15 May 2024 11:27
471
SİYASƏT

İşğalçılığın məhv etdiyi 15 min hərbçi, 208 azərbaycanlı, 2 milyon əfqan - 35 il  əvvəlki Əfqanıstan 

Bu gün "xalqların qatili"adı ilə analiz edilən sovet hökümətinin -SSRİ-nin Əfqanıstandan qoşununu çıxarmasının 35-ci ilidir.


Adalet.az xəbər verir ki, 1989-cu ilin bu günü sovet qoşunlarının məhdud kontingentinin son bölmələri sovet əsgər və zabitlərinin beynəlxalq terrorizm və narkobiznes qüvvələrinə qarşı mətanətlə və cəsarətlə müqavimət göstərdiyi Əfqanıstandan vətənə qayıtdı.
Əfqanıstnda sovet işğalı necə baş tutdu?
Araşdırmaçıların fikirlərinə görə, 1978-ci ildə Əfqanıstan Xalq Partiyasının (ƏXP) rəhbəri, SSRİ-yə meylliliyi ilə tanınan Nur Məhəmməd Tərəki rəqibi Həfizulla Əmin tərəfindən qətlə yetirilir. Belə bir məqamda Əfqanıstandakı dayaqlarını itirməmək üçün SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi bu ölkəyə qoşun yeritmək qərarı verir.

Beləliklə 25 dekabr 1979-cu ildə Əfqanıstan müharibəsi başlayır. 40-cı ümumqoşun ordusunun hissələri Əfqanıstan sərhədini keçir və Sovet İttifaqı cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək bəhanəsilə Əfqanıstana qoşun yeridir.
Ekspertlər isə düşünür ki, Əfqanıstan müharibəsi qərblə SSRİ-nin son soyuq müharibəsi idi.

9 il 1 ay 12 gün davam edən bu qanlı müharibədə 500 mindən çox sovet əsgəri müharibədə iştirak edib. 15051 əsgər və zabit həlak olub, 417 hərbçi isə yaralanıb, itkin düşüb. Əfqanlardan isə bu müharibədə iki milyona yaxın insanın öldüyü haqqında müxtəlif fikirlər var. Müharibədə məhv edilən hərbi arsenal isə 47 tankdan, 1314 zirehli transportyordan, 433 artilleriya sistemindən, 118 təyyarə və 333 vertolyotdan ibarət olub.

Maddi itkilər o dövr üçün çox böyük rəqəm hesab olunurdu: 800 milyon dollar yardım şəklində və 40-cı ordunun 10 il ərzində saxlanmasına 3 milyard dollar xərc isə sovetin - dolayısı ilə Rusiyanın işğalçılıq siyasətinin ən iyrənc üzü idi. Qərarı da məhz SSRİ-ni idarə edən Brejnev vermişdi , generallar Qromıka və Panamaryov icra edirdi.

SSRİ əlbəttə ki, işğalçılıq hərəkətlərini xalqdan gizlədir, pafosla "qardaş və dost Əfqanıstan" da xalqı terrorçulardan qoruduğunu reklam edirdi. Beləki, Əfqanıstan kabusa dönmüşdü,  ora əsgərliyə getmiş sovet gəncləri ailələrinə ölü olaraq qayıdırdı.
Həmin dövrdə Əfqanıstana zorla aparılan 10 minə yaxın - 7500-dən çox azərbaycanlı iştirak edib. 208 azərbaycanlı sovet işğalçı siyasətinin qurbanına çevrilib, həlak olublar. 7 nəfər isə itkin düşüb və bu günə qədər də onlar haqqında heç bir məlumat yoxdu. 450 hərbçi evinə əlil kimi qayıdıb.

Yazar Rafiq Hunaltay araşdırmasıda yazır: 2015-ci il Nobel Ədəbiyyat mükafatı laureatı Svetlana Alekseyeviçin “Sink uşaqlar” kitabında Svetalana Alekseyeviçə ölkəsində məhkəmə işi açılmış, bütün dünyada kitab böyük səs-küyə səbəb olmuşdur. Müəllif bu kitabı yazmaq üçün 4 il araşdırma aparır, əfqanıstana uçur, orada olan və artıq SSRİ-yə qayıdan minlərlə hərbçi ilə söhbət edir.

Onlar yazıçı ilə söhbətdə bildirir ki, müharibəyə gedəndə ölkələrində sovet ideologiyasının qılıncının dalı da, qabağı da kəsirdi.

Onları inandırmışdılar ki, onlar orada “internasionalizm”ə xidmət edirlər. Qayıdanda isə ölkələrində adi insanların, medianın, ictimaiyyətin onları qatil, cəllad kimi görməsi psixologiyalarını tamamən pozur. Hətta bir zabit müəlliflə söhbətində deyir ki, “bütün əfqanıstan qurbanlarının məzarına bir daş qoyub üzərinə də belə yazmaq lazımdır – “hər şey boşuna idi”.

Yeri gəlmişkən, 1989-cu ilin 15 fevralında artıq Əfqanıstan sovet qoşunlarından  təmizlənsə də  may ayının 15-də sonuncu divoziyalarda oranı tərk etdi. Əfqanların hər il Milli Qurtuluş günü kimi qeyd etdikləri 15 fevral tarixində ölkədə istirahət günüdür.

P.S.Vaxtı ilə tərkibində əfqanlara qarşı döyüşən "Əfqanıstan veteranları"nın bir çoxu Qarabağda erməni və rus hərbi birləşmələrinə qarşı döyüşürlər. Müharibə görmüş, kifayət qədər peşakarlıq qazanmış "Əfqanıstan veteranları" Qarabağda öz peşəkarlıqları ilə düşmənə layiq olduğu cavabı verdi.


Əntiqə Rəşid