı məni də öyə.
Başıma dəyəydi bu şairliyim,
düşməyəcəkdimsə bu xəritəyə!..

Ürəyim

Çox dedim ki, ürəksizəm,
guya ki, daşdı ürəyim.
Sənə qanım çox qaynadı,
əridi, daşdı ürəyim.

Özümə yuva qursam da...
Sənəcən yüzün qırsam da
Sən getdin, özüm dursam da,
ardınca qaçdı ürəyim.

Yolunu yora bilmədim,
Yıxıldım, dura bilmədim...
Bir kimsə qıra bilmədi, -
bir səndə çaşdı ürəyim...

Bitdi

Payız saçlarından əlimi çəkdim,
Sənə bir əl kimi uzanmaq bitdi.
Daha səndən ötrü alışmaq yoxdu,
Daha səndən ötrü bu yanmaq bitdi.

Yaman ağrılıdı hisslərlə solmaq,
Hisslərin içində boşluqla dolmaq.
Bizdə alınmadı bir yerdə olmaq,
Şükür, bu yorulmaq, usanmaq bitdi.

Daha bu yaşanan gün deyil, köçdü,
İndən belə neyləsən puçdu, heçdi.
Sevgidə nəyisə itirmək keçdi,
Sevgidə nəyisə qazanmaq bitdi...

Keçdi

Keçmədim səndən, könlümdən
nə keçdisə yalnış keçdi.
Dolu gəlmədin ömrümə,
sən də bu ömrü boş keçdin.

Düşdü sevgin iş qapımda,
Dedim göydən düş qapımda.
Duan keçməmiş qapımdan,
canımdan yüz qarğış keçdi.

Hürdü, adamlar hürüşdü,
Baxtın ayağı sürüşdü.
Ovcumda quraqlıq düşdü,
gözlərimdən yağış keçdi.

Qırıldım, səni qırmadım,
Bir addım geri durmadım.
Məni özgələr vurmadı,
üstümdən dost-tanış keçdi.


***
Bəsdi nəfəsimi kəsdin bu qədər,
imkan yarat, hava udum azacıq.
Mənə bir kərə də etimad göstər,
bəlkə günahımı yudum azacıq.

Yandır məni, yansın çırağım bir az,
Özümə yetişsin sorağım bir az...
Hərdən öz yaxamı buraxım bir az,
hərdən əllərini tutum azacıq.

Döyünsün ürəyin qəlbimə sarı,
Mən səndən yarıyım, sən məndən yarı.
Mən də bir nəfəri eşidim barı,
mən də bir laylaya yatım azacıq.

Yeridir

Külək tutub yaxamdan bərk,
saçlarımda qar yeridir...
Dən düşmüş saçlarım məndə
külək tutan qar yeridir...

Yığılıb qarı simində...
Yığış gəl, qarı simində...
Qəlbimin sarı simində
barmaqlarım tar yeridir...

Tökülmüşəm yarpaq-yarpaq...
Göyün altında yer çılpaq...
Ayağı sürüşkən torpaq
yaxasında bar yeridir...

Yox ürəyi yanan adam,
Öz evində donan adam,
Sinəsi dağlanan adam
dünyanın ucqar yeridir...


***
Sənə nə var, səni qıran olmayıb,
sən bilmirsən ürək qırmaq necədi.
Çox çətindi çıxıb getmək birindən,
mən bilirəm başa vurmaq necədi.

Biləndə ki, özün boyda bir sirsən,
Ağrın artır, artır acın, gülmürsən.
Sən bilmirsən, sən bilmirsən, bilmirsən,
sevə-sevə uzaq durmaq necədi.

Yaşayırsan belə, yanıb tökülüb,
Gözlərinlə uzaqlara dikilib.
Sən bilmirsən adamlardan çəkilib,
özünə cəhənnəm qurmaq necədi...

Sənə aid olmaq bir başqa həzzdir

Sənə aid olmaq bir başqa aləm,
Sənə aid olmaq bir ayrı həzzdir.
Sən Allah yanından uzağa qoyma,
Hərdən əllərimi yaxanda gəzdir.

Dər məni nəfəstək, çək öz içinə,
Adım dodağında yer saxlamasın...
Saçların sinəmdə zəmiyə dönsün,
Qollarım özgəni qucaqlamasan.

Köklənim əlinə, ayağına, qoy
Yerini bir kimsə soraqlamasın.
Səni məndən başqa bilən olmasın,
Məni də özgəsi varaqlamasın.

... Ötüb neçə əsr, neçə yüz min il,
Hələ də getməyib dadın ağzımdan.
Yüz yerdə qanıma qəltan ediblər,
Bir dəfə çıxmayıb adın ağzımdan.

