Məhəmməd Əminin cırıq ayaqqabıları... - Aqşin Yenisey yazır
Məhəmməd Əmin Rəsulzadə "Qafqaz xatirələri"ndə 1920-ci ilin qışını Moskvada cırıq ayaqqabılarda keçirdiyini yazır.
Rəsulzadəni ayaqyalın görən bir rus arvad ona "Valenka" deyilən keçə çəkmə borc veribmiş. Məhəmməd Əmin qar donanda o keçə çəkmələri, əriyəndə isə qalın yun corabın üstündən cırıq "çüst" ayaqqabılarını geyinib gedirmiş "Rumyansev kitabxanasına" Azərbaycan haqqında araşdırma aparmağa.
Nəhayət, qışın son günlərində ABŞ fəhlələri sovet fəhlələrinə bir gəmi ayaqqabı göndərirlər və Rəsulzadə cibində olan sonuncu və dəyərsiz qızıl pulun üstünə bir ədəd iynə, bir qom tikiş sapı və bir çimdik duz qoyub o gəmidən bir cüt ayaqqabı ala bilir.
Məhəmməd Əmin özünü demokratik artistliyə vursaydı, bəlkə də, ayaqqabını ABŞ fəhləsindən yox, ABŞ konqresindən alardı, həm də «bir ədəd iynə, bir qom tikiş sapı və bir çimdik duz” ödəmədən. Əslində elə indi də xalis demokratik düşüncə daşıyıcıları cırıq ayaqqabı ilə dolaşırlar öz məmləkətlərində.
Bunun əsl səbəbi isə yüz il keçməsinə baxmayaraq, Azərbaycan insanın bu gün də xalqı təmsil etməsidir. Demokratiya isə xalqı millətə çevirən ağır intellektual prosesin nəticəsidir.
Xalq özünün millət mərhələsinə, yəni məsələn, adət-ənənədən qanuna, şifahi ədəbiyyatdan yazılı ədəbiyyata, zahiri təmtəraqdan daxili kübarlığa, qəhrəmanlıqdan peşəkarlığa və s. keçməyibsə onun demokratiyası meymunun kostyum geyinməsi kimi bir şey olacaq. Bu gün Azərbaycanda söz və fikir azadlığı filosofu söymək üçün pusqudadır. İnsan haqları Azərbaycanda imtiyaz, mandat, qarın davası aparır və s. Niyə? Çünki biz hələ də xalqıq, millət deyilik. İntellektual zəhmət tələb edən o möhtəşəm millətləşmə mərhələsini keçməmişik. Millət olanda bugünkü demokratik davranışlarımıza baxıb xəcalət çəkəcəyik. Necə ki, mən indi yüz il əvvəl yanlış olaraq millət olmağı yuxusunda belə görməyən xalqa tezbazar demokratiya verib özü ayaqyalın qalan Məhəmməd Əminin cırıq ayaqqabılarına baxıb xəcalət çəkirəm.