19 Iyul 2024 09:00
159
LAYİHƏ

Laçının uzaqdan görünən dağları...

...Bəzən dərdə nəinki insan, heç daş da, dəmir də, dağ da dözmür. Çünki dərd elə bir şeydir ki, Allahın yaratdığı nə varsa, ondan heç vaxt uzaq düşmür. Kefinin kök vaxtı bir də görürsən ki, dərd səni yaxaladı və qalırsan canınla əlləşə-əlləşə. Bax belə bir dərd də düz 30 il bundan əvvəl Azərbaycan xalqını, Azərbaycan torpağını yaxaladı. Erəməni faşistləri 1992-ci ildən Qarabağın əksər rayonlarını, şəhərlərini, qəsəbələrini, kəndlərini işğal elədilər. Və onlar torpağı işğal eləməklə də kifayətlənmədilər. Yerin altında və üstündə nə vardısa hamısını yağmalayıb apardılar. Apara bilmədilərini od vurub yandırdılar. Evlərin, binaların damlarını, tavanlarını, döşəmələrini, qapı-pəncərələrini söküb apardılar. Heç bir müharibədə olmayan vəhşiliyi göstərdilər. 

Düz 30 il onlar işğal elədikləri Azərbaycan torpağını altını üstünə çevirdilər. Amma hər şeyin bir sonu olduğu kimi, onların da işğalının bitdiyi bir məqam var idi. Artıq o məqam yetişmişdi. 2020-ci ilin sentyabrın əvvəllərindən davamlı olaraq ermənilər işğal etdikləri Qarabağ torpağından nəzarətimizdə olan olan yaşayış məntəqələrini atəşə tutmağa başladılar. Və bu atəş günlərlə davam etdi. Axırda bu xalqın səbir kasası doldu, Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə Azərbaycan ordusu əks hücuma keçdi. 44 günlük İkinci Qarabağ savaşında ordumuz işğal altında olan Cəbrayılı, Hadrutu, Füzulini, Qubadlını, Zəngilanı, Şuşanı azad elədi. Bu qələbədən sonra ermənilər məcbur olub təslim aktına – yəni 10 noyabr bəyannaməsinə imza atdılar və öhdəlik götürdülər ki, bir neçə ayın ərzində Ağdamı, Laçını və Kəlbəcəri boşaldacaqlar. Verilmiş müddət başa çatandan sonra erməni qoşunları həmin ərazidən çıxmağa başladılar. Ancaq yenə alçaqlıqlarından və vəhşiliklərindən əl çəkmədilər. Ordu torpaqlarımızdan çıxarkən meşələrə od vurdu, uzun müddət yaşadıqları evləri yandırdılar. 

Azərbaycan ordusu isə öz üzərinə düşən vəzifəni şərəflə yerinə yetirdi. 2023-cü il sentyabrın 19-u və 20-də Qarabağın Xankəndi, Xocavənd, Xocalı, Əskəran və digər yaşayış məntəqələri anti-terror əməliyyatı zamanı ermənilərdən tamamilə təmizləndi. Və  bundan sonra azad olunmuş rayonlarda abadlıq-quruculuq işləri başlandı. Bu tikinti işləri Laçında da geniş vüsət aldı. Qısa zaman kəsiyində şəhərə işıq, qaz, su xətti çəkildi. Asfalt yollar salındı. Bir sözlə, bütün infrastruktur əsaslı surətdə yenidən quruldu. Bütün böyük tikinti işlərindən sonra artı Laçına köç başladı. 

