“Konqresmenlərin bizə qərəzi ABŞ ermənilərinin seçkilərdəki "səs"indən qaynaqlanır"- Siyasi ekspertlə MÜSAHİBƏ
Xəbər verdiyimiz kimi, ABŞ-ın 66 konqresmeni Nümayəndələr Palatasının Təxsisatlar Komitəsini Qarabağdan köçən ermənilərə 200 milyon dollar ayırmağa, ABŞ-ın Ermənistana hərbi yardımını artırmağa, Azərbaycana bütün hərbi və təhlükəsizlik təxsisatlarını dayandırmağa və azərbaycanlı “hərbi cinayətkarlara” qarşı sanksiyaların tətbiqini araşdırmağa çağırıb.
Bu qərəzli çağırışın Azərbaycana təsirləri cəmiyyəti maraqlandırır...
Adalet.az-ın suallarını siyasi ekspert Müşfiq Abdulla cavablandırır.
- Müşfiq müəllim, bu çağırış cəmiyyətimizi dərindən narahat edir, ABŞ konqresmenləri bununla nə demək istəyir?
-Biz ilk dəfə deyil ki, ABŞ-ın Azərbaycana qarşı qərəzinin şahidi oluruq. ABŞ-ın 66 konqresmeni Nümayəndələr Palatasının Təsisatlar Komitəsinə Qarabağdan köçən ermənilərə 200 milyon dollar ayırılması, Ermənistana hərbi yardımını artırılması üçün müraciət etməsi də əslində bir qərəzdir. Öz yurdunu işğalçılardan azad edən Azərbaycan xalqına qarşı ikiüzlü siyasətdir. Konqres üzvləri Azərbaycana bütün hərbi və təhlükəsizlik təxsisatlarını dayandırmağa və “hərbi cinayətkarlar” adı altında Azərbaycan Ordusunun yüksək rütbəli zabitlərinə sanksiyaların tətbiqini araşdırmağa çağırıb.
İctimaiyyətimiz bilir, aprelin ayın 27-də ABŞ qanunvericilərinin ikipartiyalı qrupu Azərbaycanın yüksək vəzifəli məmurlarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini təqdim edib. Sənədin müəllifləri erməni lobbisinə bağlı konqresmenlər Dina Titus və Qas Bilirakisdir. Bu, Azərbaycana qarşı sanksiyalar haqqında ilk qanun layihəsidir. Sənədə Konqresin 21 üzvü də qoşulub. Qanun layihəsi Bayden administrasiyasından Qlobal Maqnitski Qanunu və ABŞ-ın digər qanunlarına uyğun olaraq 180 gün ərzində 44 məmura qarşı sanksiyalar barədə qərar qəbul etməyi tələb edəcək. Bəli, qərəzli çağırışın Azərbaycana təsirləri ola biləcəyi ilə bağlı cəmiyyətdə ciddi narahatlıq yaşanır.
- Siz necə düşünürsünüz, ABŞ konqresmenləri nəyə nail ola bilərlər?
-Düzü, 30 il davam edən işğal zamanı hər il ABŞ tərəfindən separatçılara maliyyə və hərtərəfli yardım göstərilməsi bir daha sübut edir ki, ABŞ konqresmenlərində türk toplumuna qarşı bir qıcıq hissi var.1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa dəstək haqqında akt”ına əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən “907-ci düzəliş”i qəbul edildi. “907-ci düzəliş” 2002-ci ildən bəri ABŞ prezidenti tərəfindən hər il dayandırılır. Artıq Azərbaycanla Ermənistan arsında münaqişənin demək olar ki, aradan qalxmasına baxmayaraq, təəssüflər olsun ki, Konqres həmin sanksiyanı ləğv etmir. ABŞ Senatı “2023-cü il Ermənistan Müdafiə Aktı”nı qəbul edib.
Sənəd “Azadlığa Dəstək Aktı”na “907-ci düzəliş”dən imtinanı, başqa sözlə, Azərbaycana hərbi yardımın qadağan olunmasını nəzərdə tutur. Sənəd, digər məsələlərlə yanaşı, Ermənistana xaricdən hərbi məqsədlərlə maliyyənin ayrılmasına icazə verir. Hazırda Rusiyadan uzaqlaşaraq Qərbin təhlükəsizlik sisteminə qoşulmağa çalışan Ermənistan rəhbərliyi bu məqsədlə ABŞ-ın maliyyə və hərbi dəstəyini qazanmağa çalışır. Bu da öz növbəsində, bölgədə gərginliyin artıracaq amildir.
