adalet.az header logo
  • Bakı -°C
23 Yanvar 2026 17:42
79
SİYASƏT
A- A+

İran üçün qorxulu ssenarisi - Amerikalı analitikdən SENSASİON YAZI

Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru, amerikalı analitik Maykl Skott Doran İranda baş verən son proseslərlə bağlı sensasion yazı yazıb. 

Maykl Doranın təqdim etdiyi sensasion yazıda İslam Respublikasının çoxmillətli və ya fars-dominant bir imperiya olub-olmaması sualı üzərində dayanılır. Tarixi nümunələr və regiondakı mövcud etnik tarazlıqlar göstərir ki, İranın gələcək taleyi yalnız mərkəzi hakimiyyətin gücündən deyil, həm də ölkənin müxtəlif etnik qrupları arasındakı münasibətlərdən asılı olacaq. 

Adalet.az yazını təqdim edir:

"Etnik parçalanmalar İslam Respublikasından sonrakı istənilən düzəni dərin şəkildə qeyri-müəyyən edir.

ABŞ-ın aviadaşıyıcı zərbə qrupunun bu həftəsonu Yaxın Şərqə çatması gözlənildiyi bir vaxtda, ABŞ prezidenti Donald Tramp tezliklə İranla bağlı növbəti addımlarına qərar verməli olacaq. Lakin bundan əvvəl cavabı olmayan bir sualla üzləşməlidir: İran çoxmillətli bir dövlətidirmi, yoxsa farsların dominant olduğu bir imperiyadır? Bu suala hətta iranlıların özləri də qəti cavab verə bilmirlər.

Tarix bu məsələdə xəbərdarlıq edir. Yuqoslaviya uzun müddət özünü (geniş şəkildə də belə qəbul olunurdu) plüralist, çoxmillətli bir dövlət kimi təqdim edirdi. Bir çox yuqoslav bu kimliyi səmimi şəkildə mənimsəmişdi. Lakin 1990-cı illərin əvvəllərində rejim çökməyə başlayanda bu kimlik demək olar ki, bir gecənin içində dağıldı. İnsanlar bir gün özlərini “yuqoslav” adlandırırdılarsa, ertəsi gün serb, xorvat və ya bosniyalı kimi oyandılar. Belə siyasi quruluşlar onilliklər boyu davam edə bilər, ta ki, birdən-birə dağılana qədər. Uzun müddət boğulmuş etnik kimliklər üzə çıxdı və siyasət zorakılığa çevrildi.

Yuqoslaviyada hegemon mövqedə olan serblər əhalinin təxminən 36 faizini təşkil edirdi. İranda farsların payı daha yüksək olsa da, demək olar ki, onlar da yenə azlıqdır. İran hökumətinin 2010-cu ilə aid araşdırmasına görə, farslar əhalinin 47 faizini təşkil edirdi.

İranın etnik coğrafiyası riskləri daha da kəskinləşdirir. Farslar əsasən Tehran və İsfahan ətrafındakı mərkəzi yaylada üstünlük təşkil edirlər. Azlıqlar isə əsasən sərhədlər boyunca, daha dəqiq desək, sərhədlərin hər iki tərəfində məskunlaşıblar və dil, mədəniyyət və tarix baxımından sərhədin o tayındakı icmalarla sıx bağlıdırlar. Azərbaycanlılar şimal-qərbdə Azərbaycan və Türkiyə ilə həmsərhəd bölgələrdə cəmləşib; kürdlər qərbdə İraq və Türkiyənin kürd bölgələri ilə üzbəüzdür; ərəblər neftlə zəngin cənub-qərbdə İraqa baxır; bəluclar cənub-şərqdə Pakistan və Əfqanıstandakı soydaşları ilə bağlıdır; türkmənlər isə şimalda Türkmənistanla həmsərhəddir.

Bu səbəbdən qonşu dövlətlərin İranın etnik müxtəlifliyini necə idarə etməsi, yaxud idarə edə bilməməsi birbaşa onların maraqlarına toxunur. Bu qonşular arasında isə biri digərlərindən daha çox əhəmiyyət daşıyır.

İranda etnik azərbaycanlıların sayı Azərbaycanın özündəkindən daha çoxdur. İranda hökumət araşdırmasına görə, azərbaycanlılar İran əhalisinin təxminən 23 faizini təşkil edir (real rəqəm daha yüksək ola bilər) və coğrafi baxımdan bir-birinə bitişik ərazilərdə yaşayırlar. Azərbaycanlılar digər azlıqlarla müqayisədə İran dövlətinə daha yaxşı inteqrasiya olunsalar da, narahatlıq əlamətləri getdikcə artır. Onlar getdikcə daha çox Türkiyə və Azərbaycan mediasını izləyir, türk-azərbaycanlı köklərinə daha böyük maraq göstərir və ana dillərində təhsil tələb edirlər. Bunun səbəbini anlamaq çətin deyil. Türkiyə və Azərbaycan Avropa səviyyəli inkişafdan faydalanır. İslam Respublikası isə iqtisadi iflas və beynəlxalq təcrid vəziyyətindədir.