Bilmirik, siz Laçında olubsunuz, ya yox?! Ammam Laçında olmaq özü də böyük bir xoşbəxtlik və gözəllikdir. Çünki Laçın şəhəri sovet dönəminkindən də möhtəşəm və ecazkardır. Burda köhnə binalar bərpa edilməklə, yeni mənzillər və sosial obyektlər inşa edilib. Laçın şəhərinə köçmüş bir neçə sakinlə söhbət edirik. Onlardan biri Əşrəf Əliyevdir. O, Əşrəf Əliyev ki, düz 30 il Vətən həsrəti ilə yaşayıb və 30 ildən sonra öz doğma yurdu – Laçına qayıdıb. Özü də tək qayıtşmayıb ha. Övladları və nəvələri ilə geri dönüb. Əşrəf müəllim bizi yeni köçdükləri çox gözəl və yaraşıqlı mənzilə apardı. İçəri girdik və içəri girəndə bizi onun ailə üzvləri gülər üzlə qarşılayır. Oğlu və nəvəsi deyir ki, müəllim, bu axşam çox rahat yatmışıq. Heç yerdə tapmadığımız rahatlığı öz dədə-baba yurdumuzda gördük. Evin ağsaqqalı Əşrəf müəllim isə deyir ki, mən heç, bu uşaqlar Laçına gələndə elə bil ki, Cənnətə gedirdilər. Çünki çox vaxt Laçını biz yuxumuzda görürdük. Sözün açığı əlimizi hər şeydən üzmüşdük. Oğlumun birinin imkanı daha yaxşıdır və Bakının mərkəzində də 5 otaqlı mənzili var. Mənə deyir ki, qayıt gəl şəhərə. Mən də dillənirəm ki, ay oğul, o evlər sağlığınıza qismət, mən burdan gözəl yer tanımıram. Şükür Allaha, yüksək təqaüd alıram və burda da rahat dolanıram. İstəsəm işdə taparam e, amma ona ehtiyacım yoxdur. Laçının təmiz havası, gözəl təbiəti, saf bulaq suyu nəyə desən dəyər. Heç buranı qoyub, Bakıya getmək olar? 

Nəsib Həsənov da Laçına köçənlərdən biridir. Görürük ki, sevincindən kefi ala buluddan nəm çəkir və gözləri gülür. Laçına gedəndə o gözlər dolmuşdu və o gözlərdə əbədi bir kədər vardı. İndi o kədərin yerini vüsal tutub. Nəsib kişi deyir ki, əvvəllər çoxlu mal-qoyunumuz olub. Çünki bizim kənddə də evimiz var idi, şəhərdə də. O vaxt qoyunlarımızın çoxunu apara bilmədik və qoyub getdik. Hər şey Allahdan asılıdır. Çünki biz ümid etmirdik ki, bu tezliklə Laçına dönərik. Deməli, hər şeyi quran və yaradan Allahdır. Ali Baş Komandan, Prezident İlham Əliyevin və Azərbaycan ordusunun köməkliyilə Laçın azad olundu və biz də doğma Vətənimizə qayıtdıq. Biz Laçının dağlarını Füzilinin kəndlərində olarkən görüb kədərlənirdik. Çünki o dağlar uzaqdan da görünürdü. Uzaqdan görünən o dağlara həsrətlə baxıb kövrəlirdik. İndi isə artıq Laçın da, o dağlar da, o buz bulaqlar da, sərin meşələr də, gülli-çiçəkli ormanlar da bizimdir. Gör necə xoşbəxt insanlarıq ki, o güllərin, çiçəklərin ətri bizi yenidən sevindirib və bu yurd yeri hamımızı öz qoynuna alıb. Vətənə dönməkdən böyük xoşbəxtlik yoxdur. Biz hamımız and içmişdik ki, Laçın alınsın, maşından yerə düşəndə dizin-dizin sürünüb o torpaqdan öpəcəyik. Elə Laçına qayıdanların hamısı, içi mən qarışıq maşından düşən kimi əhdimizi yerinə yetirdik və ürəyimiz sakitləşdi. 
Əlbəttə, biz Laçında olarkən kiminlə söhbət etdiksə, onların sevincinin, şadlığının şahidi olduq. Şahidi olduq ki, 30 ildən sonra Laçına qayıdan o insanlar yuxuda görə bilmədiklərini həyatda görüblər. Onlar görüblər ki, Laçın elə həmin Laçındır. Sadəcə olaraq, erməni faşistləri o gözəl və qədim məkanın çox  yerini dağıdıb, xaraba qoyublar. Onların xaraba qoyduqları, yandırdıqları, dağıtdıqları evləri, sosial obyektləri və bürün infrastrukturu Azərbaycan dövləti qısa zamanda yenidən tikdi və əhalinin istifadəsinə verdi. 

...Hələ Laçına bundan sonra nə qədər insan, nə qədər köç gələcək. Onlar da yeni tikilən və tikiləcək evlərdə məskunlaşacaq və rahat nəfəs alacaqlar. Sadəcə olaraq, bir balaca səbirli olmaq lazımdır. Çünki mərhələ-mərhələ bütün insanlar öz yurdlarına dönəcəklər... 
   

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.