23 Iyul 2024 13:08
571
ƏDƏBİYYAT

İMTİYAZLI ADAM - Əlisəfa Azayev yazır

Hakim Nazim Zərgərli özünü xalq, vətən qarşısında xidməti borcunu layiqincə yerinə yetirən bir şəxs hesab edirdi. Bu gün də bu arzu-amalla səhər tezdən yuxudan durmuş, işə getmək üçün hazırlaşırdı. Bugünkü günün həm də özəlliyi onda idi ki, bu gün həm də 22 Noyabr– Ədliyyə işçilərinin peşə bayramı günü idi. Qonaqları olacaqdı. Başçı da gələcəyini demişdi:

Bu barədə səhər süfrəsi arxasında söhbət düşəndə, xanımı dedi:

  • Aha... Təbrik edirəm...
  • Sağ ol... Başçı da gələcək.
  • Xanımı ilə?
  • Yox, elə özü... İşçiləri ilə...
  • Bəs xanımı niyə gəlmir? Prezidentdən nümunə götürmək lazımdı. O, belə tədbirlərə xanımı ilə gedir.

Hakim mızıldandı:

  • Onda nə işinə yarayar. Sən də gedərsən.
  • Bəs nə...
  • Qara kürü ver...
  • Kökəlirsən axı...
  • Bal da qoymamısan.
  • Dedim ki...
  • Söz tap mənə... Onları yeyəndə gözlərimə də işıq gəlir.

Hakim yenicə otağına daxil olmuşdu ki, telefon səsləndi. Dəstəyi o götürəndə əlaqə kəsildi. Bu vəziyyət düz üç dəfə təkrar olundu. Sonuncu dəfə isə bu sözləri eşitdi:

  • Cənab hakim...
  • Bəli...
  • Siz...
  • Siz kimsiniz?!. Sözünüzü deyin də!..
  • Bunun nə fərqi olacaq?!. Onsuz da siz imtiyazlı adamsınız da...

Telefon əlaqəsi kəsilsə də, hakim hələ də özündə deyildi. Sözə bax da: “Siz imtiyazlı adamsınız...” Hakim telefonla zəng çalanın kimliyini, nə istədiyini də bilmədi. Bu səbəbdən heç nədən səhər tezdəndən qanı it qanı tək qaraldı. Köməkçisini yanına səslədi:

        • O rabitə şöbəsi ilə əlaqə saxla. Qoy aydınlaşdırsınlar, görək mənə zəng çalan bu əclaf kimdir.
  • Xanım idi, yoxsa bəy?
  • Erkək-dişisi səni bir o qədər maraqlandırır? Əsas vaxtı məlumat ver. Dəqiqliyinə kimi.

Hakim bu sözləri desə də, öz-özünə qımışdı. Həqiqətən də, maraqlı idi. Ancaq bu daha çox qadın səsinə oxşadı.

Başçı əshabəsi ilə gələndə artıq məhkəmənin həyətində xeyli adam vardı. Kimsə soruşdu:

  • Ə, bu gün istirahət günüdü?
  • Yox.
  • Bəs bu qədər adam işləmir?
  • Hakimə məhəbbət bəsləyənlərdi də, təbrikə gəliblər.
  • İnanan daşa dönsün, özləri dəvət ediblər.

Həqiqətən də, adam çox idi. Çoxu da idarə müdirləri, vəzifəli şəxslər. Prokurorlar, polis rəisi, onların arasında xoruzu gəzinirdi. Bir azdan hərbi komissar, MTN-nin yerli şöbəsinin rəisi də gəlib onlara qoşuldu. Başçı gələndən sonra onunla məhkəmə binasına tərəf addımladılar. Başçı dedi:

  • Hakim buraları səliqə-sahmana saldırıb, gözəlləşdirib.
  • Bacardığımız qədər.
  • Yox, pis deyil.
  • Xüsusi layihəçi gətizdirmişdim.
  • Xərcin çox çıxardı.
  • Belə də...

