adalet.az header logo
  • Bakı 12°C
05 Iyun 2023 11:21
1299
AVTOMABİL

İSTİ HAVALARIN ÇƏTİNLİYİ -  FAİQ QİSMƏTOĞLU yazır
 

Belə havalarda avtomobilləri idarə etmək bir qədər də mürəkkəbləşir

Hər fəslin öz çətinliyi var, yəni, həmin aylarda hava şəraiti ya mürəkkəb olur, ya tez-tez dəyişir, ya da yağış, qar yağır. Amma yay fəslində isə hamıya gün kimi aydındır ki, bəzən kəskin istilərdən belə çölə çıxmaq olmur, xüsusən də iyun, iyul və avqust aylarında respublika ərazisində havalar daha da isti keçir. Təbii ki, havaların isti keçdiyi aylarda və günlərdə avtomobilləri idarə etmək o qədər də asan deyil, xüsusən də kondisioner sistemi olmayan nəqliyyat vasitələrinin sükanı arxasında əyləşmək, 400-500 kilometr məsafə qət etmək isti havalarda daha çətindir.

Əlbəttə, sadalabığımız çətinlikləri və mövcud problemləri aradan qaldırmaq üçün Baş Dövlət Yol Polisi İdarəsi mütəmadi olaraq tədbirlər həyata keçirir, sürücülərin və hərəkət iştirakçılarının sağ-salamat mənzil başına çatması üçün qabaqlayıcı təbirlər görür. Artıq iyunun əvvəllərindən Yol Patrul Xidməti Alayının bütün tağımlarında profilaktik və maarifləndirici tədbirlər gerçəkləşdirilir. Heç kimə sirr deyil ki, yük və sərnişin daşıyan avtobusun sürücüləri bir çox halda isti havalarda belə kondisionersiz avtomobillərin sükanı arxasında əyləşir, üstəlik də 16-17 saat sükan arxasında olurlar. Heç şübhəsiz belə bir şəraitdə nəqliyyat vasitəsini idarə etmək hər an təhlükədir və qəza şəraiti yaranır.

Buna görə də Yol Patrul Xidməti Alayının bütün tağımlarının stansionar postlarında isti hava şəraitində sürcülərin yorulanda qısamüddətli istirahət etməsi və əl-üzlərini soyuq su ilə yuması üçün hər cür şərait yaradılıb. Eyni zamanda avtomobil yollarında xidmət aparan yol polisi əməkdaşları həmin sürücüləri saxlayaraq məsləhət verir və yoruldqda stasionar postda dincəlmələrini və əl-üzlərini soyuq ilə yumalarını tövsiyyə edir.

Yol Patrul Xidməti Alayının 12-ci tağımının əməkdaşları Bəhramtəpə-Horadiz avtomobil yolunda xidmət aparırlar. Hamıya yaxşı məlumdur ki, Füzuli, Şuşa, Cəbrayıl, Qubadlı, Zəngilan və Laçın işğaldan azad olunandan sonra bu istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin sayı dəfələrlə artıb. Aydındır ki, nəqliyyat vasitələrinin sayının çoxalması yollarda sıxlığı artırır və eyni zamanda qəza şəraiti yaradır. Ona görə 12-ci tağımın əməkdaşları qabaqlayıcı tədbirlər görür, hərəkətin təhlükəli olduğu yerlərə əlavə naryadlar göndərilir. Bu da ona görə edilir ki, sürücülər maariflənsin və onları gözləyən təhlükədən xilas olsun. 12-ci tağımın stasionar postunda yay mövsümünə keçidlə əlaqədar olaraq əlverişli şərait yaradılıb. Burada sürücülərin avtomobili saxlayaraq dincəlməsi üçün unikal şərait mövcuddur. 12-ci tağımın komandiri, polis kapitanı Namiq Əziziov çox peşəkar, savadlı və vətənpərvər bir polis zabitdir. O, deyir ki, hərəkətin yay vaxtı təhlükəsizliyi təmin etmək üçün rəhbərliyin bizim qarşımızda qoyduğu bütün vəzifələri vaxtında yerinə yetiririk. Üstəlik də kondisioner sistemi olmayan yük və sərnişin daşıyan avtobusların sürücülərinin yuxulayıb qəza törətməməsi üçün mütəmadi olaraq onlarla əməkdaşlarımış maarifləndirici söhbətlər edir. Və hətta dəfələrlə xəstələnib çətin vəziyyətdə olan sürücüyə və sərnişinə əməkdaşlarımız ilkin yardım göstərib, sonra isə onları xəstəxanaya aparıblar. Bax belə, insani münasibətlər yol polisini hərəkat iştirakçılarına sevdirir və bizim aramızda səmimi münasibət yaranır. Onu da qeyd edim ki, son vaxtlar həyata keçirilmiş təhlükəsizlik tədbirləri nəticəsində xidmət etdiyimiz Bəhramtəpə-Horadiz avtomobil yolunda ağır qəzaların sayı azalıb. Amma bu bizi qətiyyən arxayınlaşdırmır, əksinə məsuliyyət hissimizi artırır və maksimum səviyyədə çalışırıq ki, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını alaq.

