25 Dekabr 2024 14:01
183
ƏDƏBİYYAT

Hüseyn Arif - Dastan ömrü yaşayan şair

Hüseyn Arif-100
       XX əsr Azərbaycan ədəbiyyatı üçün, xüsusilə Azərbaycan poeziyası üçün, çox məhsuldar və poeziya nəhəngləri ilə zəngin bir əsr kimi Azərbaycan ədəbiyyatı tarixinə düşmüşdür. Bu əsrin başlanğıcında dünyaya gələn  və yaradıcılığa başlayan Hüseyn Cavid, Əhməd Cavad, Hacıkərim Sanılı, Cəfər Cabbarlı, Səməd Vurğun, Mikayıl Müşfiq,Osman Sarıvəlli, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim kimi görkəmli və nadir söz ustadları adlarını Azərbaycan ədəbiyyatını tarixinə əbədi yazmış sənətkarlardır və nə qədər ki, Azərbacan var, Azərbaycan poeziyası var, onlar da var olacaqdır. Bu söz ustadlarının Azərbaycan ədəbiyyatı qarşəısındakı ən böyük xidmətlərindən biri də, bütün ideoloji basqı və təsirlərə baxmayaraq yaratdıqları nadir sənət nümunələri ilə yanaşı, həm də özlərindən sonra böyük bir yaradıcı nəslin yetişməsinə vəsilə olmaları ilə əlaqmətdardır. Məhz adlarını şəkdiyim və çəkmədiyim görkəmli sənət adamlarının təsiri nəticəsində, ötən  əsrin ortalarında, əslində yeni bir şairlər nəsli böyük axınla poeziya kəhkəşənımıza parlayan ulduzlar kimi daxil olmağa başladılar. Bu sıradan Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qabil, Əliağa Kürçaylı, Cabir Novruz, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə, Fikrət Qoca kimi şairlər, əsrin ikinci yarısında  Azərbaycan poeziyasına əvəsiz töhfələr vermislər. Heç şübhəsiz həmin dövrdə poeziyamıza  böyük  vüsətlə daxil olan gənc şairlərdən biri də Hüseyn Hüseynzadə idi. İkinci Dünya Müharibəsi başlayanda cəbhəyə çağrılan və 1942-ci ildən 1946-cı ilə qədər ön cəbhədə döyüşən, Ukraynanın, Polşanın, Çexoslovakiyanın faşist işğalçılarından azad edilməsində fəal iştirak edən Hüseyn Hüseynzadə yaradıçılığa həmin illərdə başlamışdı. Lakin onun böyük ədəbiyyata gəlişi müharibədən sonrakı dövrə təsadüf edir.
                                            Düşür yadıma hərdən,
                                            Məktəb həyətində mən
                                            Yoluna göz dikərdim…
                                            Qəlbim sızlardı hərdən
                                            Sən dərsə gəlməyəndə.
       Nümunə kimi gətirdiyim bu  bəndlə başlayan “Sən dərsə gəlməyəndə” şeiri, Böyük Səməd Vurğundan  xeyir dua alan gənc Hüseynın sənət dünyasına gəlişinin  müjdəsi idi…
      ... Hər dəfə Xalq şairi Hüseyn Arifin şeirlərinii oxuyanda, eşidəndə, sözlərinə yazılmış mahnıları dinləyəndə, bu mətnlərdəki lirizm insanı heyrətə gətirir. Son dərəcə səmimi duyğularla ifadə olunan Hüseyn Arif yaradıcılığı səmimi olduğu qədər də təbii və lirikdir. Azərbaycan xalqının mərdlik, ziyalılıq, ağsaqqallıq simvollarından biri olan, şairin yaxın sənət və şəxsi dostu, Xalq yazıçısı  İsmayıl Şıxlı yazırdı; ”Hüseyn Arif fitrətən lirik şairdir. Onun lirik ricətləri, təbiət və insan psixologiyasının təsvirindəki lirizm təsdiq edir ki, bu cəhət şairin yaradıcılığında əsas aparıcı amildir və doğurdanda onun bütün əsərlərinin ruhuna hopmuşdur”. Düşünürəm ki, Hüseyn Arif yaradıcılığını bu qədər lakonik və dolğun ifadə etmək üçün İsmayıl müəllimin bu möhtəşəm sözlərindən gözəl ifadə  tapmaq çətin olardı. Onun şeirlərini, poemalarını oxuduqca xəyal səni ilkin uşaqlığına, boya başa şatdığın müqəddəs məkanlara, indi səndən çox uzaqlarda yerləşən, əlçatmaz dogma insanlara, çağdaş zamanımızda az qala unudulmuş isti insani münasibətlərə, acılı-şirinli xatirələrə qovuşdurur. İnsanda şirin xatirələr, ülvi hisslər, xoş duyğular oyadır. Düşünürəm ki, Hüseyn Arifin əsərlərindəki lirizm ilk növbədə onun daxili aləmindən, təbiətindən irəli gəlirdi. Bu lirika təkcə Hüseyn Arifin şeirlərindən deyil, həm də xarakterindən, davranışından, söz söhbətlərindən,  səsinin ahəngindən hiss olunurdu. Hüseyn Arifin könül rübabının simləri, sazın simləri ilə həmahəng səslənirdi:
                                                  Ötür şirin-şirin xınalı kəklik,
                                                  Pozma sevincini, qaya onundur.
                                                  Toxunma  çəməndə açan laləyə,
                                                  Təbiət bəxş edən boya onundur.
       Hüseyn Arifin şeirlərində lirika o qədər güclüdür ki, onları oxuduqca  içimizdə bir oxşama, bayatı, mahnı, musiqi oyanır. Sanki şair öz əsərlərini lirik not dəftəri üstündə yazıb. Məhz elə ona görə də Hüseyn Arifin şeirləri müasirləri, məşhur bəstəkarların diqqətindən yayınmamış və onlar ən gözəl mahnılarını Hüseyn Arifin şeirlər üstə kökləmişlər. İndi sevə-sevə dinlədiyimiz “Xatırla məni”, “Sən mənimlə get”, ”Şeir deyilmi”, “Mən inanmadım”, “Qonşu qız”, “ Könül deyir yaşa hələ”, ”Dedim dedi” və digər mahnılar xalqımızın mənəvi dünyasına o qədər sirayət edib ki, bu gün həmin mahnılar xalqımızın yaddaşında həm də xalq mahnıları kimi qalıb. Aşağıda gətirdiyim nümunə, dediklərimin təsdiqi üçün məncə  kifayət edərdi:

