09 Oktyabr 2024 17:28
2125
ƏDƏBİYYAT

“İlğım” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

9 oktyabr 2024-cü il tarixində Azərbaycan Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialı şəhid ailələri, eləcə də rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Yadigar Təvəkgülün birinci Qarabağ savaşında qəhrəmancasına vuruşaraq şəhid olmuş Yunusov Şaban Ramazan oğlunun xatirəsinə həsr etdiyi “İlğım” adlı kitabın təqdimat mərasimi keçirildi.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlandı.

Tədbirdə öncə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Təqdimat mərasimini giriş sözü ilə açan Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Etmənistanın Azərbaycana qarşı ərazi iddiaların əsasında başlamasından, 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Etmənistanla Azərbaycan arasında şiddətli müharibənin başlanmasından, minlərlə gəncin birinci Qarabağ savaşında şəhid olmasından, Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayonun işğal olunmasından, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən bəhs etdi. O, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhə xəttində işğalçı Ermənistan ordusunun təxribatlarına cavab verən şanlı Azərbaycan Ordusunun qısa zamanda Qarabağ uğrunda başladığımız haqq savaşını Qələbə ilə başa vurmasını, 44 gün davam edən ikinci Vətən müharibəsində, eləcə də 2022-ci ilin 12 sentyabrında qisas əməliyyatı, 2023-cü ilin sentyabr ayında lokal anti-terror əməliyyatında qəhrəman oğullarımızın düşmənə sarsıdıcı zərbələr endirərək, onları illərlə işğal altında saxladıqları torpaqlarımızdan qovmasını, üçrəngli bayrağımızın Vətənin hər qarış torpağında dalğalandığını vurğuladı. Yaqut Bahadurqızı Vətən müharibəsi dövründə və ondan sonraki vətənin müdafiəsi məqsədi ilə keçirilən hərbi əməliyyatlarda qələmi ilə müsəlləh əsgərə dönən ziyalılarımızın, şair və yazarlarımızın rolunu dəyərləndirərək Zəfər tariximizin hər sətrinə adları qızıl hərflərlə yazılmış qəhrəman şəhidlərimizə həsr etdikləri kitabların əhəmiyyətindən də bəhs etdi.

Təqdimat tədbirində AYB-nin üzvü şair Abduləziz Xanəhmədoğlu, şəhid anası Elmira İslamova, rayon ziyalısı Vaqif Alıyev, Dəyirmanlı məktəbinin direktoru Ramin Vəliyev, Şaban Yunusovun müəllimi Rasim Əhmədov, qohumu Elçin Yunusov, Kürdəmir rayon İcra Hakimiyyətinin məsul işçisi Mirmahmud Mahmudov çıxış edərək “İlğım” kitabı haqqında duyğularını iştirakçılarla bölüşdülər və şəhidlərimizin adlarının əbədiləşdirilməsi, həyat tarixçəsinin qan yaddaşına köçürülməsi məramı ilə istedadlı şairin vətən, yurd sevgisindən doğan hisslərini sətirlərdə cilalayaraq təyyarəçi şəhid Şaban Yunusovun xatirəsini əbədiləşdirməsini və bu kitabın gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox faydalı olacağını vurğuladılar.
Tədbirin sonunda təyyarəçi şəhid Şaban Yunusovun anası Tükəzban Yunusova, qardaşı Bayram Yunusov çıxış edərək şəhidin xatirəsinə ithaf olunan kitab üçün müəllifə və tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.

Tədbirdə şəhidə həsr olunan videoçarx nümayiş edildi, qiraətçilərin ifasında kitabdan parçalar tədbir iştirakçılarına təqdim edildi.
Təqdimat mərasiminin sonunda kitabının müəllifi Yadigar Təvəkgül onun əməyinə göstərilən diqqət üçün tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirdi.