İbrahim İlyaslının ŞEİRLƏRİ

Bu gün Dəyərli Ziyalı, Sevilən ŞAİR və ƏN YAXŞI ƏFƏNDİLƏRDƏN BİRİ olan İbrahim İlyaslının Dünyaya " Xoş görüşdük!" -dediyi tarixdi! Məkan həminki olmasa da , məncə ÜRƏK həminkidir! Təbriklər,İbrahim əfəndi!
Getsin
Gəl sənə bir yalan uydurum, könül,
Adına aldanıb yaşa da, getsin.
Ən böyük yalanmış doğru deyilən,
Doğruçu olmağı boşla da getsin.
Dosta yalan danış, yara yalan de,
Dağa dərə söylə, quşa ilan de.
Baxıb olmazlara: budu olan, - de,
Oxunu daşlara tuşla da, getsin.
Təpil yarğanlara, çəkil çallara...
Boylan məzə kimi qeylü-qallara.
Çürük matahını bürü şallara,
Bəh-bəhnən alınsın, xoşa da getsin.
Nə gözəl toxunub fələyin toru? -
Adam özü qaçır ağzına doğru.
İçində quldurdu, çölündə oğru,
İçini-çölünü xışla da getsin.
Ömür deyiləni qılıqla, yanla,
Fanidə oyun qur cisimlə, canla.
Bir zaman qapına gerçək yalanla
Qoşamı gəlmişdi? - Qoşa da getsin!
Bilirəm
Olur bil də "olmaz"ı,
Olmaz bil də "olur"u.
N.Fazil Qısakürək
Başıma olmazın oyunlar gəlir,
Daha "olmaz"ları "olar" bilirəm.
Mən nələr çəkirəm bir Allah bilir,
Elə ki, gecənin bağrını yarıb,
Oxuyan quşları "Qu"lar bilirəm.
Dərd bilib özümü atıram oda,
Məni bu alovlar yandırar çətin.
Udduğum havada, içdiyim suda
Düşmən məhəbbəti, dost xəyanəti,
Axır məqsədini bular, bilirəm.
Gördüm bir səhranın yüz çuxurunu,
Görək çuxurunu, söz çuxurunu.
Allaha aşikar, bəndədən gizlin,
Axıb tapmayanda öz çuxurunu,
Harda veyillənir sular, bilirəm.
Adamlar ağzına su alıb susur,
Qaraca daşları dinən görürəm.
Beş dərə bir dağın dibini pusur,
Havalı başımdan çəkilir duman;
Uca zirvələri enən görürəm,
Dibsiz quyuları "dolar" bilirəm.
Təbrizim döyülür, Şuşam talanır,
Sabahım göynəyir güman içində.
Gecələr yuxuma xəncər saplanır,
Səhərlər dururam al-qan içində…
Bal kimi uduram bu təsəllini,
Palıd koğuşunda nolar, bilirəm.
Başıma olmazın oyunlar gəlir,
Daha "olmaz"ları "olar" bilirəm.
Çox da ki dinmirəm...
Çox da ki, dinmirəm, Allahın olsun,
Bu yalan-yanlışı sırı az mənə.
Mənim də dünyadan qandıqlarım var;
Sirmi var açmasın qara saz mənə?!
Mənim də dünyadan qandıqlarım var,
Yaxşı bax gözümün içinə, düz bax.
Sənə bu baxışlar heç nə demirmi?
Demirsə, vay mənim halıma - yüz bax.
Sənə bu baxışlar heç nə demirmi,
Demirmi sən necə zalım adamsan?
Tutaq ki, mən fağır üzüyumşağam,
Sən niyə bu qədər qalın adamsan?
Tutaq ki, mən fağır üzüyumşağam,
Bə sənin mürvətin-zadın yoxdumu?
Qohumun, əqrəban, dostun, tanışın,
Düşmənin, yaxının-yadın yoxdumu?
Qohumun, əqrəban, dostun, tanışın,
- Varsa bu xislətə necə dözürlər?
Çərləyibmi sənə salam verənlər,
Ya səni almayıb vecə, dözürlər.
Çərləyibmi sənə salam verənlər,
Varmı salamını alan - deyirəm.
Bezdirib dilimdən tərif qapırsan,
