30 May 2025 16:44
273
ELM VƏ TƏHSİL

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına mayın 11-də keçirilən qəbul imtahanının (II cəhd) yekun nəticələrini elan edib.

Adalet.az xəbər verir ki, yekun nəticələr haqqında məlumatı, həmçinin mobil operaorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.

İmtahanda 3 nəfər 95.5 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.

Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.

İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcək).

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 3 iyun 2025-ci il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2 iyun saat 10:00-dan 3 iyun saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.

Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq.