10 Fevral 2025 10:14
675
GÜNDƏM

İki düşmən arasında bölüşdürülən Azərbaycan: Türkmənçay faciəsi -197

Azərbaycan torpaqlarının Rusiya və İran arasında Araz çayı boyunca bölüşdürülməsi ilə bağlı  imzalanan  Türkmənçay müqaviləsindən 197 il keçir.


Adalet.az xəbər verir ki, 1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında müharibənin (1826-1828) yekunlarına dair Türkmənçay sülh müqaviləsi bağlanıb.

Təbriz yaxınlığındakı Türkmənçay kəndində Rusiya generalı İvan Paskeviç və İran şahzadəsi Abbas Mirzənin imzaladığı müqaviləyə əsasən, İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilib. Azərbaycan torpaqlarının Rusiya və İran arasında Araz çayı boyunca bölüşdürülməsi başa çatıb.

Müqavilədə İrandan erməni əhalisinin Rusiya imperiyasının yeni torpaqlarına (İrəvan, Naxçıvan, Qarabağ) köçməsi, İranın Rusiyaya təzminat ödəməsi, Rusiya donanmasının Xəzərdə şəriksiz hakim olması və rus tacirlərinin İranda ticarət güzəştləri əldə etməsi barədə maddələr də vardı.

Rusiyaya keçən torpaqlar hal-hazırkı Ermənistan Respublikasının ərazisini, Naxçıvan Muxtar Respublikasının ərazisini, Azərbaycan Respublikasının cənub bölgəsinin bir hissəsini və indi Türkiyə Cümhuriyyətinin ərazisi olan İğdır bölgəsini əhatə edirdi.

Gülüstan müqaviləsində olduğu kimi bu müqavilə də Rusiyanın qəti qələbəsi ilə bitən müharibədən sonra imzalanmışdır və bütün şərtlər Rusiya tərəfindən diktə edilmişdir. Hətta general Paskeviç İran nümayəndələrinə bildirmişdi ki, Rusiyanın təklif etdiyi şərtlərlə razılaşmazsa Rus ordusu Tehranı tutacaqdır.

Dosent Zaur Əliyevin qeyd etdiyi kimi: İranla Rusiya arasında imzalanan Gülüstan və Tükmənçay müqavilələri Azərbaycanın işğal faktını rəsmiləşdirmək üçün imzalanıb: “Bu müqavilələr bağlanan zaman Azərbaycan İranın tərkibində olmayıb. Azərbaycan ayrı-ayrı xanlıqlardan ibarət ölkə idi və mərkəzləşdirilməmiş dövlət strukturu yox idi. Bu hər iki müqavilə isə İranla Rusiya arasında Azərbaycanın bölüşdürülməsi xarakteri daşıyır. Sadəcə olaraq başqa bir dövlətin əraziləri iki dövlətin arasında bölüşdürülüb”.

 Filosof Firuz Mustafa isə faciəmizi belə xarakterizə edir:"Abbas Mirzə ilə Paşkeviçin bağladığı “uğurlu” müqavilə ki var... yəni Azərbaycanı ikiyə bölən, Rusiya-İran müharibələrinin başa çatmasını rəsmi təsdiq edən məlum və məşhur Türkmənçay müqaviləsi, gecə yarısı, 1828-ci il fevralın 9-dan 10-na keçən gecə, lap dəqiq desəm saat 24.00-da imzalanıb.

Niyə gecə yarı?

Məlum olduğu kimi sənədi İran tərəfindən dövlət başçısı Fətəli şahın oğlu Abbas Mirzə imzalayıb. Abbas Mirzənin münəccimləri müəyyən edib ki, səmadakı ulduzlardan gələn sədaya görə, şahzadənin uğur saatı gecə yarıya təsadüf edir...

Məğlubiyyət müqaviləsini imzalayan şahzadə üçün münəccimlər hansı uğuru nəzərdə tuturmuş, indi demək çətindir. Amma məlum və məşhur Türkmənçay müqaviləsinin məhz gecə yarı imzalandığı təsdiq edilmiş faktdır.

Sənədə birinci Rusiyanın Qafqazdakı qoşunlarının ali baş komandanı, general İvan Paskeviç, ondan sonra isə Abbas Mirzə qol çəkib.

Bu münasibətlə rus toplarından 101 yaylım atəş açılıb...Bu da məlum və məşum gecənin gətirdiyi məşum bir “uğurun” nəticəsi.  Mən bir neçə il öncə Türkmənçay şəhərində səfərdə olmuşam. Müqavilənin bağlandığı binanı tapdım. Bu boz, miskin, dərdli şəhərin üzü gülməyən bir “böyük vəzifə” sahibindən soruşdum ki, bəs vaxtilə bu divara vurulmuş müqavilənin bağlandığı sənədi əks etdirən lövhə hanı? Adam dedi ki, bir müddət əvvəl həmin lövhə gecə ikən oğurlanıb. Belə çıxır ki, Paskeviçin əli hələ də o tərəflərə çatır... Hətta, 200 ildən sonra belə..."

 P.S Son 250 ildə  Azərbaycanın başına gələn faciələrin sayını artıq unutmuşuq. Bəziləri deyir ki, matəm günlərini təqvimdən silək. Bir millət olaraq mövcudluğumuzu təsdiq etmək istəyiriksə, o zaman faciələrimizi bilməli və dərs almalıyıq, o faciələri unutmamalıyıq. Faciəsini, qürurunun, namusunun, torpağının  tapdalnamasını, düşmənini  unudan millət var olmur. Gec ya tez növbəti faciələrin qan gölündə çabalayır. 

Türklərin tarix boyunca faciələrlə üz-üzə qalması digər tərəfdən də zaman-zaman dünyanın türkü sevməməsilə bağlıdırsa bu həm də elə bütün Türk Dünyasının faciəsi hesab olunmalıdır! Türkmənçay müqaviləsi Azərbaycanın başına gələn ən böyük faciəsidir.

 Əntiqə Rəşid