26 Sentyabr 2024 10:26
152
MƏMLƏKƏT

Mehriban Ələkbərzadə: "Qarabağ bizim onurğa sütunumuzdur" - VİDEO

"Qarabağ bizim onurğa sütunumuzdur. Bu gün biz bu ərazilərin torpaqdan yurda çevrilməsinin şahidiyik. Qayıdış sevgi ilə həyata keçirilir. Bu sadəcə nə vaxtsa yaşadığın torpaqlara qayıdış deyil, bu yurduna qayıdışıdır, doğma yurdunda ocaq yandırmaq həsrəti idi. Biz orada əbədi olacağıq”.

Adalet.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, teatr və kino rejissoru Mehriban Ələkbərzadə deyib. Onun fikrincə, işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı yenidən doğulmağa bərabərdir. 

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır. Hazırlanmış materiallarda keçmiş məcburi köçkünlərin böyük sevinc və qürur hissi ilə, könüllü şəkildə doğma yurdlarına qayıdışı fikirləri təşviq olunur. 

Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik.