Krasnodardan gələn məktub

Son zamanların trendində qısa Tik-Tok süjetləri dəbdə olsa da, 1-2 saatlıq filmlər, tamaşalar, klassik nümunələr zövqə görə tamaşaçıların seçimində öz yerini tutur. Mən də yaydan bəri gözlədiyim bir filmi dünən izləyə bildim, bu da Məcid ağa Şəkibəyov haqqında olan “Şah ölüm” filmi idi.
Film Zəka Vilayətoğlunun ssenarisi və iştirakı ilə çəkilən bir tarix-bədii-sənədli ekran işidir. Zəka dostumun bu növbəti yaradıcılıq uğuru məni çox sevindirdi, film haqqında fikrimi bölüşmək istədim. Təsadüfi deyil ki, Zəka Vilayətoğlunu sadəcə təqdimatsız adı ilə yazdım, çünki əsil sənət adamı olaraq Zəka bəy həm şair, həm yazıçı, həm bəstəkar, həm müğənni kimi Azərbaycan mədəniyyətində öz yerini bildirmiş bir ustadır.
Bu filmdə də onun bir aktyor kimi məziyyətləri üzə çıxdı, bilavasitə Məcid ağa rolu belə desək, elə bil boyuna biçilmişdi. Məcid ağanın nəslindən olan bir törəməsi kimi, həm fiziki görünüşcə, həm də ruh daşıyıcısı kimi daxilən yaratdı bu obrazı Zəka bəy.
Məcid ağa təkcə o dövrdə bir bəy olaraq mal-mülk sahibi, bir dövlət xadimi olaraq mənsəb sahibi, bir el ağsaqqalı kimi hörmət sahibi olsa da, həm də bir seminariya məzunu olaraq elm-kamal sahibi idi. Amma nə mal-mülkə, nə şöhrətə, nə vəzifəyə bağlanmayaraq Vətənində ya azad yaşamağa, ya da Şah ölümə üstünlük verən əsil ziyalılığını göstərdi. Filmin leytmotivindən süzülən Vətən sevgisi, o uca dağların, sıx meşələrin, şır-şır bulaqların, axar çayların aşiqliyi Zəkanın Məcid ağasının hər hüceyrəsindən süzülür. Xüsusən gözlərdən görünən o Vətən sevgisi, yurd aşiqliyi bizə “Bu Məcid ağa idi” deyir.
Film qısa müddətdə çəkilsə də, hiss etdiyim kimi, Zəka bəyin ömür boyu ruhunda gəzdiridiyi əcdadının duyğularını verə bildi. Bu filmi seyr edərək biz Məcid ağa ilə yaşadıq, onun yurda bağlılığını duya bildik. Bu ideya tam mənasında filmdən axdı gəldi, başımızdan girib ruhumuza doldu. Zəka bəyin Məcid ağa obrazı əslində bizə obraz kimi yox, Məcid ağanım özü kimi yanımıza gəldi. Atın belində ağayana duruş, mərdanə baxış, qəzəblənən zaman çatılan qaş, amma daim qayğı və təəssübkeşliklə dolu gözlər – bu Məcid ağa idi.
Filmdəki mahnı da, musiqisi və sözləri ilə Məcid ağanın ruhuna layiq bir oda kimi səsləndi. Zəka Vilayətoğluna yeni yaradıcılıq uğurları diləyirəm, əminəm ki, dostumuz bizi yeni əsərləri ilə sevindirəcək.
Ülvi Hüseyn, həkim RF, Krasnodar vilayəti