Hələ də sirdi, sirr, o mənzil, o ev,
Dünya yaranandan ora gəlirəm.
Sənə aid olmaq bir başqa həzzdir,
Gör bir səndən ötrü hara gəlirəm..!

Haçandı bir ürək qalamaq üçün
Gözümün odunu almısan mənim...
Məni bir kişitək tutmusan uca,
Məni öz yadıma salmısan mənim.

Heç qarğış adamı bu sayaq tutmaz,
Gör səni nə yaman tutubdu gözüm.
Bir mömin savaba tuş gəlməz belə,
Nə gözəl günaha batıbdı gözüm.

Başıma düşmüsən köhnədəkitək,
Açıq qoy qapını, gəlib sevinim.
Öpüm dönə-dönə əl-ayağıntək
Yenə kandarını min il evinin.

Tək mənim pirim ol, ocağın olum,
Sındır, kəs hər yerdən ayaqlarımı.
İçim ovcundakı sudan bir qurtum,
Sənə nəzir qoyum dodaqlarımı.

Çevir istədiyin tərəfə məni,
Ha yana çevrilsəm, o yanım sən ol.
Sənə aid olmaq bir başqa həzzdir,
Sənə aid olum, qıyanım sən ol.

Sevdim

Mən səni ölməməyimçin
çalışdığım qədər sevdim.
Tez-tez öz-özümdən küsüb,
barışdığım qədər sevdim.

Sevdim səni kölgəm kimi,
Sevdim səni ölkəm kimi,
Öz haqqımda özgə kimi
danışdığım qədər sevdim...

Ancaq səni, səni bir tək
Bu günümtək, keçmişimtək,
Tanrı işinə işimtək
qarışdığım qədər sevdim...

Salam deyərək soluma,
Salam deyərək sağıma,
Səni öz tənhalığıma
alışdığım qədər sevdim...


***
Salavat çəkməyə üz yoxdu, neynim,
əlimin içini qaşa tuturam...
Səni ağlamaqçün, yanaqlarımı
gözümün altında yaşa tuturam...

Heyf, mən də bu cür haray-həşirəm,
Ayrılıq səmtinə kəsə düşürəm...
Çox çəkmir, ağlayıb sakitləşirəm,
ovcumu, üzümü daşa tuturam...

Sanma, sanma mən bir düyünə ucam...
Qollarım qalxmayır şəklini qucam...
Təkcə başım dikdi, hər şeydən puçam,
birtəhər qəddimi başa tuturam...

Gəlirəm

Ta saçıma yağan qaram,
bax, ömrümə qış gəlirəm.
Bu yandan dolu düşürəm,
o yandan yağış gəlirəm.

Tutubdu səma qolumu,
Buludlar kəsib yolumu,
Özüm kimi bir zalımın
sevgisinə tuş gəlirəm.

Donub kipriklərimdə qəm,
Donub kipriklərimdə nəm,
Sinəmdə düyün düşmüşəm,
ovcumda naxış gəlirəm.

Boşluqla dolan ömrümə,
Çöküb, uçulan ömrümə,
Xaraba qalan ömrümə
çiynimdə bayquş gəlirəm...


***
Soruşan yox, nə var, nə yox?
ölməyə kimin nəyi var?..
Bu dünyada hər bir kəsin
dünya boyda göynəyi var,
kəfəndən ağ köynəyi var...

Hamı eyni yolda çaşır,
eyni səmtə gedir hamı...
Hamı özünə yubanır,
öz səbrini ötür hamı,
hamının vallah boşuna
öz-özünü öyməyi var...

Sevgidən kəsilən adam,
nə bilsin ayrılıq nədi?..
Nə bilsin təbin təzədi,
nə bilsin yaran köhnədi?..
hərənin bir sevməyi var...

Əvvəlin nə olur, olsun,
sonun daşa qısılmaqdı.
Əcəl qapını döyəndə,
son nəfəsi qıc olmaqdı...
İstəyirsən soruş, ya heç
soruşma, bu gedən kimdi?
Onsuz da, onsuz da elə
ölənin dalınca baxıb
hamının göz döyməyi var...


***
Daha bu sevgidən heç nə umma, get,
keçib bir ovuc göz yaşı üstündən.
Təzədən bəlaya düşməmək üçün,
baxışlarımı çırp, qaşı üstündən.

Get, daha lüzum yox heç sarılmağa,
Gücüm yetdi təkcə sadiq qalmağa.
Dəyməz kiminləsə düşmən olmağa,
sevgidə mənimtək naşı üstündə.

Neylədim, bir yola gəlmədin bir yol,
Olanı, keçəni silmədin bir yol.
Quş da heç vaxt uça bilmədi bir yol
sənli hisslərimin başı üstündən...