İran son dəfə özünü yenidən quranda (1979-cu il inqilabı zamanı) Azərbaycan Sovet İttifaqının tərkibində qapalı vəziyyətdə idi. Müstəqillikdən sonra isə Ermənistanla müharibə içində zəif durumda idi və İranın daxili tarazlığında demək olar ki, rol oynamırdı. Bu artıq keçmişdə qalıb. Bu gün Azərbaycan yüksələn regional gücdür, NATO standartlarına uyğun ordusu var, Türkiyə ilə dərin əlaqələrə və İsraillə yaxın təhlükəsizlik tərəfdaşlığına malikdir. İranda zorakı daxili münaqişə ssenarisi baş verərsə, Azərbaycan öz soydaşlarını qorumaq üçün ehtimal ki, Türkiyənin dəstəyi ilə müdaxilə etməyə məcbur qala bilər.

İranda etnik parçalanma qaçılmaz deyil. Lakin bu ehtimal realdır və Vaşinqton bunu görməzlikdən gələ bilməz. Ən düzgün yanaşma mövcud rejim çökəcəyi təqdirdə İranın necə görünəcəyinə dair əvvəlcədən çoxlu fərziyyələrə bağlanmamaqdır.

ABŞ siyasətçiləri üçün sabit və mərkəzləşmiş İrana mərc etmək parçalanmaya mərc etmək qədər riskli ola bilər. Bu xəbərdarlıq indi xüsusilə əhəmiyyətlidir, çünki Vaşinqtonda və İran diasporunun bir hissəsində 1979-cu ildə devrilmiş şahın oğlu Rza Pəhləvini İran millətinin nümayəndəsi kimi tanımaq çağırışları güclənir. Onun cazibəsi realdır, lakin legitimliyi mübahisəlidir. İranın etnik azlıqlarının çoxu onu milli birlik simvolu deyil, fars şovinizminin rəmzi kimi görür və iranlı azərbaycanlılar da bu baxımdan istisna deyil. Tək bir fiquru İranın təcəssümü kimi önə çəkmək, iranlıların özlərinin hələ razılaşmadığı daxili siyasi nizamı qabaqcadan müəyyənləşdirmək deməkdir.

Son həftələrdə azərbaycanlılar mənə dəfələrlə onları narahat edən bir ssenarini təsvir ediblər. Bu ssenariyə görə, Ayətullah Əli Xamenei devrilir, lakin sistem qalır. İslam İnqilabı Keşikçiləri Korpusu keçid dövründən sağ çıxır, ruhani örtüyünü üzərindən atır və fars millətçi diktaturasının icraçı gücü kimi yenidən ortaya çıxır – arxa planda real hakimiyyəti saxlayaraq Pəhləvini simvolik fiqur kimi qəbul etməsi də istisna deyil.

“Xamenei-Pəhləvi dəyişimi” Vaşinqtonda cəlbedici görünə bilər: təmiz bir “başsızlaşdırma”, nüvə proqramının sonu və rejim dəyişikliyinin xaosu olmadan zahiri mötədillik. Lakin İranın azlıqları üçün bu, ən yaxşı halda rejimin davamı, daha pis halda isə çox daha qaranlıq bir mərhələ kimi qəbul edilər. Öz legitimliyini fars millətçiliyi üzərində quran bir hökumət çox tezliklə daha da repressiv ola bilər.

İranın çoxmillətli dövlət, yoxsa fars imperiyası olub-olmadığı hələlik naməlumdur və hadisələr bu məsələni gündəmə gətirməyincə, belə də qalacaq. Trampın növbəti addımları, istər zərbələr, istər sanksiyalar, istərsə də danışıqlar bu prosesi işə sala bilər. Vaşinqton bütün etnik qruplardan olan iranlılarla geniş məsləhətləşmələr aparmalıdır. Eyni zamanda qarşıdan gələn böhranın nəticələri ilə yaşayacaq region liderləri ilə də – xüsusilə Azərbaycan prezidenti İlham Əliyevlə məsləhətləşməlidir.

Lakin hər şeydən əvvəl Tramp İranda varislər “təyin etməkdən” çəkinməli və siyasətini sabitliyə deyil, qeyri-müəyyənliyə uyğun qurmalıdır. Qarşıda son dərəcə çalxantılı bir dövr dayanır".