13 Avqust 2024 11:24
195
HADİSƏ

İsmayıllıda torpaq sürüşməsi olub - YENİLƏNİB

İsmayıllı rayonu Basqal kənd yolunda torpaq sürüşməsi baş verən əraziyə baxış keçirilib.

Adalet.az xəbər verir ki, İsmayıllı rayonu Basqal kənd icra nümayəndəsi Novruz Əsədov qeyd edilən hadisə ilə bağlı “Report”un yerli bürosuna açıqlamasında yolun mövcud vəziyyətindən xəbərdar olduqlarını bildirib.

Onun sözlərinə görə, İsmayıllı rayon 9 saylı Yol-İstismar İdarəsinin əməkdaşları torpaq sürüşməsi olan yola baxış keçiriblər və vəziyyəti qiymətləndiriblər.

İcra nümayəndəsi əlavə edib ki, yolda yaranan problem yaxın günlərdə aidiyyəti qurum tərəfindən aradan qaldırılacaq.

***

10:54

İsmayıllı rayonunun Basqal kəndindən keçən avtomobil yolunda torpaq sürüşməsi baş verib.

Adalet.az xəbər verir ki, hazırda avtomobillər torpaq sürüşməsinə məruz qalan yolun bir hissəsi ilə hərəkət edirlər.

Kənd sakinləri “Report”un əməkdaşına bildiriblər ki, Basqal yolunda torpaq sürüşməsi müntəzəm xarakter alsa da, bununla bağlı hələ ki ciddi tədbir görülmür.

Onlar qeyd ediblər ki, Basqal kəndi turistik zona olduğundan, bu vəziyyət əraziyə gələn qonaqlar üçün də müəyyən risk yaradır.