                                                 Sonasan, qıymaram gölə,
                                                 Göldə soyuq dəyər sənə.
                                                 Gül yanında dönmə gülə,
                                                 Güldə soyuq dəyər sənə….

                                                 Hüseyn Arif bu nə sirr?
                                                 Vədə ötür, vaxt tələsir.
                                                 Könlümə köç , külək əsir,
                                                 Çöldə soyuq dəyər sənə…
     1976-cı ilə  - gənc və yeganə oğlu Arifin faciəli vəfatınadək, pozitiv ovqatlı şeirlər yazan Hüseyn Hüseynzadə, həmin faciəli  hadisədən sonra soyadını dəyişərək Hüseyn Arif oldu. Elə o gündən də Hüseyn Arif poeziyasına təzadlı ovqat, sevinclə kədərin vəhdəti hakim kəsildi. “Aman yetmiş altı, başımda tufan qopardı” deyən, oğul itkisinin dəhşətli ağrı-acılarını, iztirablarını yaşayan Şair, məşhur kaman ustası, Xalq artisti Habil Əliyevə xitabən ağlaya-ağlay deyirdi: “ Habil, indiyədək səni dinləyəndə ağlayırdım, indən sonra mən neyləyəcəm”. Həmin iztirablı günlərdə yaşadığı sarsıntıların ovqatı şairin şeirlərinə hopmuşdu və O, bir-birinin ardınca kədərli şeirlər yazırdı. Bu şeirlər şeir deyildi, çırağı sönmüş, dünyası talan olmuş kövrək bir atanın fəryadı, ağısı, laylası idi:
                                                Bir övlad tüstüsü çıxdı başımdan,
                                                Göylər göz yaşını yerə sıx- dedi.
                                                Ümidim, istəyim gözümdə qaldı,
                                                Könül nəğməsini yarımçıq dedi...