İçəridə isə stolun üstündə xeyli şirniyyat vardı. Pürrəngi çay da gətirdilər. Başçı gülümsədi:

  • Tortunuz da var ki...
  • Buyurun, kəsin...
  • Yox, tədbirdən sonra...

Prokuror ərkyana dilləndi:

  • Cənab başçı, heç nə olmaz... Tədbirdən sonra başqa süfrə olacaq. Məzəsi ilə.
  • Hə... Həmişə bura gəlmirsiniz ki...

Hakimin tortu şəxsən özü kəsməsi heç də yaxşı görünmədi. Pəncərədən də içəri baxmaq olurdu. Polis rəisi qımışdı:

  • Dadlı tortdu.
  • Hakim bunu evdə bişirtdirib?
  • Əlbəttə ki.

Hərbi komissar gövdəli, saqqallı bir adam idi. Tortu tərifləyə-tərifləyə ikinci dilimi də yeyəsi oldu:

  • Ağzın dada gəlsin.
  • Nuşi-can...

MTN-nin rayon şöbəsinin rəisi qanqaraldıcı söhbətə başladı:

  • Son vaxtlar qidadan zəhərlənmələr artıb.
  • Təxribatdı da.
  • Bəs yanğınlar?
  • Elə onlar da...
  • Bu sığorta pulunu çıxardanın Allah evini yıxsın.
  • Çoxu “krupni” işlərdi... Xüsusilə mağazalar, bazarlar...
  • Məqsədlidi də...

Hakim köməkçisini çağırıb göstəriş verdi:

  • De zala keçsinlər, başlayaq.

O da dərhal dəhlizə çıxıb, katibə göstəriş verdi:

  • Səslə... Zala keçsinlər. Başlayırıq.

Onlar zala daxil olanda, katib həminki vərdişindən qalmayıb səsləndi:

  • Qalxın!..

Başçı gülümsədi:

  • Ə, məhkəmədi?..

Hakim katibə bozardı:

  • Ay sarsaq...
  • Bağışlayın...

Bəlkə də, katibin bu sözü olmasaydı, ayağa qalxan, onlara hörmət-izzətini bildirən olmayacaqdı.

Hakim tədbiri açanda o qədər fikirli idi ki... Yenə də həmin qadının tikanlı sözləri qulaqlarında səsləndi: “Siz imtiyazlı adamsınız da...” O qədər həyəcanlı oldu ki, eynəyi stolun üstünə düşüb səsləndi. Başçı gülümsədi:

  • Yavaş...
  • ...
  • Ehtiyyatlı ol da...
  • ...
  • Çox gərginsən...

Hakim belə olmasının səbəbini açıqladı:

  • Fikirli olaram da... Biri səhər tezdən mənə zəng çalıb nə desə yaxşıdı: “Siz imtiyazlı adamsınız da...”

Zalda onun bu sözlərinə gülüşdülər, səslər eşidildi:

  • Camaat güldürüb də...
  • Hakim də saymırlar...
  • Qılınc müsəlmanıq da...
  • Bizəzopa lazımdı...
  • Qanun-qaydaya əməl olunmayanda...
  • Qanun-qaydaya birinci yuxarıda oturanlar əməl etməlidi.
  • Kitabxanada da belədi. Oxunmayan kitablar bərli-bəzəkli hamısı da yuxarı rəflərə, üst qata qoyulur.

Başçı narazı halda dilləndi:

  • Yaxşı mətləbə keçin.

Hakim qımışdı:

  • Keçim də...
  • ...
  • Bilirsiz də...
  • ...
  • 22 Noyabr – Ədliyyə işçiləri günü bizim üçün əziz bir gündür.

Zaldan pıçıltılar eşidildi:

  • Yüz il əvvəl...
  • Müstəqillik illəri...
  • Xalq Cümhuriyyəti...
  • Yeyib-içmək günüdü də...
  • Həm də yarınmaq, hədiyyə almaq, toplamaq...

Yalnız indi yadlarına düşdü ki, rəhbərin heykəli önünə gül dəstəsi qoymağı unudublar. Hakim fasilə edəsi oldu. Kiçik bir dəstə gül çələngi ilə yola düşdülər. Başçı, hakim, prokuror, polis rəisi, MTN-nin yerli şöbəsinin rəisi də onların arasında idi.

