İsrail və HƏMAS Qəzzada atəşkəs sazişi bağlamağa yaxındır
İsrail hakimiyyəti və Fələstinin HƏMAS hərəkatı danışıqlarda irəliləyiş əldə edib və Qəzza zolağında atəşkəs sazişi bağlamağa yaxındır.
Adalet.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, anklavda atəşkəs indi son bir illə müqayisədə daha real perspektiv kimi görünür. Mənbələr qeyd edirlər ki, bu həftə İsrailin işçi qrupu danışıqlarda irəliləyiş fonunda sazişlə bağlı vasitəçilərlə əlaqələri bərpa etmək üçün Dohaya yollanıb. İsrail tərəfinin nikbinliyi müdafiə naziri İsrael Katzın dekabrın 16-da parlamentdəki çıxışında da öz əksini tapıb, belə ki, o, atəşkəsə nail olmağın heç vaxt olmadığı qədər yaxın olduğunu vurğulayıb.
Diaspor məsələləri üzrə nazir Amihay Şiklinin sözlərinə görə, HƏMAS-la bütün girovların azad edilməsini nəzərdə tutan razılaşmanın əldə edilməsi ehtimalı hələ də var, atəşkəs planının reallaşdırılması üzərində iş mərhələli şəkildə həyata keçiriləcək və buna ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın vəzifəsinin icrasına başlamasına qədər start veriləcək.
Birinci mərhələdə 51 yaşdan yuxarı girovlar, həmçinin qadınlar və müxtəlif xəstəlikləri olanlar HƏMAS-ın əsirliyindən azad edilməlidir. Bunun müqabilində İsrail yəhudi dövlətində cəza çəkən fələstinliləri əfv edəcək. Bu mərhələ həmçinin 6-7 həftəlik atəşkəs rejimini və davamlı atəşkəs barədə danışıqların başlamasını nəzərdə tutur. Bu müddət ərzində anklav sakinləri üçün humanitar yardım maşınlarının Qəzzaya buraxılmasına icazə veriləcək.