İmperiya Qafqazda can verir - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
135 | 2025-07-03 09:00

Azərbaycanla Rusiya arasında son günlərdə olan gərginliklə bağlı Avropa Xəbər Agentliyində növbəti yazım yayımlanıb. Yazını Azərbaycan dilində “Ədalət”in oxucuları ilə bölüşürəm. Yazıya keçid linki:  https://www.european-news-agency.de/politik/the_empire_is_dying_in_the_caucasus-91731/

***

İmperiya Qafqazda can verir

Rusiya ilə Azərbaycan arasında artan gərginlik

2025-ci ilin iyun ayının sonlarında Rusiya ilə Azərbaycan arasında münasibətlər kəskin şəkildə pisləşdi. İyun ayının 27-də Rusiyanın Yekaterinburq şəhərində OMON qüvvələri azərbaycanlıların yaşadığı evlərə basqın etdilər. Məlumatlara görə, Ziyəddin və Hüseyn Səfərov adlı iki azərbaycanlı qardaş bu reyd zamanı işgəncələrə məruz qalaraq öldürülüb. Daha bir neçə azərbaycanlı isə saxlanılıb.

Azərbaycan bu insidenti bilərəkdən törədilmiş və etnik zəmində həyata keçirilmiş akt kimi qiymətləndirdi və dərhal cavab verdi.

Bakı cavab zərbəsi endirdi

Hadisədən qısa müddət sonra Azərbaycan hüquq-mühafizə orqanları Rusiyanın “Rossiya Seqodnya” dövlət agentliyinin Bakıdakı yerli şöbəsi olan “Sputnik Azərbaycan” ın ofisində əməliyyat keçirdi. Əməliyyat nəticəsində ofisin icraçı direktoru İqor Kartavıx və baş redaktor Yevgeni Belousov saxlanıldı. Azərbaycan rəsmiləri onların hər ikisinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları olduğunu açıqladılar.
Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən Rusiya ilə əlaqəli bir cinayətkar qruplaşmanın üzvlərinin həbs olunduğu açıqlandı. Həmçinin Rusiya ilə dövlət və özəl xəttlə nəzərdə tutulan mədəniyyət tədbirləri ləğv olundu.

Gərginliyə baxmayaraq, nə Prezident İlham Əliyev, nə də Prezident Vladimir Putin bu məsələyə münasibət bildirməyib. Kremlin sözçüsü Dmitri Peskov isə bəyan edib: “Hazırda Prezident Putinin Prezident Əliyevlə telefon danışığı keçirmək niyyəti yoxdur.”

Kreml ittihamları Kiyevə yönəldir

Azərbaycanda çıxan “Ədalət” qəzetinin verdiyi məlumata görə Peskov bildirib ki, Moskva gərginliyin əsas səbəblərindən birini Ukraynada görür:
“Moskva Kiyevin Rusiya ilə Azərbaycan arasındakı münasibətləri pozmağa və gərginlik yaratmağa çalışdığını müşahidə edir. Ukrayna vəziyyəti daha da qızışdırmaq və Bakı tərəfini emosional addımlar atmağa təhrik etmək üçün əlindən gələni edir.”

Peskov həmçinin iddia edib ki, Yekaterinburqda baş verən həbslər etnik zəmində yox, cinayət işi üzrə aparılan istintaqa bağlı olub.

Gərginlik doğrudanmı Yekaterinburqla bağlıdır?

Bir çox analitiklərə görə, böhranın kökləri daha dərindir. Əsl səbəb Rusiyanın Cənubi Qafqazda tədricən itirdiyi nüfuzudur. Azərbaycan və Ermənistan sülh sazişinə yaxınlaşdıqca, Moskva getdikcə prosesdən kənarda qalır.

Ermənistanın Baş naziri Nikol Paşinyan açıq şəkildə bəyan edib ki, Qarabağ tarixi olaraq Azərbaycan ərazisidir və Ermənistan bundan sonra bu torpaqlara iddia irəli sürməyəcək. Onun Türkiyəyə etdiyi son səfər və Ankara ilə sıxlaşan münasibətlər Moskvanın narahatlığını daha da artırıb.
Azərbaycanla Ermənistan arasında imzalanacaq mümkün sülh sazişi Rusiyanın regionda qalan təsir imkanlarını da sıradan çıxara bilər.

Əliyevin və Paşinyanın qəti mövqeləri

Prezident İlham Əliyev Rusiyanın təsir və təzyiqlərinə qarşı açıq siyasi iradə nümayiş etdirir. Məsələn, Rusiya Xankəndidə (işğaldan azad olunmuş şəhərlərdən biri) konsulluq açmaq təşəbbüsü ilə bağlı fikirlər ssəslənəndə, Bakı buna imkan vermədi.

Azərbaycanın xarici siyasəti getdikcə daha çox Türkiyə ilə strateji müttəfiqliyə əsaslanır. Rusiya isə Ankara-Bakı xəttindən xəbərdardır və indiki situasiyada NATO-nun ikinci ən güclü ordusunu – Türkiyəni – qarşısına almağa cəsarət etməz.

Baş Nazir Paşinyan da Rsuiyanı sülh müqaviləsinin danışıqlarından kənar tutmaqda qərarlı görsənir və bu sahədə möhkəm siyasi iradə nümayiş etdirir.  

Yeni geosiyasi reallıq

Həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi Rusiyanın Qafqazdakı rolunu məhdudlaşdırmaq və ya tamamilə aradan qaldırmaqda qərarlı görünür.

Prezident Putinin məşhur doktrinası – “Rus əsgəri haradadırsa, ora bizimdir” – artıq bu bölgədə keçərli deyil.

Bu gün həm Bakı, həm də İrəvan Rusiya hərbi varlığının öz ərazilərinə qayıtmasına imkan verməməkdə qərarlı görsənirlər.

Nəticə: İmperiyanın çöküşünə imkan verin

Rusiyanın son təxribatları, əslində, Azərbaycanın möhkəmliyini sınamaq üçün edilən son cəhdlər kimi görünür. Lakin əgər Azərbaycan geri addım atmadan Ermənistanla sülh müqaviləsi bağlasa, Moskvanın bölgədəki nüfuzu tamamilə yox olacaq.

İmperiya Qafqazda can verir — və bu prosesi dayandırmağa heç bir ehtiyac yoxdur. Əksinə, sülh sazişini mümkün qədər tez bağlamaqla regionu rus imperializminin son çırpıntılarından birdəfəlik xilas etmək mümkündür.

Vüqar Abbasov.
Avropa Xəbər Agentliyinin (European News Agency) əməkdaşı

 

TƏQVİM / ARXİV