10 Iyun 2024 04:45
2431
LAYİHƏ

İlham Əliyev müharibə və sülh dövrünün ən yaxşı Prezidenti kimi

Ötən əsrin 90-cı illərinin əvvəllərində böyük siyasi xaosdan keçən və 20 faiz ərazisini itirən Azərbaycanın dövlətçiliyi əleyhinə böyük təhdidlər olsa da Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsi bu təhlükəni ortadan qaldırdı. Baxmayaraq ki, 1993-cü ildə ölkə həm iqtisadi baxımdan ağır durumda idi, həm bir milyon qaçqın və məcburi köçkün problemi var idi, Ulu Öndər müdrik və uzaqgörən siyasəti nəticəsində ölkədə olan xaosu ortadan qaldırdı. Eyni zamanda xarici ölkələrin şirkətlərini Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənməsinə cəlb edərək, qısa vaxtda “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. Başqa sözlə desək, Ulu Öndər həm Azərbaycanı parçalanmadan qorudu, həm də gələcək iqtisadi inkişafı üçün möhkəm təməllər yaratdı. Ulu Öndərin Azərbaycan xalqı üçün ən gözəl qərarlarından biri də 2003-cü ildə Prezident İlham Əliyevin namizədliyini öz yerinə irəli sürməsi oldu. Ulu Öndər o zaman “Mən ona özüm qədər inanıram”-demişdi. Tarix və zaman Ulu Öndər Heydər Əliyevin dediklərini bir daha təsdiqlədi. İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 18 il ərzində ölkəmiz təkcə siyasi arenada deyil, iqtisadi baxımdan da sürətlə inkişaf etməyə başladı. İlk prezidentliyinə başlayarkən “Mən hər bir azərbaycanlının prezidenti olacağam”-deyən İlham Əliyevin fəaliyyəti dönəmində xalq və iqtidar birliyi daha da möhkəmləndi və bu gün də bu birlik davam edir. 2020-ci il Vətən müharibəsi zamanı Ali Baş Komandanın xalqa müraciəti Azərbaycan xalqının öz lideri “Dəmir Yumruq” kimi birləşdirdi. 

 Azərbaycan Prezidentinin böyük siyasi bilikləri, təcrübəsi, diplomatiya elmini dərindən bilməsi ölkəmizin xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm rol oynayır. Ölkələrin bir-birinin suverenliyinə hörmət etmələrinin, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini bəyan edən Prezident İlham Əliyev xarici siyasət kursunu bu prinsiplər əsasında qurub. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi, həmçinin daxili işlərə qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu praktikada təsdiqləyib. Ölkəmiz ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda da bu xəttə sadiqliyini nümayiş etdirərək müstəqil xarici siyasət yürüdür. Bu səbəbdəndir ki, dünya Azərbaycanın sözünü eşidir, Prezidentimizin irəli sürdüyü beynəlxalq və regional təşəbbüslərə dəstək verir.

Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan qonşu ölkələrlə müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirə bildi. Burada Azərbaycan-Türkiyə-Gürcüstan və Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq platformalarını xüsusi qeyd etmək lazımdır. Bununla yanaşı, Avropa İttifaqına üzv ölkələrin bəziləri ilə qurulan strateji tərəfdaşlıq əlaqələrini də vurğulamaq olar. 
Bu illər ərzində beynəlxalq təsisatlarla da səmərəli əməkdaşlıq əlaqələri qurması ölkəmizin beynəlxalq imicinin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Bu sıraya, həmçinin Türk Şurası, Müstəqil Dövlətlər Birliyi, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və bu kimi digər qurumlarla səmərəli əməkdaşlıq əlaqələri daxildir. Azərbaycanın artan iqtisadi imkanları fonunda ordumuzun arsenalı dünyanın ən qabaqcıl ölkələrinin istehsalı olan müasir hərbi texnikalar ilə daha da gücləndirildi. Müxtəlif ölkələrlə hərbi əməkdaşlığa dair sənədlər imzalandı, hərbi qulluqçularımızın xarici dövlətlərdə müxtəlif təcrübə proqramlarında, kurslarda iştirakı təmin edildi.

Azərbaycanın Silahlı Qüvvələri bu gün dünyada ən güclü 50 ordu sırasında yer tutur. Vətən müharibəsinə qədər Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə zəfər səhifələrindən biri kimi daxil olmuş Aprel döyüşlərində qəhrəman Ordumuz Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan–Gorus–Laçın yolu nəzarətə götürüldü. Eləcə də bu ilin iyulunda düşmənin Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədində törətdiyi təxribatdan sonra başlayan hərbi əməliyyatlar zamanı işğalçı ölkənin ordusuna ağır zərbələr endirildi. Sentyabrın 27-də düşmən növbəti genişmiqyaslı təxribat törətdi. Ali Baş Komandanın irəli əmrindən sonra Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı işğal altındakı torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması ilə nəticələndi. “Dəmir yumruq” əməliyyatı kimi tarixə düşən İkinci Qarabağ müharibəsi xalqımızın 30 illik Vətən həsrətinə son qoydu.

Bu gün Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin edib. Bu gün Qarabağda -  Şuşuada, Xankəndində, Xocalıda və digər şəhər və kəndlərimizdə Azərbaycan bayrağı vüqarla dalğalanır. Bu gün Qarabağdakı şəhər və kəndlərimiz yenidən dirçəlir, yenidən qurulur. Bütün bunlar Ali Baş Komandanın qətiyyətli iradəsi, Azərbaycan ordusunun əsgər və zabitlərinin, şəhidlərimizin və qazilərimizin torpaq uğurunda öz canlarından keçməsi sayəsində mümkün oldu. Bu gün Azərbaycan xalqı qalib xalqdır və Vətən müharibəsindəki qalibiyyət xalqın öz siyasi liderinə olan inam və etibarını daha da artırdı və gücləndirdi. Elə bu ilin fevral ayında keçirilən növbədənkənar prezident seçkilərində də bunu hər kəs gördü. Bu seçki təkcə tariximizə 30 ildən sonra bütün ərazilərimizdə keçirilən seçki kimi düşmədi, həm də Azərbaycan xalqının hər nümayəndəsinin seçkiyə gələrək öz liderini açıq şəkildə dəstəkləməsi, yüksək-əhval ruhiyyə ilə seçki gününü qeyd etməsi kimi yaddaşlara yazıldı. Bu gün İlham Əliyev Azərbaycan xalqının dəyərli oğulu , siyasi lideri, dövlət başçısı olmaqla yanaşı, həm də regionda və dünyada öz sözünü deyən nüfuzlu siyasi xadim və bütün dünyaya ən gözəl dövlət başçısı nümunəsidir. 

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Cənubi Qafqazda sülh gənclərin gözü ilə” layihəsi çərçivəsində hazırlanıb.