-Axı, regionda gərginlik yaratmaq ABŞ konqresmenlərinin nəyinə lazımdır?
-ABŞ konqresmenlərinin Azərbaycana qarşı sanksiyalar tətbiq etmək çağırışına gəlincə, onların belə qərəzli mövqeyi gözlənilən idi. Çünki noyabr ayında ABŞ-da həm prezident, həm də konqresə seçkilər keçiriləcək. Erməni diasporunun səslərini əldə etməyə çalışan namizədlər, xüsusilə də Demokratlar Partiyasının nümayəndələri siyasi uğur qazanmağın yolunu Azərbaycana qarşı kəskin çağırışlar etməkdə görür. Biz bunu 2022-ci ilin sentyabr ayında ABŞ Nümayəndələr Palatasının sabiq sədri Nensi Pelosi və bir qrup ermənipərəst konqresmenin İrəvana səfəri zamanı da gördük.
Həmin səfər zamanı Azərbaycana və Türkiyəyə qarşı səslənən sərt bəyanatlar ermənilərin maliyyə dəstəyini və səslərini əldə etməyə hesablanmışdı. Bundan həvəslənən ermənilər isə ABŞ-ın Azərbaycanı cəzalandıracağını düşünrdü. Ancaq bunların heç biri baş vermədi. Ermənilərdən istifadə edən demokratlar seçkidən sonra erməniləri də unutdular.
- Aydındır, ermənilər Qafqaza gələn gündən Rusiyanın, indi isə ABŞ-ın maşası olurlar. Ümumiyyətlər, Ermənistan “maşa” olmaqdan heç vaxt çəkinməyib...
-İndi növbəti seçki ili olduğuna görə, Azərbaycana qarşı düşmənçilik çağırışları, erməni sevgisi yenidən günədəm gəlib. Lakin Nümayəndələr Palatasına təqdim olunan sənədin qəbul ediləcəyini düşünmürəm. Qarabağdan köçən ermənilərə maliyyə yardımının ayrılması mümkün olsa da Azərbaycana qarşı qadağaların tətbiqini real hesab etmirəm. Çünki həmin sənədin qəbulu üçün ən azı 222 konqresmenin səsi lazımdır. Hazırda isə bu təşəbbüsə qoşulanların sayı 66 nəfərdir.
Üstəlik, mövcud vəziyyətdə Azərbaycana qarşı sanksiyaların tətbiqi ABŞ-ın sülh təşəbbüslərinə ciddi zərbə vura bilər. Azərbaycanla Ermənistan arasında işğal altımndakə kəndlərin qaytarılması və sərhədlərin müəyyənləşməsi istiqamətində birbaşa razılaşmaların əldə olunduğu və tərəflərin sülhə yaxınlaşdığı bir vaxtda ABŞ Konresinin belə bir addım atması sülh prosesinə ziddir. Bu isə Ermənistanda Paşinyanı devirməyə çalışan müharibə tərəfdarlarının maraqlarına uyğundur.
Paşinyanın hakimiyyətdən getməsi isə Rusiyanın regiondakı mövqelərini möhkəmlədə bilər. Ona görə də, Ermənistanda hakimiyyət dəyişikliyini istəməyən ABŞ-ın qeyd edilən sənədin qəbuluna razılıq verməyəcəyini ümid edirəm. Çünki Konqresin sanksiyalar qərarıVaşinqtonun sülh platformasının iflasa uğraması ilə yanaşı, həmçinin Azərbaycanın Rusiya ilə yaxınlaşmasına gətirib çıxara bilər. Bu da Rusiyanın Cənubi Qafqazda geosiyasi mövqelərini zəiflətməyə çalışan Qərbin planlarının pozulması deməkdir. Bu səbəbdən, ermənilərin növbəti arzusunun məyusluqla başa çatacağını gözləyirəm”.
- Ətraflı məlumata görə, təşəkkür edirik.
Söhbətləşdi : Əntiqə Rəşid