adalet.az header logo
  • Bakı -°C
01 Noyabr 2026 13:26
75
HADİSƏ
A- A+

Jurnalistə xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb - VİDEO + YENİLƏNİB

Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran “APA Group”un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi başlanılıb, istintaq gedir.

***

Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran “APA Group”un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumatda bildirilib ki, araşdırmalarla müəyyən edilib ki, həmin obyektdə mühafizəçi vəzifəsində çalışan Heydər Sərdarov “APA Group”un əməkdaşına müxtəlif dərəcəli xəsarətlər yetirib, onun peşə fəaliyyətini həyata keçirməsinə mane olub.

Polis tərəfindən müvafiq tədbirlər görülüb, hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır, xəsarətlərin dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

XXX
12:12

APA TV-nin əməkdaşı Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş güclü yanğın hadisəsini işıqlandırarkən hücuma məruz qalıb.

Adalet.az apa-ya istinadla xəbər verir ki, oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş yanğını işıqlandırmaq üçün hadisə yerinə ezam olunmuş APA TV-nin müxbiri Sənan Bəhrəmliyə qarşı zorakılıq edilib.

Peşə fəaliyyətini yerinə yetirən jurnalistə özünü mühafizəçi kimi təqdim edən şəxs hücum edib.

Əvvəlcə şəxsiyyətini açıqlamaqdan imtina edən həmin şəxs Sənan Bəhrəmliyə fiziki xəsarət yetirib, onu ağır söyüşlərlə təhqir edib və APA TV-yə məxsus texniki avadanlığa zərər vurub.

Sonradan APA TV tərəfindən aparılan dəqiqləşdirmə nəticəsində jurnalistə hücum edən şəxsin Heydər Sərdarov olduğu müəyyənləşdirilib.

Hadisə yerində olan polis əməkdaşlarının müdaxiləsi nəticəsində H. Sərdarov ərazidən uzaqlaşdırılıb.

Polis hadisə ilə bağlı Sənan Bəhrəmlidən ilkin ifadə alıb.