                                                Hüseyn Arifəm, payım zəhərmiş,
                                                Bu səfər nə yaman ağır, səfərmiş.
                                                Ata balasını necə sevərmiş,
                                                Görüş deməyəni ayrılıq dedi.
Və ya
                                              Qucuram Zöhrəni, Səhəri sənsiz,
                                              Yandı Məleykənin ciyəri sənsiz,
                                              Birgə gəzdiyimiz yerləri, sənsiz,
                                              Gəzməyə bilmirəm, gəzə bilmirəm.
Və ya                
                                              Qəza bir qapını bağlamayıbdır,
                                              Bizim qapımızı bağlayan kimi
                                              Füzuli Məcnunu ağlamayıbdır,
                                              Hüseyn, Arifi ağlayan kimi...
      Həmin ağrılı-acılı günlərdə Arifin faciəli ölümü hamını-bütün Hüseynsevənləri yandırıb yaxmışdı. Yadımdadır  o kədərli günlərdə Qərbi Azərbaycanın Amasiya bölgəsindən olan Nüşabə Qəribova adında bir xanımın Arifin faciəli  ölümünə həsr etdiyi bir bənd şeir dillər əzbəri olmuşdu və hamı yana-yana həmin şeir təkrarlayırdı:
                                              Ölmə, torpaqlara qoymaram səni,
                                              Yerin qollarımın arasındadır.
                                              Təbii sularla yumaram səni,
                                              Suyun gözlərimin qarasındadır.
     Bu bir bənd şeir Hüseyn Arifə çatınca, böyük şairin üstünə bir su səpələnmişdi və həmin xanıma xitabən Hüseyn Arif yazırdı:
                                              Eşitdim səsini, hikmət dolu səs,
                                              Yapışdı qolumdan yorğun çağımda.
                                              Oxudum şeirini, odlu bir nəfəs
                                              Bahara çevrildi qış, otağımda.
                                    
                                             Həyatda çox yanıb-yaxılmışam mən,
                                             Belə yanmamışdım bu vaxta kimi.
                                             Hüseyn Arifə təsəlli verən
                                             Ana Nüşabəmi, qız Nüşabəmi?
Bu ağır itkidən özünə gələ bildi Hüseyn Hüseynzadə, özündə güc, taaqət tapıb dözə bildi oğul dərdinə.
                                             Elimin, obamın üzü ağ olsun,
                                             Min kəndə, şəhərə məndən salam var.
                                             Min bir bacı, qardaş tutdu qolumdan,
                                             Min bir əmim, dayım, min bir xalam var

                                             Hüseyn Arifəm qəlbimdə aləm,
                                             Qarşımda atını oynatmasın qəm.
                                             Bir dəfə demişəm, bir də deyirəm,
                                             Balama oxşayan min bir balam var.- deyərək yaşamağı, yazıb yaratmağı davam etdirsə də, başına gələn müsibəti unuda bilmədi. “Özgəni güldürən sözüm,  söhbətim, Özümü ağladan qəmim var mənim”- deyərək, ömrünün axırınadək təzadlı şeirlər yazdı...
    Hüseyn Arif yaradıcılığına bələd olan hər kəsə məlumdur ki, onun yaradıcılığının mayasını yaşı min illərə gedib çıxan zəngin folklorumuz və türkün şəriksiz musiqi aləti olan, səsi, avazı Dədəmiz Qorquddan gələn saz təşkil edir.
                                            Sığmaz kitablara sözüm, söhbətim,
                                            Yolumda gah şəfəq, gah çisək oldu.
                                            Gecəli, gündüzlü fikrim, niyyətim,
                                            Soyumu, kökümü öyrənmək oldu-deyən şair, bütün şüurlu həyatını folklorumuzun, aşıqlarımızın həyat və fəaliyyətinin araşdırmasına, yaradıcılığının böyük bir hissəsini onların tərənnümünə həsr etdi:
                                             
                                               Dədə Qorqud ustadım,
                                               Qurbani qol-qanadım.
                                               Abbas arzum, muradım,
                                               Alı vicdanım mənim.

Hüseyn Arif  aşıqlarımızın həyat və yaradıcılığına, sazımıza,  saz havalarına aid yüzlərcə şeir, ”Dilqəm”, Aşıq Alı”,  “Caz” kimi poemalar yaratdı. “Dilqəm” poemasında ustad şair yazırdı:

                                            Sinədəftər babaları,
                                                                          Sinələrdə axtarıram...
                                            ...Abbasları, Əmrahları,
                                                     Qasımları, Qurbanları axtarıram...
                                            ... Neçə-neçə unudulmuş sənətkarı,
                                            İstəkləri, arzuları, Valehləri, Musaları,
                                                                           Novruzları axtarıram...
                                            ... Nə müddətdir
                                                                       Dilqəm məni buraxmayır.
                                            Mən Dilqəmi axtarıram.
    Təsadüfi deyil ki, bu istək və  arzuda olan Şair düşündü ki, bu axtarışlara daha geniş meydan vermək  üçün aşıqların, aşıq şeiri yaradıcılarının, folklor bilicilərinin bir birliyinə ehtiyacı var. Elə bu məqsədlə də 1982-ci ildə dünyaya göz açdığı Ağstafada  Aşıqlar Birliyini yaratdı, 1984-cü ildə Aşıqlar Birliyi ünvanını Bakıya dəyişdi, dövlət birliyi himayəyə götürdü, Hüseyn Arif Aşıqlar Birliyinin ilk sədri seçildi və ömrünün axırınadək bu birliyin sədri kimi məhsuldar fəaliyyət göstərdi. Bununla da kifayətlənmədi. Onun bilavasitə təşəbbüsü və təşkilatşılığı ilə səsi, sorağı aləmə yayılan, fəaliyyətini bu gün də davam etdirən “Aşıq Pəri” məclisini yaratdı.
     Sözsüz ki, Hüseyn Arifin sədrliyi altında Aşıqlar Birliyinin fəaliyyəti ayrıca bir söhbətin mövzusudur və görünür nə vaxtsa bu sahənin tədqiqatçıları sanballı monoqrafiyalarını yazacaqlar.
     Hüseyn Arif görüşləri, “turşməzə” söhbətləri, lətifələri, yardıcılığı, sərgüzəştləri ilə xalqın yaddaşəna köçmüş, xatirələşmiş bir şəxsiyyərdir. O, sözün həqiqi mənasında bir dastan  ömrü yaşadı. Bu dastanın coxsaylı qolları var. Nə qədər ki, Hüseyn Arifi görənlər, onunla ünsiyyətdə olanlar, bir yerdə çalışanlar var, oğul gərək onları toplaya, qələmə ala, xalqın mənəvi sərvətinə çevirə.
     Hüseyn Arif təkcə dastan ömrü yaşamadı. O, həm də dastanlar yaratdı. Onun yaratdığı hər bir poema öz məzmun  və mənası etibarı ilə dastandır. Belə dastanlardan biri də şairin öz ustadı Böyük Səməd Vurğuna  həsr etdiyi “Yolda” poemasıdır. Hələ dastanı yazmağa başlamamışdan əvvəl, Səməd Vurğunun mənəvi ustadı Molla Pənah Vaqiflə xəyalən söhbət edib, “Vaqif məndən sordu hər şeydən əvvəl, bəs hanı dastanı Səməd Vurğunun” deyə soruşduqda, O, Vurğunun dastanını yaratmağa cəsarət edə bilmədiyi cavabı verəndə Vaqif ,...səni tanıyıram şeirlərindən, Vurğunun dastanı sənə yaraşır”- deməklə əslində dastanı yazmaq üçün şairə xeyir-dua verib.
                                                   Tez başa gəlmədi yazdığım əsər
                                                   Kənddə gecələdim, şəhərdə qaldım.
                                                   Yolda deyə-deyə hər axşam , səhər,
                                                   Ömürdən düz beş il mən yola saldım.

