adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Yanvar 2023 12:12
1757
MƏMLƏKƏT

Kəllə qənd

Əvvəllər bütün qəndlərin ən yaxşısı kəllə qənd hesab olunurdu. Onu da burda yox, İrandan gətirirdilər. Elə ona görə də keyfiyyətli idi. Sonradan ölkəmizdə də bütün qəndlər kimi kəllə qəndin də istehsalına başlandı və onu elə günə qoydular ki, əvvəlki qənddən də keyfiyyətsiz hala düşdü. İndi hansı marketdən, mağazadan o qənddən alırsan, heç bir dadı, ləzzəti yoxdur.

Özü də zarafat deyil ey, baha qiymətə!

Ümumiyyətlə, bizdə qənd istehsalında çox bərbad bir vəziyyət yaranıb. Maraq və pul naminə hər yerindən duran qənd istehsal edir. Amma o qənddən alırsan, istifadə edirsən, görürsən ki, qənd qənd tamı vermir. Ona görə də bir çox insanlar mağazada və dükanda satılan qəndlərdən imtina edərək şəkər tozu alır və evdə onu bişirib qənd halına salırlar. Deyirlər ki, bizim şəkər tozundan düzəltdiyimiz qənd mağazalarda satılan kəllə qənddən və digər qəndlərdən daha dadlıdır.

Qida Təhlükəsizliyi Agentliyi bu məsələləri diqqətdə saxlamalı, keyfiyyətsiz qənd istehsalçılarını məsuliyyətə cəlb etməlidir. Amma görünür məlum qurum bu sahədə zəif fəaliyyət göstərir, istehlakçıların hüquqlarını qoruya bilmir və bəzi istehsalçılarla mübarizə aparmaqda çətinlik çəkir.

Emil FAİQOĞLU