adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Noyabr 2022 11:29
1033
ƏDƏBİYYAT

Kərim Türkanlının şeirləri

O Əlidir

 

İmam Əliyə ( ə.s.) ithaf edilir

 

Əlidir mötəbər İnsan,

Ona canım ola qurban,

Əlidir rahi-hidayət,

Əlidir məktəbi-qeyrət,

Məqamı ali məqamdır,

Mənim O şahım ağamdır,

Əli çox alicənabdır,

Onu zikr eylə, savabdır.

Əsədullah əl-qalib,

Əli ibni Əbu Talib,

Adı gör bir nə gözəldir,

Əməli saleh əməldir.

Rəsulullah dedi: qəlbən,

Mən Əlidən, Əli məndən,

Nə gözəl eyləyib izah,

Əli üçün o (vaxt) Allah,

O şərif Kəbəni bölmüş,

Həyata Kəbədə gəlmiş.

Ol ümüdgahım Əlinin,

Anası şahım Əlinin,

Fatimə binti Əsəddir,

Ona Allahda bələddir,

Xanımı Ümmü-Əbiha,

Ona heyrandır bu dünya.

Əlini dərk elə kimdir,

Əli Qurani Kərimdir.

 

G E T D İ

 

Gülüzlü dilbərim süzgün baxışlarla baxıb getdi,

O şəhla gözlüyə baxdığda gözdən qan axıb getdi.

* * * * *

Dedim bəlkə gələr rəhmə atar zalımlığın daşın,

Nə zalımmış bu nazəndə, könül mülkün yıxıb getdi.

* * * * *

Nola rəhm eylə ey yarım, məni incitmə onsuzda,

Bu dünyadan çox aşiqlər küsüb nakam çıxıb getdi.

* * * * *

Ölüm halımda yar gəldi pərişan halıma baxdı

Sıxılmış canımı görcək dişin dişnə sıxıb getdi

* * * * *

Buyurdu həsrət əyyamı,Kərim firqətdən ah etdi,

Təlatümlü kədər qalxdı,fəzalardan çaxıb getdi.

 

***

 

Mən etiraf edim gərək məhəbbətin səfası var,

Səfası var onun əgər demək böyük cəfası var.

 

Günah eyliyib əzab çəkir dəmadəm, aşiqin

Narazı qalmasın gərək günahların cəzası var.

 

Sənə bu misli olmuyan gözəlliyi xuda verib,

Nəzarət eylə gör gülüm kimin belə xudası var.

 

Bu yari bivəfaya hərgah ey vəfalı söyləyən,

Gəl insaf eylə birdə bax onun məgər vəfası var.

 

Nədəndi eşqi sevgidən yazır Kərim deyənlərə

De sevgidəndə hər qəzəldə eşqimin əsası var

 

SEVİRƏM SƏNİ

 

Bilirsən nə qədər sevirəm səni?

Dünya fanidir, dünya qədər yox,

Məcnun qədər yox leyla qədər yox

Ucsuz bucaqsız səhra qədər yox,

Deyinmi nəqədər sevirəm səni ?

Ana körpəsini sevdiyi qədər,

Allah bəndəsini sevdiyi qədər

Sevirəm səni,

O qədər çox sevirəm səni ki

Bəlkə də o qədər Məcnun sevməyib

Bəlkə də o qədər Leyla sevməyib

Bəlkə də o qədər heç kəs sevməyib

Canımdan çox özümdən çox

Sevirəm səni