02 Iyul 2024 10:34
596
MƏDƏNİYYƏT

Laçının Məcnunu...  

Bu gün Əməkdar artist Məhəbbət Kazımovun doğum günüdür.


O Məhəbbət Kazımov ki, gözünü bu həyata yumana qədər təkcə oxumadı, doğulduğu, uşaqlığı keçdiyi, gəncliyinə qədəm qoyduğu  yurda “Laçın “deyib nalə çəkdi, ağı dedi, haray saldı. Elə bir ürəyinə dammışdı ki, bu dünyadan əlləri Laçına uzanıqlı gedəcəkdi.
Müğənninin “Laçınım” deyərkən necə korun-korun yandığını ilk misrada dinlədikcə onunla birlikdə yanmamaq mümkün deyildi, heç indi də özünə təsəlli verə bilmirsən...O yanğı adamı xoşbəxt anında da yaxalayanda xoşbəxtlik göyə çəkilir.

İndi düşünürəm, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl, Kəlbəcər və digər köçkün rayonların sakini olmuş onlarla Xalq artisti, Əməkdar artist adı almış, yüzlərlə “ad”sız müğənniləri, xanəndələri vardı. Amma heç biri Məhəbbət Kazımov ola bilmədi, onun kimi həm özünü, həm dinləyicisini , həm yeri-göyü yandırıb qovura bilmədi. Təəssüf ki, uzun köçkünlük illərində ikinci bir “Məhəbbət”ə rast gəlmədik.
“Laçınım” yarandığı gündən bir mahnı olmadı, bir himn, bir çağırış, bir rekviyem oldu.

Çünki Məhəbbət Kazımov onu oxumurdu...Nalə çəkirdi, ağı deyirdi, həsrətini, kədərini,qəhərini hayqırırdı. Mahnının sədaları ətrafa yayılanda gözüm qarşısında belə bir mənzərə görünürdü. Köçkünlər sıra ilə boz torpağın üstündə bardaş qurub sinələrinə, dizlərinə”şaxsey” vurur, boz torpağı ovuclayıb başlarına tökür, göz yaşları sel olub yanaqlarından axır... Özüm də kövrəlirdim... indi də mahnının sədaları altında bu yazını yazdığım anda yenə kövrəlirəm, gözlərim dolur.

Yana-yana ömrü əbədi şama dönən əməkdar artistin ruhu şaddır. Artıq 2 il əvvəl fotosu Laçının Çorman kəndində asılıb. Elə ruhu da o dağlarda qartal kimi cövlan etdiyinə şübhəm yoxdur. Çünki torpağa gömülən Məhəbbət Kazımovun yalnız nəşi idi. Vətənə vurğun, Vətənə valeh, Vətənə məcnun Ruhu azaddır, xoşbəxtdir!Doğum günün mübarək təkrarsız müğənni, təkrarasız məcnun!

Nə yaxşı ki, var olmusan!

Əsl adı Möhübbət Allahverdi oğlu Kazımov 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi təsərrüffatla məşğul olub. Anası Südabə isə evdar xanım olubdur. Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıbdır. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilib. Musiqi təhsili alması üçün qohum-tanışların təkidi ilə 1974-cü ildə Bakı şəhərinə gedib. Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olub. İlk muğam dərslərini Nəriman Əliyevdən almış, sonradan Ağaxan Abdullayevin sinifində oxuyub.
1976-cı ildən professional səhnədə çıxış edirdi. “Dan Ulduzu” ansamblının solisti olmuşdur. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər verib. Bir çox xarici ölkələrdə, Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və başqa ölkələrdə qastrol səfərlərində olubdur. Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox tanınmış mahnı və muğamlar oxuyubdur. Ən çox sevilən mahnılarından biri də “Laçınım” mahnısıdır. 14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artist” fəxri adına layiq görülüb.
1990-cı ildə ailə həyatı qurub, üç övlad atası idi
27 yanvar 2014-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. Xırdalan qəbiristanlığında dəfn olunub.
Məhəbbət Kazımov vəfat edənə qədər “Laçın” instirumental ansambılının rəhbəri olub.


Ruhu daima şad, məkanı cənnət olsun!


Əntiqə Rəşid