31 May 2025 18:40
332
SİYASƏT

Azərbaycan və Pakistan XİN başçıları ECO Zirvəsinin təfərrüatlarını müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Darla Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvəsini müzakirə edib.

Adalet.az xəbər verir ki, bu barədə Pakistanın xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.

“Baş nazirin müavini – xarici işlər naziri, senator Məhəmməd İshaq Dar bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparıb”, – məlumatda qeyd olunub.

Bildirilib ki, telefon danışığı əsnasında Pakistanın baş diplomatı “bu həftənin əvvəlində Azərbaycana səfəri zamanı göstərilmiş səmimi qonaqpərvərliyə görə xarici işlər nazirinə təşəkkür edib”.

“Hər iki lider 2025-ci ilin iyul ayının əvvəlində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvəsinin təfərrüatlarını, iştirakçılarını və mexanizmlərini müzakirə ediblər”, – press-relizdə diqqətə çatdırılıb.

Xatırladaq ki, ECO-nun 17-ci Zirvəsi 3-4 iyul tarixlərində Xankəndi şəhərində keçiriləcək.

Bizim Telegram kanalımıza abunə olun