Bir azdan geri qayıtdılar, geri qayıdandan sonra çıxışlar, təbriklər oldu. Başçı sözə başlayanda dedi:

  • Bilirsiz də, əvvəllər bu funksiyanı qazılar yerinə yetirib. Onun da, sözsüz ki, köməkçiləri olub da. Hərəsi bir işə baxıb. Sonradan fəlsəfə kitabı fənlərə ayrılan kimi, bunlar da parçalanıb, şöbələrə bölünüb.

Səslər eşidildi:

  • Hə də...
  • Prokurorluq ilk dəfə Avropada yaranıb.
  • Fransada...
  • Rusiyada onun atası I Pyotr olub.

Başçı sanki hakimi oyatmaq istəyirmiş kimi söhbəti bayaqkı mətləb üstə gətirdi:

  • Mürgüləyirsiz?
  • Yox... Ancaq bir qədər yuxusuzam.
  • Mərdimazar kimsə sizi qoymayıb da yatmağa.
  • Bu səhər olub.

Başçı sanki öz elmi biliklərini nümayiş etdirməyə çalışdı:

  • Bu UNO, yadplanetli... Bunlara elə-belə baxmaq olmaz. Qocalar demişkən, şeytan əməlləridi də... Bəzən adamı elə yoldan çıxarırlar ki... Elm adamları da artıq bunu sübut etmiş kimidir. Yoxsa inandığın bir adam, səhər görürsən ki, zay olub...

Zaldakılar başçının sözlərinə gülüşdülər, səsləndilər.

  • Hə də...
  • Müxalifətə...
  • Yaramaz adamlara qoşulur.
  • Belələri...
  • Elə yorğan altında da naxələflik edirlər.
  • Ərsiz qadınların, övladı olanların sayı çoxalıb.
  • Boşanmalar da öz yerində.

Pafoslu danışığı ilə həmişə hamını təsirləndirən Ağabəy kişi ağsaqqallar adından dedi:

  • Hakim insan adamdı. Neçə ildi buradadı, bir ev tikdirə bilmirdi. Axırı güc-bəla ilə beş sot torpaq sahəmi ona verə bildim. Yanındakı beş sotu da satın aldı. İndi bir koma qaraldıb da. Sağlığına qismət olsun. Pis də alınmayıb.

Zalda səslər, pıçıltılar eşidildi:

  • Belə işlərdə zirəngdi.
  • Xalasının adına rəsmiləşdirib.
  • Yox, qayınanasının.
  • Bu da torpağı ona verməyib ey, satıb.
  • Za-to, pulla alıb da.

Bu an başçı qanı qaralmış halda müavinə işarə elədi ki, onun yanına gəlsin, izahat versin. Beləcə aralarında pıçıldaşdılar:

  • Hakimə torpaq sahəsi ayırmamısız?
  • Ayırmışıq...
  • Nə qədər?
  • Dörd pay...İyirmi sot...
  • Notariusa nə qədər?
  • Ona yox...

Başçı çıxışında bu məsələyə toxunsa da, həm də dedi:

  • İşdi də... Hərdən səhlənkarlıqlar, yaddan çıxmalar olur. Hakimə torpaq sahəsi ayrılıb...

Hakim bir istədi desin ki, guya havayı vermisiz. Özü də ona yox, əvvəlkinə. Ancaq susub qaldı. Başçı ilə münasibəti pozmaq istəmədi. Notarius isə sözünü dedi:

  • Belə gündə torpaq hədiyyəsi pis olmazdı.

Başçı gülümsədi:

  • Torpaq düzələr ey. Evi tikməyə mani-mani var? – deyə başçı barmaqlarını bir-birinə sürtdü.
  • Düzələr...

Bu söhbətə zaldakılar gülüşsələr də, başçı özünü o yerə qoymadı, söhbətinə davam elədi:

  • Bizi desələr, başa düşmək olar. Bu hakimi imtiyazlı adam hesab edən kimdi ey?