Yol Patrul Xidməti Alayının 7-ci tağımının əməkdaşları da yay mövsümü ilə əlaqədar hərəkətin təhlükəsizliyi üçün qabaqlayıcı tədbirlər həyata keçirir. Belə ki, tağımın Nəvaidəki stasionar postunda hər cür şərait var və sürücülər burada avtomobilləri saxlayıb, yolurlarkən dincəlmək və əl-üzlərini soyuq su ilə yumaq imkanına malikdir. Üstəlik də tağım komandiri, polis mayoru Mərdan Mehdiyev hər səhər növbə qəbul edilərkən əməkdaşalara rəhbərliyin onların qarşısında qoyduğu vəzifələri çatdırır və tövsiyyə edir ki, sürücülərə və hərəkət iştirakçılarına çətin vəziyyətdə olarkən lazımi köməklik göstərsinlər. Bu tağımın xidmət apardığı yolda mütəmadi olaraq yük dayışan, sərnişin daşıyan və eləcə də digər nəqliyyat vasitələrinin sürücülərinə daim diqqət göstərilir, onlara bildirilir ki, yuxulu halda sükan arxasında əyləşməsinlər. Çünki bu, onların həyatı üçün böyük təhlükədir. Bir sözlə, 7-ct tağımın əməkdaşları isti yay günlərində öz üzərlərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirir və hərəkət iştirakçıları ilə çox mədəni, sivil qaydada davranırlar.

Baş Dövlət Yol Polis İdarsinin ictimaiyyətlə əlaqələr şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli yay mövsümü ilə əlaqədar görülmüş və görüləcək tədbirlərdən danışdı. Cənab kapitan dedi ki, Yol Patrul Xidməti Alayının bütün tağımlarına stasionar postlarında isti havalarda sürücülərin dincəlməsi və istirahət etməsi üçün bütün şərait təşkil edilib. Xüsusən də, sutka ərzində 15-16 saat sükan arxasında əyləşən və kondisioner sistemi olmayan nəqliyyat vasitələrinin sahibləri bu şəraitdən istifadə etməlidirlər. Kondistonersiz avtomobillə sürücülər çalışıb isti havalarda uzaq məsafə qət etməməlidirlər. Hətta onlar avtomobil yolunun stasionar postu olmayan yerində belə çətinliklə üzləşsələr həmin yolda xidmət aparan yol patrul xidməti maşınlarına yaxınlaşıb əməkdaşlarımızdan kömək istəyə bilərlər. Əgər sürücü və hərəkət iştirakçısı xəstələnibsə və çətin vəziyyətdədirsə, əməkdaşlarımız onlara operativ kömək göstərəcək və lazım olsa, xəstəxanaya çatdıracaqlar. Bir sözlə, isti havalarda bütün nəqliyyat vasitələrinin sürücüləri diqqətli olmalı, yuxulayarkən avtomobili saxlamalı və dincəlməlidir.

Göründüyü kimi, isti havalarla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının bütün tağımlarında təhlükəsizlik tədbirləri davamlı olaraq həyata keçirilir. Bircə qalır sürücülərin və hərəkət iştirakçılarının bu qaydalara əməl etmələrinə. Çünki onlar yol polisinin tövsiyyələrini yerinə yetirsələr, dinləsələr, sükan arxasmında yuxulayıb ağır qəzalar törətməz və faciəli anlar yaşamzlar.