    Bu bircə bənd şeir, düşünürəm ki, poemanın mahiyyətini və şairin məram və məqsədini açmağa imkan verir. Səməd Vurğunu özünün sənət ustadı və mənəvi varisi hesab edən, onun şəxsiyyətinə, yaradıcılığına, həyatına bütün varlığı ilə bağlı olan şair, əslində Böyük şairə olan məhəbbətini “Yolda” poemasında ifadə etməyə çalışıb və məqsədinə də uğurla nail olub. Nümunə gətirdiyim  şeirdən göründüyü kimi şair Səməd Vurğunun dastanını yaratmaq üçün  beş il onun dünyasında yaşayıb. Onun gəzdiyi, ov etdiyi yerlərə gedib, görüşdüyü dostları ilə, tanıdığı insanlarla görüşüb. Bir sözlə beş il sərasər Vurğun ömrü yaşayb.
      Mənim qənaətimcə Hüseyn Arifin  Səməd Vurğun obrazını dastanlaşdırmaqda məqəsədi onun şəxsiyyətinin və sənətinin böyüklüyünü xalqa təqdim etmək və xalqın yaddaşına köçürməkdən ibarət idi. İstər sağlığında, istərsə də onun fiziki yoxluğundan ötən 70 ilə yaxın  müddət ərzində Böyük şairimiz Səməd Vurğun haqqında məşhur sənət adamları, alimlər, tədqiqatçılar, şairlər, nasirlər onlarca tədqiqat əsərləri, monoqrafiyalar nəsr və dram əsərləri, poemalar, şeirlər, məqalələr yazıb.( Mən Böyük şairə həsr olunmuş heykəlləri, büstləri, kompazisiyaları, rəsm və musiq əsrlərini demirəm). Onların hamısı Səməd Vurğuna məhəbbətdən yaranıb və alqışa layiqdirlər. Bütün bunlarla yanaşı, düşünürəm ki, Hüseyn Arifin yaratdığı ”Yolda” dastan-poeması Səməd Vurğun haqqında yazılmış ən mükəmməl, ən bitkin və ən yetkin əsərlərdən olmaqla Səməd Vurğuna qoyulmuş  möhtəşəm abidələrdən biridir.
    Hüseyn Arif yaradıcılığının mövzu əhatəsi çox genişdir. Bu mövzuların içində təbiət təsvirləri, təbiətin əsrarəngiz gözəlliklərinin tərənnümü xüsusi yer tutur. Və çox maraqlıdır ki, onun təbiət şeirləri insanla vəhdətdə verilir. Onun şeirlərində təbiətlə insanın vəhdəti o qədər təbii verilir ki, sanki təbiətin qoynundasan, onunla canlı ünsiyyətdəsən. Ən maraqlısı da odur ki, Hüseyn Arif təbiətdə olan gözəllikləri insanda axtarır. O gözəlliyi də, ülviliyi, zərifliyi də sərtliyi, əyilməzliyi, qüruru və vüqarı da təbiətdə görür və insanda axtarır. Düşünürəm, Hüseyn Arifin təbiətə həsr etdiyi şeirlərinin belə canlı və güclü olmasının səbəbi onun fitrətən təbiəti duymasından və bu duyğunu son dərəcə poetik qüdrətlə ifadə etmək qabiliyyətindən irəli gəlirdi.
                                         Ən böyük anadır təbiət bizə
                                         Ən ulu, ən qədim həyat aşiqi,
                                         Ümmanlar səbridir, dağlar vüqarı,
                                         Qayalar alnının sərt qırışları.
      Hüseyn Arifin təbiətə həsr etdiyi şeirlərini oxuyanda gözlərin önündə təbiət təsvirləri canlanır. Belə anlarda ilk xəyala gələn  Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri olan məşhur rənggar Səttar Bəhlulzadə yada düşür. Hər iki ustad sənətkarın yaradıcılıqlarında ( elə xarakterlərində də) üzvi bir bağlılıq, bir bənzərlik var. Fərq ondadır ki, Hüseyn Arif sözlərdən mənzərə çəkir, Səttar Bəhlulzadə rənglərdən. Anacaq onların yaratdıqlarında əsrarəngiz və lətif bir poeziya var. Diqqət yetirək:

                                           Ağ başlı, göy sinəli,
                                           Yaşıl ətəkli Kəpəz.
                                           Daş dişli, daş çənəli,
                                           Qaya kürəkli Kəpəz.
                                           Göy göl gözünün yaşı,
                                           Üfüq çatılan qaşı,
                                           Əsrlərin sirdaşı,
                                           Çənli, çisəkli Kəpəz.
    Bu poetik ifadələri oxuduqca düçünürsən ki, sanki Səttar Bəhlulzadə özünün məşhur “Kəpəzin göz yaşları” tablosunu Hüseyn Arifin “Kəpəz” şeirinin təəssüratı altında yaradıb və ya əksinə. Bu baxımdan Hüseyn Arifin Səttar Bəhlulzadəyə həsr etdiyi şeirdən də nümunə zənnimcə yerinə düşmüş olardı:
                                           Səni düşünəndə  nə iclas, nə zal,
                                           Nə də bir kabinet düşür yadıma,
                                           Səni düşünəndə yüz boya, yüz rəng,
                                           Al-əlvan təbiət düşür yadıma.

                                          Vaxtlımı doğulduq, vaxtsızmı olduq?
                                          Bir də qəm gətirən bu söhbət nədir?
                                          Ana təbiətin əkiz oğluyuq,
                                          Bizim qüdrətimiz təbiətdədir.
      Bu il sevim li söz ustadımızın yüz illik yubileyi ölkəmizin hər yerində sevilə-sevilə qeyd olunur. Yaradıcılığı, şəxsiyyəti və xarakteri bir vəhdət təşkil edən ustad Hüseyn Arif həmişə sevilib, sevilir və seviləçək, xalqımızın yaddaşında həmişə yaşayacaqdır.

Ramiz Göyüş,  Yazıçı-publisist