Ayə, Allah haqqı yalan deyirəm!
Bezdirib dilimdən tərif qapırsan,
Əcəb bazarın var - bazar olmasın.
Heç bir məmləkətdə, heç bir millətdə,
Yazıqdı, sənintək yazar olmasın.
Çox da ki, dinmirəm, Allahın olsun,
Bu yalan-yanlışı sırı az mənə.
Mənim bu dünyadan qandıqlarım var;
Sirmi var açmasın qara saz mənə?!
Sənin həsrətindən özgə
Bundan gözəl ömür olmaz, -
Sən olan dünyada varam.
Göy məni Yerə qısqanar,
Bilsə necə bəxtiyaram.
Nolsun adın Günəş deyil,
Sənə bənddi axşam-səhər.
Sənə nisbət dövr eləyir
Kainatda səyyarələr.
Bir kirpiyinə minnətdi
Yerin, Göyün yeddi qatı.
Cəhənnəm olsa cənnətdi
Sən olan göylərin altı.
Bir arılar bilər nədi -
Gül dalının gerçəkləri.
Kimin ətridi süsləyən
Çəmənlərdə çiçəkləri.
Bundan gözəl ömür olmaz, -
Sən olan dünyada varam...
Sənin həsrətindən özgə
Nəyim var haramdı, haram!
Adamı bunca sevməzlər
Adamı bunca sevməzlər,
Bu qədər sevilməz adam.
Mən də bir nəfsin quluyam,
Övliya deyiləm, qadam.
Hər dinəndə haqq desəm də,
Bir olanda bir də olmur.
Səni necə inandırım?-
Göydə olan, yerdə olmur.
Gah aydan arı oluram,
Gah da zinrik bir gecəyəm.
Bu nə sözdü soruşursan,-
Mən hardan bilim necəyəm?
Qaratikan görübsənmi
Yazağzı çiçək açanda.
Sarı-sarı bənövşələr
Dibində ətir saçanda.
Mən sevə bilirəm ancaq,
Sevilmək... O, mənlik deyil.
Dön mənə yaxşı-yaxşı bax,
Gördünmü? - Görmədin, xeyir!
Gəlir
Mən gözəl deyiləm...
Sən gözəl olmaya bilməzsən, xanım,
Sözlərindən çəmən, çöl ətri gəlir.
Bircə yol tel vurub səsini duydum,-
Bir ildi ovcumdan gül ətri gəlir.
O mənəm - adına düşkün, havalı,
Qıyğacı baxışın dindirər lalı...
Sənin həsrətinə urcah olalı,
Gözlərimdən Maral-Göl ətri gəlir.
Xəyalımda əsmər bənizin durur,
Unutmam - çalına İsrafil Suru...
Bu qara sevdadan, gözümün nuru,
Ibrahim qoxuyan kül ətri gəlir.
Can
Mənə nə desən de, xanım əfəndim,
Amma mənə bircə "can" demə, nolar!
Mənə "can" deyənə can borcum qalır,
Qıyıb da gəl "qana-qan" demə, nolar.
Mən çoxdan halıyam can əzabından,
Bilirəm can alıb, can vermək nədi.
Təzə yaraları qaysaq tutanda,
Köhnə yaraları qan vermək nədi...
Daha buz dağıdır mənim can payım,
Xəbəri də olmaz - "ət kəs ətindən".
Virandı can evim, könül sarayım,
Virandı eşq adlı səltənətim də.
Şan-şöhrət deyirsən... Nə bilim, varsa
Şöhrət sənə qurban, şan sənə qurban.
Ömrünə bir anlıq ömür qatarsa,
Apar, sənin olsun, can sənə qurban.
Dilindən çıxınca bir himə bəndəm,-
Mənə alış demə, yan demə, nolar...
Mənə nə desən de, xanım əfəndim,
Amma mənə bir də "can" demə, nolar.
Digər Xəbərlər

“GƏL, GÖR MƏNİ EŞQ NEYLƏDİ” - Əlisəfdər HÜSEYNOV yazır

Qadın da Vətən kimidir...- Çağdaş qadın şairlərimizin şeirləri

“Müharibə namus, torpaq müharibəsiydi hər birimiz şəhid ola bilərdik...”-Babək Aslanov
