adalet.az header logo
  • Bakı -°C
19 Noyabr 2025 14:07
115
MƏDƏNİYYƏT
A- A+

İşsiz qalan "Ovçu Pirim": “Mən dilənçi deyiləm”

Biz onu Allahverdi Yolçuyevdən çox “Ovçu Pirim” kimi tanıyırıq. Uşaqlıq illərimizin  sevimli nağıl qəhrəmanı “Ovçu Pirim”. Ömrünün 50 ilini sənətə həsr edən aktyorun heç bir fəxri adı yoxdur. 

Adalet.az-a açıqlama verən aktyor Allahverdi Yolçuyev indiyə kimi fəxri ad ala bilməməsindən və hazırda işsiz qalmağından danışıb:
Aktyor aldığı təqaüdün həddindən artıq az olduğunu deyib:

“Dostumuz Nicat Kazımovun oğlunun toyuna hazırlaşıram. Dərman içmişəm, özümü normal hiss edirəm. Hazırda işləmirəm. Əlbəttə, insan işləyəndə özünü gümrah hiss edir. Düşünürəm ki, yenidən hər hansı bir teatrda fəaliyyət göstərə bilərəm. Axı mən aktyoram, sənətlə nəfəs alıram. 
Mədəniyyət naziri Adil Kərimli yeni nazir təyin olunan vaxt mənimlə. maraqlandı, hətta Qurban bayramında mənə sovqat da göndərmişdi. 
Mən 336 manat təqaüd alıram. Bu isə nəinki sosial qayğılarımı, heç dərmanlarımı ödəmir. Təxminən 5-6 ay olar ki, Mədəniyyət Nazirliyinin də diqqətindən kənardayam”. 

Hazırda işsiz qalan aktyor onu işlə təmin etməyən qurumlardan narazı olduğunu qeyd edib:

“Ömrümün 50 ilini sənətə həsr etmişəm. Heç Teatr Xadimləri İttifaqından da dəstək görmürəm Təkcə ad günümdə (avqust ayı) adi bir məktubla təbrik etdilər. Özümə qarşı belə diqqətsizlik görəndə ağlıma pis fikirlər gəlir. Xəstəliyim sinirlə bağlıdır axı. Çox çətin bir əməliyyat keçirmişəm. Sosial qayğılarımı qarşılamaq üçün dost- tanışlarım dəstək olurlar.  Bəzən qızım, nəvəm və kürəkənim kömək edirlər. Bu da təbii ki, müvəqqətidir. Mən yaşamaq üçün işləməliyəm. Teatrda son iş yerim Azərbaycan Dövlət Akademik Musiqili Teatrı olub. Yenə ora qayıtmaq istəyirəm. Bilmirəm ki, məni niyə yenidən doğma teatrda işlə təmin etmirlər.

İllər əvvəl həmin teatrdan işdən ayrılıb AzTv-yə gəldim. “Ovçu Pirim” və “Sevənlərə gül verin” proqramlarının aparıcısı oldum. Ora isə 2006-cı ildə Səhmdar Cəmiyyətə çevirildi. Həmin dönəmlərdə də işdə ixtisarlar başladı. Mən də həmin siyahıya daxil edildim. 

AzTv-dən ayrıldığım vaxtdan iş axtarıram. Çox adama ağız açdım, hamısı da söz verdilər, əməl etmədilər.

Fəxri adların verilən vaxtlarında heç bir fəxri ada layiq görülmədim. Olsaydı, o da mənə bu məqamda bir stimul idi. 

O zaman Mədəniyyət naziri Əbülfəz Qarayev idi. O da ümumiyyətlə, məni tanımırdı. Heç bilmirəm ki, o necə nazir idi, iş prinsipi nə idi…

Çətin vaxtlarımda Qənirə xanım Paşayeva mənə dəstək oldu. Allah ona rəhmət etsin. 

Həmkarlar İttifaqı ad günüm ərəfəsində (yayda) mənə 300 Azn hədiyyə etdilər.

“İki evim var, heç nəyə ehtiyacım yoxdur” fikrimə görə Həmkarlar İttifaqında irad tutdular ki, niyə elə demisən? Deyirəm ki, elə söz deməmişəm. Biri öz evimdir, biri anamın evi. Həmin evdə isə “Ovçu Pirim”in papağın, geyimin, tüfəngin saxlayıram. Onun portretlərini rəssam Vüsal mənə hədiyyə edib.

Mənim üçün bunun tarixi əhəmiyyəti böyükdür. İşsizlikdən həmin portertlərlə danışıram. 

Mən dilənçi deyiləm hər dəfə kimdənsə pul istəyim. Mənə konkret iş lazımdır. 

Yadınıza gəlirsə, corab satmağımı hər kəs danışırdı. Bu bir ironiya idi, sətiraltı mənsı var idi. Bununla həmkarlarıma demək istəyirdim ki, ay dostlar, aldığınız  400-500 manat  bir ay yaşamağınız üçün yetərli deyil. Hər şey gündən- günə bahalaşır. Çox çətin zamandır”.


Əntiqə Kərimzadə