İranın Xarici İşlər Nazirliyindən Suriyada baş verənlərlə bağlı BƏYANAT
İranın Xarici İşlər Nazirliyi Suriyada baş verənlərlə bağlı bəyanat yayıb.
Adalet.az xəbər verir ki, qurumun "X" səhifəsində yerləşdirilən mətndə rəsmi Tehranın Suriyanın bölünməzliyi, milli suverenliyi və ərazi bütövlüyünə hörmət ifadə edilir
İran XİN həmçinin, adıçəkilən ölkənin gələcək taleyinin müəyyənləşdirilməsi hüququnun bilavasitə xalqa məxsus olduğu, kənar müdaxilənin isə yolverilməzliyi bildirilir:
"Bu məqsədə nail olunması üçün hərbi münaqişəyə son qoyulması, terror fəaliyyətinin qarşısının alınması və inklüziv idarəetmə strukturunun formalaşdırılması üçün Suriya cəmiyyətinin bütün üzvlərinin iştirakı ilə dialoqa başlamaq vacibdir".
Nazirliyin bəyanatında İranın BMT Təhlükəsizlik Şurasının 2254 nömrəli qətnaməsi də daxil olmaqla, Suriyada siyasi proseslərin icrasına yönələn bütün mexanizmlərin dəstəkləndiyi xüsusi qeyd edilir. O da xüsusilə vurğulanır ki, belə həssas bir dönəmdə Suriya əhalisinin və ölkədəki əcnəbilərin, eləcə də xarici dövlətlərin diplomatik missiyalarının təhlükəsizliyinin təminatı və beynəlxalq hüquqi öhdəliklərin yerinə yetirilməsi böyük əhəmiyyətə malikdir:
"İran İslam Respublikası Qərbi Asiyanın önəmli və nüfuzlu dövləti olan Suriyanın rolunu qeyd edir və bu ölkədə təhlükəsizlik və sabitliyin bərqərarı üçün səy göstərilməsindən çəkinməyəcəyini bəyan edir. Bu məqsədlə biz xüsusilə regiondakı nüfuzlu tərəflərlə məsləhətləşmələri davam etdirəcəyik".
Bəyanatın mətnində İran tərəfinin Suriyada baş verənləri diqqətlə izlədiyi və aparıcı oyunçuların bu ölkənin siyasi həyatında və təhlükəsizliyinin təminatındakı fəaliyyətini nəzərə alaraq, ehtiyac olduqda müvafiq yanaşmaların tətbiq ediləcəyi diqqətə çatdırılıb.