Hakim dərhal dilləndi:

  • Elə onu deyin də.
  • Yəqin kimsə başıxarab imiş.
  • O qədər təsir altına düşənlər var ki.
  • On beş sutkası çatmır da...
  • Əlimə düşsə,atasın yandıracağam da.
  • Hakimlər ədalətli olur.
  • Biz də insanıqda...
  • Xalq sizə inanır.
  • Bizim də səbrimizin bir həddi var da. Mən kimdən asılıyam ki, imtiyazlı olum? Başdanxarabdı da.

Zaldan gülüş səsləri, pıqqıltılar eşidildi:

  • Bizdə demokratiya çoxdur.
  • Prezident demiş... Belə yüksəliş olmaz axı.
  • Bir az yavaşıyaq da...
  • Bu baxır kimə də...
  • Adam var yeməyə çörək tapmır.
  • Sosial yardım pulları mənimsənilir.
  • Eşitdiniz də başçıların tutulmasını.
  • İşə cəlb olunan adamların pulunu özləri mənimsəyirlərmiş.

Tədbirin sonunda şadlıq evlərinin birində bolluca süfrə arxasında əyləşdilər. Məclisə prokuror tamadalıq edirdi. Arada Yesenindən şeir dedi:

 

Üz-üzə söykənsə

Görmərsən onu

Uzaqdan o daha böyük görünər.

 

Hətta məclisi şənləndirmək üçün içkidən təsirlənmiş halda dedi:

  • Bir gizli dünyanın adamlarıyıq, hakim açıq...

Onun bu sözləri başçını heyrətləndirəndə, prokuror onun qulağına pıçıldadı:

  • Aldım-verdim məsələsində də...

Hakim narazı halda dilləndi:

  • Rəhmətliyin oğlu, olmayan şeyin adını çəkib, qanımızı niyə qaraldırsan?!
  • Allah bərəkət versin.
  • Yox yerdən də...

İçkinin təsirindən yanaqları allanmış başçı onlara üz tutaraq soruşdu:

  • Yaxşı, hakimin gördüyü işlər aydındı. Bəs bu prokuror nə işlə məşğuldu ey?!

Hakim elə ilk andan prokuroru sancırmış kimi dedi:

  • Qayğı göstərir... Adının, vəzifəsinin mənası belədi də.
  • Kimə?
  • İnsanlara...

Prokuror filosofluq elədi.

  • Prokurorluq...
  • ...
  • Dövlət orqanı kimi...
  • ...
  • İlk dəfə 1302-ci ilin martın 23-də gözəl Filippin əmri ilə Fransada təşkil olunmuşdur.
  • Bunu bayaq eşitdik də...

Hakim evə gələndə yolu güclə gedirdi. Çox içmişdi. Hətta bunu ona həyat yoldaşı da irad tutdu:

  • İş tapmırsan da. Bu qədər içmək olar?
  • Bir o qədər yox... Sadəcə sağlıqlar deyiləndə... Mən də bir az dadırdım da...

Bu an onun əl telefonu zəng çaldı. Mesaj göndərilmişdi: “Yenə də başçıya yamanca yarındınız, imtiyazlı adam”.

Həyat yoldaşı onu qınadı:

  • Bu nə sözlərdi?!.
  • Yazır da... Nə bilim hansı başdan xarabdı.
  • Sənin şəxsi telefonunu ona kim verib?!.
  • Mən nə bilim?!. İndi gizli nəsə var?!. Allah bu interneti yaradanın başına daş salsın.

Sonra da telefonda, onun imtiyazlı adam olduğunu təsdiq edən şəkillər qoyulmuşdu;başçıya tort kəsir, ona stəkanda çay, su verir, baş əyir, yol göstərir, qayğısına qalır, yola salanda maşınının qapısını açır, əl edir... Sonda həmin xanım yazmışdı: “Mənim işimdən imtina edin. Qoy başqa hakim baxsın. Mən sizə etibar edə bilmərəm. Lap başqa rayona göndərsinlər!.. Siz hakim yox, hakim adına ləkəsiniz!..”